Quba qırğınları.
1918-ci il may ayının 1-də türklərə qarşı törətdikləri vəhşilikləri ilə məşhurlaşmış erməni-daşnak zabiti Hamazaspın komandanlığı altında yalnız ermənilərdən ibarət 3 minlik hərbi birləşmələr üç tərəfdən Quba şəhərinə daxil oldular. Bu hadisədən bir müddət sonra Quba şəhər polis idarəsinin rəisi öz raportunda belə yazacaq: “Fövqəladə Təhqiqat Komissiyasına bildirirəm ki, Quba şəhərinin I hissəsinin ərazisində erməni quldurları tərəfindən yaralanan və şikəstedilənlər yoxdur və ola da bilməz, çünki onlar çox sərrastatırdılar və bir güllə əvəzinə 40-50 güllə işlədirdilər. Bundan əlavə onlar qabaqlarına çıxan hər kəsi xəncərlə doğrayır, ölənə qədər tüfəngdən atəşə tutur, öldürəndən sonra isəmeyitləri eybəcər hala salırdılar.”Qeyd etmək lazımdır ki, bu hadisələr ərəfəsində Qubada şəhər başçısı və aşağı inzibati orqanlardan savayı hər hansı hakimiyyət mövcud deyildi. Həmin vaxt qəza komissarı Əli bəy Zizikski Bakıda və Şamaxıda mart hadisələrindən dərhal sonra öz hərbi dəstələri ilə Qubadan çaxaraq Dağıstandan azərbaycanlıların köməyinə gəlmiş Nəcməddin Qotsinskinin dəstələri ilə birlikdə artıq Bakının girəcəyində, Xırdalan yaxınlığında şəhəri və onun müsəlman əhalisini xilas etmək məqsədilə bolşevik-daşnak qoşunları ilə döyüşlər aparırdı. Bakı və Şamaxı hadisələrindən sonra kifayət qədər qorxmuş və “imtina edildiyi halda şəhər yerlə yeksan ediləcək” hədəsi ilə düşünməyə cəmi 2 saat vaxt verilmiş Quba sakinləri ultimatumu qəbul edirdilər və düz 8 gün Sovet hakimiyyəti altında yaşadılar. Bu qısamüddətli hadisə dərhal Bakı bolşeviklərinin qəzetlərində əks olunur və göstərilir ki, aprelin 23-də Qubada, şəhər meydanında təntənəli surətdə Sovet hakimiyyəti elan olunmuş və “zəhmətkeşlər bu hadisəni böyük ruh yüksəkliyi ilə qeyd etmişlər”. Gelovani özünü Qubanın qəza komissarı elan edir. Lakin, sanki tarixən yaranmış ənənələrə uyğun olaraq, yenə də dağlılar – yeni hakimiyyəti qəbul etməyən və tanımayan ətraf kənlərin ləzgi əhalisi hadisələrə müdaxilə edir. Qubada Sovet hakimiyyətinin 9-cu günü şəhərin yəhudi məhəlləsi tərəfindən əsasən ləzgilərdən ibarət dəstələrin silahlı hücumu başlanır. Gelovaniyə Xaçmazdan 2 topla birlikdə Ağacanyanın rəhbərlik etdiyi və yalnız ermənilərdən ibarət olan 150 nəfərlik hərbi dəstək gəlir. Üç gün davam edən şiddətli döyüşlərdən sonra ləzgi dəstələri bolşeviklərin ilk “komandasını” Qubadan qovub çıxarırlar. Ləzgilərin “azadlıq” əməliyyatının təşəbbüskarlarının kim olduğunu müəyyən etmədən bolşevik – erməni hərbçiləri həmin günlər guya ləzgiləri qarşılamağa çıxmış 27 nəfər Quba şəhər sakinini güllələyirlər. Hadisələrin sonrakı gedişi göstərdi ki, qubalılara dinc yaşamaq üçün cəmi iki həftəlik fasilə verilibmiş. 1918-ci ilin may ayının 1-də Hamazaspın komandanlığı altında 3 minlik erməni ordusu üç tərəfdən Quba şəhərinə daxil olaraq onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutur. Dəhşətli çaxnaşma və təlaş başlanır. Elə birinci gün, şəhərin aşağı hissəsində əksəriyyəti qadın və uşaqlar olan, 715 müsəlman öldürülür. İkinci gün şəhərin 1-ci və 2-ci hissələrində, 1012 nəfər – əksəriyyəti şəhərin kasıb təbəqəsindən və iranlı təbəələrdən ibarət olan kişilər qətlə yetirilirlər. Hamazaspın dəstələrinin hər hansı bir siyasi vəzifə – yeni hakimiyyətin qurulması deyil, sırf cəza missiyasını yerinə yetirdiyi şəhər sakinlərində heç bir şübhə doğurmurdu: “Ermənilər elə ilk hücum vaxtı müsəlmanları, qadın və uşaqları amansızlıqla və qəddarlıqla öldürməyə başladılar. Onlar küçələrdə və meydanlarda olanların hamısını qətlə yetirdikdən sonra, evlərə soxularaq, südəmər körpələrə belə rəhm etmədən, bütöv ailələri qırırdılar. Bundan əlavə, ermənilər müsəlmanların qızılını, pulunu və qiymətli əşyalarını əllərindən alaraq, qarət edirdilər. Bu azmış kimi, onlar evləri və mağazaları yandırmağa başladılar. Yığışdırılmamış meyitlər küçələrdə, evlərdə qalmışdı və çürüyürdü”. 2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci il may ayında Qubanın müsəlman əhalisinin soyqırımına məruz qalmasının əyani sübutu oldu. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı əsasında Heydər Əliyev Fondu tərəfindən aşkar edilmiş kütləvi məzarlığın yaxınlığında “Quba Soyqırımı memorial kompleksi” inşa edildi. 2013-cü il 18 sentyabr tarixdə açılan bu muzey-abidə yalnız Quba qırğınlarının deyil, 1918-ci il Azərbaycanın bütün ərazisində azərbaycanlı-müsəlman əhalisinə qarşı erməni milli-hərbi birləşmələri tərəfindən törədilmiş faciələrin bu gün Azərbaycan xalqı tərəfindən unudulmadığının və soyqırımı qurbanlarının xatirəsinin əziz tutulduğunun bariz nümunəsidir.
Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi Zümrüd Nərimanlı.



















