Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur
Prezident cənab İlham Əliyev 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü. Mükafatın Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan – “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilməsi Azərbaycanın sülh gündəliyinin dünya tərəfindən qəbul edilməsinin təsdiqidir. 2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib. Bu il “Zayed İnsan Qardaşlığı Mükafatı” Komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçdi. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur.
Prezident İlham Əliyev çıxışında bir daha dünya ictimaiyyətinə çağırışı etdi. Bildirib ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür. Bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirildi.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun, Prezident İlham Əliyevə böyük etimadın təqdimatı olan hər bir mühüm addım dünənimizə və bugünümüzə baxış keçirməyi bir zərurət kimi qarşıya qoyur. Tarixi Zəfərimizdən, suverenliyimizin tam bərpasından sonra bu kimi mühüm addımlar, qərarlar davamlılığı ilə diqqətdədir. Otuz il işğal altında qalan torpaqlarını 44 gündə işğalçılardan təmizləməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etməsi Azərbaycanın malik olduğu imkanların, ən əsası ədalətə və beynəlxalq hüquqa söykənən məqsədyönlü siyasətinin nəticəsidir. Azərbaycan hər zaman dünyaya sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarını edib və bunu sözdə deyil, əməldə təsdiqləyir. Yerləşdiyi coğrafi məkana görə ölkələri, xalqları bir araya gətirən Azərbaycan, eyni zamanda, beynəlxalq arenada qlobal problemlərin həllinə böyük töhfələr verən ölkə kimi tanınır.
Zülfiyyə Əhmədova – Zərdab şəhər 3 nömrəli tam orta ümumutəhsil məktəbinin direktoru




















