image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-36d8f41e-5604-4772-9efc-3591289466e5

DEPUTATLAR PREZİDENTƏ və Hakimiyyətə ÇAĞIRIŞ ETDİ

image-legitimaz-810x90
Milli Məclis üzvləri hökuməti vətəndaşların pozulmuş huquqlarının bərpasına çağırırlar

Ulu Öndər Heydər Əliyevin xalqa vədinə və qanunun aliliyinə inanıb özəlləşdirmə çeklərini ümidlə saxlayan vətəndaşlar (686 iddaçı və 3500-dən çox 3-cü şəxs) 2024-2025-ci illərdə Bakı İnzibati Məhkəməsinə, sonradan Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə ərizə ilə müraciət edib. Lakin məhkəmələr qanunları və Konstitusiyanı pozaraq işi araşdırmaqdan imtina edib.

Gəlin QANUNLA olan normalara baxaq:

İddia ərizəsinin predmetini mülkiyyət hüququnun pozuntusu təşkil edir və bu pozuntulara iddia müddəti şamil olunmur. Məhz Mülki Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri – iddia müddətinin şamil edilmədiyi tələblərdən biridir. Bu norma imperativ normadır.

Bundan başqa “İnzibati icraat haqqında” Qanunun 67.11-ci maddəsində deyilir ki, “maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır”.

Məhz həmin elan dərc olunandan sonra 1 illik kompensasiya tələb edilmə müddəti işləməyə başlayır. Lakin məlum olduğu kimi, bu barədə qanunla imperativ qaydada tələb edilən elan mətbuatda dərc olunmayıb. Hətta, 2017-ci ildə Qanunla özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmasına cavabdeh dövlət orqanı olan AR Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən rəsmi olaraq bildirilib ki, 75 N-li Fərmanın 1.1 bəndinə uyğun olaraq 01.01.2011-ci ilə qədər özəlləşdirmədə ödəmə-tədiyyə vasitəsi kimi istifadə edilməyən çeklərin dövriyyədən çıxarılması qaydaları hazır olmadığı üçün gələcəkdə dövriyyədən çıxarılacaq. Və bu günə qədər bu barədə heç bir rəsmi ELAN olmayıb.

Başqa bir ifadə ilə 1 illik kompensasiya tələb edilmə müddəti işləməyə başlamadığı kimi, heç 1 illik müddət də bitməyib. Məhkəmələr tərəfindən iddiaçıların 10 və ya 1 illik iddia müddətini ötürdüklərinin qəbul edilməsi – məhkəmənin işi obyektiv və hərtərəfli araşdırmadığını, qanuni və əsaslı məhkəmə qərarı qəbul etmədiyini, ədalətli məhkəmə araşdırması hüququnun və qanunla qorunan mülkiyyət hüququnun pozulduğunu təsdiq edir.

Məhz Ali Məhkəmənin qərarının 51-ci bəndində açıq aydın yazılır ki, “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyədən çıxarılması” Qaydalarının hüquqi normativ akt ilə təsdiqlənməməsi halında, eləcə də, həmin çeklərin dövriyyədə olması qəbul edilsə belə, onların istifadə müddətinin bitməsi barədə maddi hüquqi norması mövcuddur”.

Ali Məhkəmə öz qərarının 51-ci bəndi ilə dövlət özəlləşdirmə çeklərinin (DÖÇ) hələ də dövriyyədə olduğunu inkar etmədi, lakin Mülki Məcəllənin 384.0.5-ci madəsinin xüsusi hüquq norması olduğunu və bu normanın ümumi normadan üstün olduğunu bilə-bilə, vətəndaşlara qarşı ədalətsiz qərar çıxardı.

Bundan başqa, ərizəçilər məhkəmələrə vəsatət ilə bildiriblər ki, 2004-cü ilə qədər heç bir qanunvericilik aktı DÖÇ-lərin tədiyyə (ödəniş) vasitəsi kimi istifadə müddətini məhdudlaşdırmayıb, lakin Ulu Öndər Heydər Əliyevin vəfatından 6 ay sonra PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev və oliqarx məmurların xəyanət və cənab Prezidentin etibarından sui-istifadəsi nəticəsində, 2004-cü ildə qəbul edilən 75 saylı fərman ilə bu müddət məhdudlaşdırıldı. Həmin vaxt və bu gün də qüvvədə olan 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsinə görə, “Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi – manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur”.

Göründüyü kimi, 75 saylı Fərman 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsinə ziddir. Bunun Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılması və işin Konstitusiya Məhkəməsinə göndərilməsi tələb olundu. Lakin məhkəmələr bu ziddiyyəti və onun hüquqi nəticələrini araşdırmadığı kimi, işi Konstitusiya Məhkəməsinə də göndərmədi. Ancaq tək hakimlər deyil, bütün ziyalılar gözəl bilir ki, normativ aktların iyerarxiyası Konstitusiya ilə müəyyən olunub və bu gün qüvvədə olan Özəlləşdirmə Qanununun 10-cu maddəsi ilə çeklər ödəmə vasitəsi olmalıdır – yəni özəlləşdirmə çekləri öz hüquqi quvvəsini itirməyib.

Bu fakt birmənalıdır ki, fərman qanunu ləğv edə bilməz!

Özəlləşdirmə çekləri istifadə edilmədən, 2011-ci ildən sonra milyonlarla dollar dəyəri olan iri müəssisələr özəlləşdirildi. Prosesin bu işdə maraqlı olan və Ramiz Mehdiyevə yaxın oliqarx məmurlar tərəfindən aparıldığı şübhə doğurmur.

Cənab Prezident hüquqşünas deyil. Çox maraqlı haldır ki, bütün deputatlar Qanun maddəsinin Fərmanla dayandırılmasının qanunlara və Konstitusiyaya TAM ZİDD olduğunu bildirirlər – ancaq bu barədə cənab Prezidentə birbaşa Milli Məclis adından müraciət etmirlər.

Bu səbəbdən Ulu Öndər Heydər Əliyevin xalqa vədinə və qanunun aliliyinə inanıb özəlləşdirmə çeklərini ümidlə saxlayan onminlərlə ailə adından Milli Məclisə çoxsaylı müraciətlər edilir. Çek sahiblərinin deputatlara müraciətlərində bildirilir ki, yüzminlərlə vətəndaşın hüquqlarının əlindən alınmasına təcili diqqət yetirilməli və yardım olunmalıdır. Haqqı pozulan vətəndaşlar Milli Məclis üzvlərinə müraciətlərində özəlləşdirmə çeklərinin dövriyyədə ola-ola Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə müddətinin bitməsinin niyə qanunsuz olduğunu hüquqa uyğun şəkildə izah edirlər. Qeyd edilir ki, Milli Lider Heydər Əliyev dəfələrlə AzTV-dən xalqa müraciət edərək Özəlləşdirmə Çeklərini Tədavül vasitəsi kimi satmamağı – onlardan Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə edərək özəlləşdirmədə iştirak etməyi məsləhət görürdu. Hətta deyirdi ki, 10,15 -20 il kecməsindən aslı olmayaraq hər bir vətəndaş öz əmlak payını almalıdır. Deputatlardan xahiş olunur ki, Prezidentə məsələni doğru-düzgün formada çatdırsınlar, Nazirlər Kabinetindən, Konstitusiya Məhkəməsindən, bütün aidiyyəti dövlət orqanlarından vətəndaşların hüquqlarının bərpasını tələb etsinlər.

Milli Məclis üzvləri də vətəndaşların müraciətlərinə reaksiya verir, əhalinin tələbini haqlı sayır, insanların pozulan hüquqlarının bərpasının vacibliyini bəyan edirlər. İndiyədək haqq-ədaləti dəstəkləyən, hökuməti qanunun aliliyinin təmin edilməsinə çağıran və haqlı vətəndaşların mövqeyini müdafiə edən deputatların sayı 60 nəfərdən çoxdur.

AYNA.AZ çek sahiblərinin müraciətlərinə cavab verən bəzi millət vəkillərinin fikirlərindən çıxarışları təkrar təqdim edir.

Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Oruc:

“Hüquqları pozulan vətəndaşların haqlarının bərpası mütləqdir. Özəlləşdirmə payları ilə bağlı dəfələrlə Milli Məclis tribunasından hökumətə təkliflər vermişəm, çağırışlar etmişəm. Milli Məclisin payız sessiyası yeni başlayıb, bu məsələ ilə bağlı fürsət düşən kimi fikirlərimi səsləndirəcəm, dövlətin Ali rəhbərliyinə şağırış edəcəm. Çünki həqiqətən də özəlləşdirmə çekləri ilə bağlı problem qalmaqdadır və burada insan hüquqları pozulmaqda davam edir. Hesab edirəm ki, bu məsələ birdəfəlik həllini tapmalıdır.

Düşünürəm ki, özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması iqtisadi sahədə canlanmaya səbəb olacaq. Azərbaycan müstəqillik qazanandan sonra elan edilmiş özəlləşmə proqramında əhalinin prosesdə iştirakı üçün ümumi mülkiyyəti dəyərləndirildi. Onun 60 faizə qədər hissəsinin özəl sistemə keçiriləcəyi elan olundu və nəticədə vətəndaşlar qeyd etdiyimiz çeklər vasitəsilə onun ifadə etdiyi dəyər mənasında mühüm işlərdə hüquqi cəhətdən iştirak etmək imkanı əldə etdilər. Lakin doğru-düzgün şəkildə istifadə edilmədiyindən nəticədə çeklər yararsız kağız parçasına çevrildi. Ona görə də hökumət tərəfindən onların hüquqi qüvvədə olması müddəti 2012-ci ilə qədər artırıldı. 2015-ci ildən başlayaraq isə bütün verilən qərarlarla çeklər tam olaraq tədavüldən çıxmadı. Onlar yenə də insanların evlərində qalmaqda davam edir, amma dəyərsiz halda.

