image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ea1818cb159221579717273152011111230

Milli qurtuluşa gedən yolun başlanğıcı

image-legitimaz-810x90

Milli qurtuluşa gedən yolun başlanğıcı

Azərbaycan xalqı tarix boyu azadlıq və müstəqillik uğrunda böyük mübarizələr aparıb. XX əsrin sonlarına yaxın dünya siyasi xəritəsində mühüm dəyişikliklər baş verdi. Sovet imperiyasının süqutu, xalqların milli oyanış hərəkatı Azərbaycan üçün də yeni tarixi bir imkan yaratdı. 1991-ci ildə elan edilən müstəqillik böyük sevinclə qarşılandı. Lakin bu müstəqilliyin qorunub saxlanılması heç də asan olmadı.

Ölkədə siyasi sabitliyin pozulması, iqtisadi böhran, Ermənistanın torpaqlarımıza təcavüzü gənc dövlətimizi çətin vəziyyətə salmışdı. Bir tərəfdən daxildə parçalanmalar, digər tərəfdən xarici təhdidlər Azərbaycanın dövlətçiliyini böyük sınaq qarşısında qoymuşdu. Elə bu çətin məqamda xalqımız milli qurtuluş yoluna çıxış axtarmağa başladı. Milli qurtuluşa gedən yol təkcə siyasi hakimiyyət dəyişikliyi deyildi. Bu, Azərbaycan xalqının öz taleyinə sahib çıxmaq, dövlətçiliyini qorumaq və möhkəmləndirmək uğrunda birləşməsi idi. Bu ideya xalqı parçalanmaqdan xilas etdi, millətin özünə inamını qaytardı. Həmin dövrdə qəbul edilən strateji qərarlar Azərbaycan dövlətçiliyinin təməllərini daha da möhkəmləndirdi.

O  dövrdə cəmiyyətimiz ağır durumda olan Azərbaycanın nicatının Heydər Əliyev ideyalarında olduğunu aydın dərk edirdi. Bu fikrin ən sadə izahı kimi müstəqilliyin ilk illərində xalqımızın başına gətirilən müsibətləri bir daha yada salmaq kifayətdir. Əgər o vaxt sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan qanlı faciələri görməz, xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlətimizin başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.

Qüdrətli Azərbaycan dövlətinin əsasını təşkil edən bu yolun başlanğıcı, əslində, milli birliyin təcəssümü idi. Müstəqilliyin qorunması, iqtisadi inkişafın bərpası, beynəlxalq əlaqələrin genişləndirilməsi və hər şeydən önəmlisi – milli maraqların müdafiəsi həmin illərdə formalaşan siyasi xəttin nəticəsidir.

Bugünkü Azərbaycan artıq regional və qlobal miqyasda söz sahibi olan güclü bir dövlətə çevrilib. Bu möhkəm təməllər olmasaydı, iqtisadi yüksəliş, güclü ordu, siyasi sabitlik və beynəlxalq nüfuz da əldə olunmazdı. Xalqımızın keçdiyi milli qurtuluş yolu həm tarixi dərs, həm də gələcək nəsillər üçün örnəkdir.

Milli qurtuluş, əslində, Azərbaycanın taleyini dəyişən bir başlanğıc oldu. Həmin yol üzərində ucalan müasir, müstəqil və qüdrətli Azərbaycan dövləti bu gün də inkişafını davam etdirir, xalqımıza daha firavan gələcək vəd edir.

Zərdab şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Ruxsarə Ağayeva 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki