image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-whatsapp-image-2026-04-10-at-09_47_11

Həqiqətin səsi və yalanın kölgəsi: İnformasiya müharibəsində cəmiyyətin sınağı

image-legitimaz-810x90

Müasir dövrdə informasiya yalnız məlumat ötürmə vasitəsi deyil, eyni zamanda ictimai rəyə təsir edən, cəmiyyətin düşüncə istiqamətini müəyyənləşdirən güclü bir alətə çevrilmişdir. Xüsusilə sosial şəbəkələrin geniş yayılması fonunda hər bir fərdin çıxışı, paylaşdığı görüntü və ya səsləndirdiyi fikir qısa zaman ərzində geniş auditoriyaya çataraq ictimai müzakirə predmetinə çevrilir. Lakin bu sürətli informasiya axını içərisində həqiqətlə yalanın sərhədləri bəzən bilərəkdən qarışdırılır və bu da cəmiyyət üçün ciddi təhlükələr yaradır.

İnsan, yaradılış etibarilə ən ali varlıq hesab olunur. Ona verilən ağıl və düşünmə qabiliyyəti isə doğru ilə yanlışı ayırd etmək üçün əsas vasitədir. Bu baxımdan müqəddəs Qurani-Kərim yalnız dini kitab deyil, həm də insanın həyatını düzgün istiqamətləndirən mənəvi və etik bələdçi rolunu oynayır. Lakin təəssüf doğuran məqam ondan ibarətdir ki, bu dəyərlərdən uzaqlaşma, həm fərdi, həm də ictimai səviyyədə yanlış qərarların və qeyri-obyektiv yanaşmaların artmasına səbəb olur.

Cəbrayıl rayonunun Horovlu kəndində baş verən son hadisə bu baxımdan tipik nümunə kimi qiymətləndirilə bilər. Belə ki, kənddə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri yerli sakinlər tərəfindən müsbət qiymətləndirildiyi halda, ayrı-ayrı şəxslərin həqiqəti əks etdirməyən çıxışları ictimaiyyətə təqdim edilmişdir. Xüsusilə “Kamal Quliyev” adlı şəxsin əvvəlcə səsləndirdiyi iddialar, daha sonra isə təkzib xarakterli çıxışı göstərir ki, informasiya bəzən qeyri-obyektiv və emosional vəziyyətdə təqdim olunur.

Pressline.az-ın məlumatına görə, həmin şəxsin ilkin çıxışı zamanı qeyri-adekvat vəziyyətdə olması, səsləndirdiyi fikirlərin etibarlılığını daha da şübhə altına alır. Bu isə onu göstərir ki, bəzi hallarda fərdi məsuliyyətsizlik daha geniş miqyaslı dezinformasiya dalğasına səbəb ola bilir. Belə hallar yalnız bir şəxsin reputasiyasına deyil, ümumilikdə görülən işlərin ictimai qiymətləndirilməsinə mənfi təsir göstərir.
Digər tərəfdən, bu cür hadisələrin sürətlə sosial şəbəkələrdə yayılması və bəzi qruplar tərəfindən məqsədli şəkildə tirajlanması, informasiya müharibəsinin elementlərini açıq şəkildə nümayiş etdirir. Burada əsas məqsəd obyektiv reallığı təqdim etmək deyil, əksinə, müsbət inkişaf proseslərini kölgə altına almaq, ictimai inamı sarsıtmaqdır. Bu isə artıq fərdi məsələ olmaqdan çıxaraq siyasi və ideoloji müstəviyə keçir.

Maraqlı məqam ondan ibarətdir ki, eyni kənddə onlarla sakinin məmnunluq ifadə etdiyi, aparılan işləri yüksək qiymətləndirdiyi faktlar geniş diqqət çəkmədiyi halda, tək bir neqativ və əsassız çıxışın qabardılması selektiv yanaşmanın bariz nümunəsidir. Bu yanaşma isə göstərir ki, bəzi dairələr üçün həqiqət deyil, manipulyasiya daha önəmlidir. Azərbaycanın son illərdə həyata keçirdiyi quruculuq və bərpa siyasəti, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan işlər dövlətin strateji prioritetlərinin əsasını təşkil edir. Bu siyasətin nəticələri artıq konkret yaşayış məntəqələrində, o cümlədən Horovlu kəndində özünü aydın şəkildə göstərməkdədir. Lakin bu inkişafı qəbul etməyən və ya müxtəlif səbəblərdən buna qarşı çıxan qüvvələrin mövcudluğu da danılmaz faktdır. Belə bir şəraitdə cəmiyyətin üzərinə düşən əsas vəzifə informasiya mənbələrinə tənqidi yanaşmaq, yayılan hər bir məlumatı analiz etmək və emosional deyil, rasional qərarlar verməkdir. Çünki həqiqət yalnız görmək istəyənlər üçün deyil, onu axtaranlar üçün aşkar olur.

Nəticə etibarilə, Horovlu kəndində baş verən bu hadisə təkcə lokal bir insident kimi deyil, daha geniş kontekstdə – informasiya təhlükəsizliyi, ictimai şüurun formalaşması və sosial məsuliyyət prizmasından qiymətləndirilməlidir. Həqiqətin qorunması isə yalnız dövlətin deyil, hər bir fərdin üzərinə düşən mənəvi borcdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki