Enerji sahəsində əməkdaşlığımızın digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır və onun böyük potensialı var.
Müasir dövrdə enerji təhlükəsizliyi və bərpaolunan enerji mənbələrinin inkişafı qlobal gündəliyin ən mühüm məsələlərindən biridir. İqlim dəyişiklikləri ilə mübarizə, enerji mənbələrinin şaxələndirilməsi və dayanıqlı inkişaf məqsədləri ölkələri alternativ enerji sahəsinə daha çox investisiya yatırmağa sövq edir. Bu baxımdan Azərbaycan həm ənənəvi enerji resurslarının ixracatçısı, həm də bərpaolunan enerji potensialına malik ölkə kimi beynəlxalq əməkdaşlıqda mühüm rol oynayır.
2026-cı il martın 11-də İlham Əliyev ilə Antonio Costa arasında keçirilən görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Səfər çərçivəsində tərəflər enerji təhlükəsizliyi, yaşıl enerji layihələri və yeni enerji infrastrukturunun qurulması kimi məsələlərə xüsusi diqqət yetirmişlər. Azərbaycan artıq uzun illərdir Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi tanınır və bu əməkdaşlıq yeni istiqamətlər üzrə genişlənməkdədir.
Son illərdə ölkədə bərpaolunan enerji sahəsində böyük layihələr həyata keçirilir. Günəş, külək və su elektrik enerjisi üzrə mövcud potensialın reallaşdırılması məqsədilə beynəlxalq şirkətlərlə əməkdaşlıq genişlənir, yeni elektrik stansiyaları və enerji ötürmə xətləri tikilir. Azərbaycanın coğrafi və iqlim şəraiti xüsusilə Günəş və külək enerjisi üçün əlverişli imkanlar yaradır. Bu isə ölkənin yalnız daxili enerji tələbatını qarşılamaqla kifayətlənməyib, gələcəkdə yaşıl enerjinin ixracatçısına çevrilməsi üçün geniş perspektivlər açır. Cənab Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə birgə bəyanatında bu məsələyə toxunaraq qeyd etmişdir: “Biz külək, Günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırırıq. Planımız beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır. Bir sözlə, hazırda biz Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq. Bizim burada 300-dən çox günəşli günümüz olur və ola bilsin, küləkli günlər daha çoxdur. Təsəvvür edə bilərsiniz ki, külək və Günəş enerjisinin burada böyük potensialı var. Əlbəttə, biz daha sıx işləməyə çalışırıq, çünki Avropa qitəsinə daxil olmazdan əvvəl, siz bütün tranzit razılaşmaların icrası məqsədilə bir çox ölkələrlə işləməlisiniz.” Bu fikirlər Azərbaycanın gələcək enerji strategiyasının əsas istiqamətlərini göstərir. Xüsusilə yaşıl enerji layihələrinin inkişafı və Avropaya enerji ixracı üçün yeni infrastrukturların yaradılması ölkənin beynəlxalq enerji bazarındakı rolunu daha da gücləndirəcəkdir. Eyni zamanda bu əməkdaşlıq Avropanın enerji mənbələrinin şaxələndirilməsi və dayanıqlı enerji siyasətinin həyata keçirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Beləliklə, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Bərpaolunan enerji layihələrinin genişləndirilməsi və müasir enerji infrastrukturunun qurulması həm regional enerji təhlükəsizliyinə, həm də qlobal iqlim məqsədlərinə töhfə verəcəkdir. Bu proses Azərbaycanın gələcəkdə yaşıl enerji ixrac edən aparıcı ölkələrdən birinə çevrilməsi üçün də mühüm zəmin yaradır.
Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru























