Dinc əhaliyə qarşı törədilmiş cinayətlər
XX əsrin əvvəllərində Cənubi Qafqazda cərəyan edən mürəkkəb hərbi-siyasi proseslər fonunda Azərbaycan xalqı bir neçə dəfə kütləvi qırğınlara və etnik təmizləməyə məruz qalmışdır. Bu faciələrin ən qanlı və genişmiqyaslısı 1918-ci ilin mart-aprel aylarında Bakı Kommunası və Erməni Daşnaksütun partiyasının silahlı birləşmələri tərəfindən törədilmiş mart soyqırımıdır. Bu hadisə sadəcə hakimiyyət uğrunda mübarizə deyil, bir xalqın fiziki məhvinə və tarixi torpaqlarından sıxışdırılıb çıxarılmasına yönəlmiş sistemli bir cinayətdir. 1917-ci ilin oktyabr çevrilişindən sonra Rusiyada yaranmış hakimiyyət boşluğu və bolşeviklərin Bakıda möhkəmlənmək cəhdləri bölgədəki gərginliyi artırdı. Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Soveti öz siyasi hegemonluğunu təmin etmək üçün “Müsavat” partiyasının sosial bazasını zəiflətməyə və Azərbaycanın müstəqillik ideyalarını beşiyindəcə boğmağa çalışırdı. Bu məqsədlə bolşeviklər öz hərbi qüvvələrini “Daşnaksütun” partiyasının silahlı dəstələri ilə birləşdirdilər. Elmi ədəbiyyatda bu ittifaqın “Azərbaycanın sovetləşdirilməsi” pərdəsi altında milli qırğın törətmək planı olduğu sübuta yetirilmişdir. Soyqırımı 1918-ci il martın 30-da Bakı şəhərində başladı. İlk mərhələdə şəhərin müsəlman məhəllələri hücuma məruz qaldı. Martın 31-dən aprelin 2-dək davam edən qırığınlar zamanı Bakıda 12 mindən çox dinc sakin öldürüldü. Erməni silahlıları yaşlılara, uşaqlara, qadınlara qarşı görünməmiş qəddarlıq nümayiş etdirdilər. Şəhərin memarlıq inciləri sayılan “İsmailiyyə” binası yandırıldı, “Açıq söz”, “Kaspi” qəzetlərinin redaksiyaları dağıdıldı, Təzəpir məscidinin minarələri zədələndi. Faciə təkcə Bakı ilə məhdudlaşmadı. Aprel ayı ərzində S. Lalayev və T. Əmirovun rəhbərlik etdiyi cəza dəstələri Şamaxı və Quba qəzalarında dəhşətli qırğınlar törətdilər. Şamaxıda 86 kənd dağıdıldı, 7 azərbaycanlı qətlə yetirildi. Şamaxıda qətlə yetirilənlərdən 1653 nəfəri qadın, 965 nəfəri uşaq olmuşdur. Qubada isə Hamazaspın rəhbərlik etdiyi “cəza ekspedisiyası” 122 kəndi yerlə-yeksan etdi. 2007-ci ildə Quba şəhərində aşkar edilən kütləvi məzarlıq bu vəhşiliyin ən bariz maddi sübutudur. Məzarlıqda 500-dək insan kəlləsi var. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aiddir. Bu faciə zamanı Salyanda 2000 nəfər, Lənkəranda isə 2000 nəfərdən çox insan qətlə yetirilmişdir. Stepan Şaumyanın Moskvaya göndərdiyi məktubda biz müsəlmanların şəhərlərini xarabalığa çevirdik qeyd olunurdu. Beynəlxalq hüquq normalarına, xüsusən BMT-nin 1948-ci il “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırılma haqqında” Konvensiyasına əsasən, mart hadisələri tam mənası ilə soyqırımı aktıdır. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il mart ayının 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Əlvənd kənd tam orta məktəbin direktoru E. Xəlilov


















