Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub.
Müasir dünyada regional təhlükəsizlik dövlətlərin xarici və daxili siyasətində əsas prioritetlərdən biri hesab olunur. Xüsusilə mürəkkəb geosiyasi şəraitdə yerləşən ölkələr üçün təhlükəsizliyin təmin edilməsi, sabitliyin qorunması və sülhün möhkəmləndirilməsi strateji əhəmiyyət daşıyır. Azərbaycan da uzun illər regionda baş verən münaqişə və gərginliklər fonunda milli təhlükəsizliyin qorunmasına və ərazi bütövlüyünün təmin olunmasına xüsusi diqqət yetirmişdir. Bu baxımdan ölkənin həyata keçirdiyi siyasət yalnız hərbi və siyasi amillərlə deyil, həm də beynəlxalq hüququn prinsiplərinə əsaslanan yanaşma ilə xarakterizə olunur.
Son illərdə regionda yaranan yeni geosiyasi reallıqlar sülh və əməkdaşlıq üçün yeni imkanlar açmışdır. Azərbaycanın məqsədi yalnız öz təhlükəsizliyini təmin etmək deyil, həm də regionda uzunmüddətli sabitlik və inkişaf üçün əlverişli mühit yaratmaqdır. Bu istiqamətdə ölkə müxtəlif beynəlxalq platformalarda dialoqu və əməkdaşlığı təşviq edən təşəbbüslərlə çıxış edir, qlobal müzakirələrdə fəal iştirak edir. Belə platformalardan biri də müxtəlif ölkələrin siyasi liderlərini, ekspertlərini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirən Qlobal Bakı Forumudur.
2026-cı il martın 12-də keçirilən XIII Qlobal Bakı Forumunda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regional təhlükəsizlik məsələsinə toxunaraq mühüm fikirlər səsləndirmişdir. Cənab Prezident İlham Əliyev qeyd etmişdir: “Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Çünki mən Bakıda bir çox forumlardakı çıxışlarımda qeyd etmişəm ki, işğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Xoşbəxtlikdən, biz artıq sülh şəraitində yaşayırıq, hələlik cəmi yeddi aydır. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Bizə gəldikdə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünü müdafiə hüququ çərçivəsində həyata keçirdik.”
Bu fikirlər Azərbaycanın təhlükəsizlik siyasətinin mahiyyətini aydın şəkildə ifadə edir. Dövlətin əsas məqsədi beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq milli maraqları qorumaq, eyni zamanda regionda sülhün və qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verməkdir. Regional təhlükəsizliyin təmin olunması yalnız bir ölkənin deyil, bütövlükdə region dövlətlərinin qarşılıqlı etimadı və əməkdaşlığı sayəsində mümkün ola bilər. Azərbaycanın həyata keçirdiyi siyasət regional sabitliyin möhkəmləndirilməsinə yönəlmiş strateji yanaşmanı əks etdirir. Sülhün qorunması, təhlükəsizliyin təmin edilməsi və beynəlxalq hüquqa hörmət prinsipləri ölkənin gələcək inkişafının əsas istiqamətlərindən biri olaraq qalır. Bu yanaşma isə regionda daha sabit və təhlükəsiz mühitin formalaşmasına xidmət edir.
Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru






















