Ölkələrimiz beynəlxalq aləmdə hər zaman bir-birilərinə dəstək verirlər
2025-ci il oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanat vermiş və Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasında çıxış etmişdir. Prezident cənab İlham Əliyev çıxışında vurğulamışdır ki, Qazaxıstan inkişaf edir və güclənir. Cənab Prezident qeyd etmişdir ki, Prezident Kasım-Jomart Kemeleviç Tokayevin müdrik rəhbərliyi ilə Qazaxıstanda həyata keçirilən islahatlar, modernləşdirilmə və süni intellektin inkişafı sahəsində aparılan işlər ölkənin tərəqqi yolunda inamla irəlilədiyini göstərir.
Həmçinin Cənab Prezident bildirib ki, Qazaxıstan beynəlxalq aləmdə etibarlı tərəfdaş və yaxşı dost olaraq tanınır. Azərbaycan-Qazaxıstan münasibətləri, xüsusilə Azərbaycanın işğal dövründə beynəlxalq platformalarda dəstəklənməsi və Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi prinsiplərə uyğun həllinə göstərilən kömək bu qardaşlığın nümunəsidir. Cənab Prezident həmçinin vurğulamışdır ki, Azərbaycan və Qazaxıstan xalqları çoxəsrlik mənəvi və mədəni köklərə əsaslanan dostluq və qardaşlıq münasibətləri ilə birləşir. Son illərdə aparılan qarşılıqlı səfərlər və görüşlər iki ölkə arasında münasibətlərin intensiv xarakter daşıdığını, sahə nazirlikləri və dövlət qurumları səviyyəsində fəaliyyətin səmərəli və nəticəyə yönəldiyini göstərir. Ali Dövlətlərarası Şura iclası çərçivəsində müzakirə olunan məsələlər, gələcək əməkdaşlıq planları və qarşılıqlı fəaliyyətin daha da intensivləşdirilməsi ilə bağlı tapşırıqlar Prezident cənab İlham Əliyev tərəfindən xüsusi diqqət altında saxlanılır.
Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

























