25 il Prezident Administrasiyasına rəhbərlik etmiş keçmiş PA rəhbəri Ramiz Mehdiyev barəsində istintaq prosesi sürətlə davam edir. Hazırda ona 4 aylıq ev dustaqlığı tədbiri seçilib. Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham olunur.
Uzun illər dövlət strukturlarında gizli şəbəkə kimi fəaliyyət göstərmiş Ramiz Mehdiyev klanına qarşı aparılan istintaq artıq yeni mərhələyə daxil olub. Onun həyat yoldaşı, gəlini, ona yaxınlığı ilə tanınan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev vəzifələrindən azad edilib.
Sosial şəbəkələrdə bu addımlar geniş rezonans doğurub. Əksəriyyət dövlət tərəfindən atılan bu addımları yüksək qiymətləndirir. Çünki dövlətə xəyanət edən istənilən şəxs, bu işdə əli olanlar cəzalandırılmalıdır. Dövlətin bu günü, gələcəyi üçün bu addımlar mütləq atılmalıdır ki, atılır da. Doğrudur, istintaq hələ davam edir, detallar tam aydın deyil, ancaq indiyə qədər açıqlanan faktlar çox şey deyir.
Yuxarıda da qeyd etdiyimiz kimi, ötən həftə Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva da vəzifəsindən azad edildi.

Nigar Mehdiyeva
Sosial şəbəkələrdə Nigar Mehdiyeva ilə bağlı fərqli mövqelər diqqət çəkir. Onun öz sahəsinin peşəkarı olduğu, xeyli onkoloji xəstəyə yardım etdiyi bildirilir. Jurnalist Fəxriyyə Abdullayeva yazır:
“2019-cu ilin payızı idi. Qardaşımın yoldaşının sinəsində şiş aşkarlandı. Çox həyəcanlı idik, analizlər, uzi, mammoqrafiya… Bir neçə onkoloqla məsləhətləşdik. Nəticədə tanınmış onkoloq əməliyyatı üstləndi, əməliyyata gənc həkim xanım da qatıldı. Əməliyyat uğurla keçdi, sonrakı 4-5 il ərzində xəstəmizə daim nəzarət edildi, heç bir ödəniş alınmadı. Sonradan öyrəndik ki, həmin həkim klinikanın direktoru Nigar Mehdiyevadır – Ramiz Mehdiyevin gəlini”.
Buna baxmayaraq, Nigar Mehdiyevanın peşəkarlığı klanın illərlə qorunan nüfuz dairəsini dəyişmir. Ekspertlər bildirir ki, istintaq yalnız fərdi şəxslərə qarşı deyil, dövlət resurslarının qanunsuz mənimsənilməsinin tam ifşasına yönəlib.
Musavat.com xəbər verir ki, Ramiz Mehdiyev və ətrafının istintaqı davam edir və növbəti həftələrdə klanın daha çox üzvlərinin adı açıq şəkildə gündəmə gələcək. İctimaiyyət diqqət edir ki, dövlət strukturlarında illərlə möhkəmlənmiş köhnə klan dayaqları tədricən çökür və Azərbaycan siyasətində yeni şəffaf idarəçilik dövrü başlayır.
Musavat.com


