Bu, yolverilməz haldır. Ədalətli hal o olardı ki, çeklər bütünlüklə əhalidən yığılsın, qarşılığında ədalətli kompensasiya ödənilsin. Bununla ədalət bərpa olunar, əllərində çekləri qalmış vətəndaşların haqları təmin edilər”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa:

“Əllərində qiymətli kağızları, yəni çekləri qalmış insanların problemləri ilə tanışam. Onlar hüquqlarının pozulması iddialarında qanunla haqlıdırlar. Görünən odur ki, bu problemin həllində maraqlı olmayanlar var. Sözügedən problem dəfələrlə qaldırılıb. Mətbuat səhifələrində də, Milli Məclisin iclaslarında da deputat həmkarlarım bu barədə danışıblar, təklif və çağırışlarını səsləndiriblər. Problem həllini tapanadək yəqin ki, təkliflərimizi zaman-zaman səsləndirəcəyik.

Bilirsiniz, vətəndaş ona çatacaq özəlləşmə payından faydalanmaq istəyir və bunun qarşısındakı əngəl aradan qaldırılmalıdır. Vətəndaş üçün faydalı olan istiqamətdə addımlar atılmalıdır. Özü də bu proses şəffaf şəkildə həyata keçirilməlidir. Çox yaxşı olardı ki, çeklər problemi tezliklə aradan qaldırılsın, insanların pozulan hüquqları bərpa olunsun. Bunun da yolu var. Hesab edirəm ki, məsələyə birdəfəlik nöqtə qoyulması üçün müvafiq komissiya yaradılmalıdır. O komissiya tez bir zamanda araşdırma aparmalı, çeklər məsələsi ilə bağlı təkliflərini hazırlamalı və dövlətə təqdim etməlidir. Müvafiq qərarla isə problemə nöqtə qoyulmalıdır”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas:

“Özəlləşdirmə hüququndan istifadə etməyən, yaxud da edə bilməyən vətəndaşların haqqı özünə qaytarılmalıdır. Mənə də müraciətlər edirlər, hökumətə çağırış etməyimi istəyirlər. Dəfələrlə çağırış etmişəm ki, araşdırma aparılsın, həqiqətən də insanların haqqı pozulubsa, müvafiq addım atılsın. Özü də onlar haqlıdırlar. Yadımdadır ki, bir neçə il əvvəl bir vətəndaş dedi: “Aqil müəllim, dövlət mənə Ulu Öndər Heydər Əliyevin vaxtında çek verib, mən də onu uzun illər saxladım. O vaxt çox adam “qara bazar”da satdı, bəziləri çekləri qamarladılar, özəlləşdirmədə istifadə etdilər. Çeklərin qiyməti iki “şirvan”a düşəndə dedilər ki, sat, amma satmadım. Çek müddətsiz olduğu üçün saxladım ki, gələcəkdə özəlləşdirmədə iştirak edərəm. İndi mənə deyirlər ki, bu çekin müddəti bitib, yararsız kağız parçasıdır”. Haqlı olaraq vətəndaş deyir ki, Ulu Öndər tərəfindən verilən, üzərində müddət qoyulmayan qiymətli kağız qiymətsiz ola bilərmi?! Ona görə də, düşünürəm ki, hökumət bu məsələyə bir əncam çəkməlidir, insanımızın pozulan hüququ bərpa olunmalıdır.

Biz hüquqi dövlətdə yaşayırıq, ədalətli dövlətdə yaşayırıq. Belə xırda məsələyə görə qalib dövlətin ədalətinə kölgə düşməməlidir. Özü də mən bilirəm ki, bu məsələnin həlli hökumətin əlində “iki vur ikidir”. Əllərdə qalan çeklər də çox deyil. Onlar ya özəlləşdirmədə iştiraka buraxılmalı, ya da qərar verilməlidir ki, kompensasiya ödənilsin. Düzdür, biz azad Qarabağda, Şərqi Zəngəzurda abadlıq-quruculuq işləri aparırıq, dövlət olaraq maliyyəyə böyük ehtiyacımız var. Amma digər tərəfdən də vətəndaşın haqqını verməliyik. Bir daha aidiyyəti qurumlara, bu işlə məşğul olan şəxslərə çağırış edirəm ki, məsələni müvafiq formada həll etsinlər”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov:

“Özəlləşdirmə paylarının istifadə müddətinin artırılmasına böyük ehtiyac var. Dövriyyəyə buraxılmış çeklərin 80 faizi istifadə olunub, 20 faiz isə istifadə olunmayıb, necə deyərlər, çeklər əllərdə qalıb. Bu isə həmin 20 faiz insanın bir növ, hüquqlarının pozulmasıdır. Mövcud qanunlara görə, bütün özəlləşdiriləcək dövlət əmlakının 65 faizi özəlləşdirmə payı sahibləri olan vətəndaşlara məxsusdur. Amma bundan indi əlində çek olan vətəndaşlar yararlana bilmirlər. Təklif edirəm ki, özəlləşdirmə paylarının yenidən istifadəsi ilə bağlı hökumət tərəfindən müəyyən mexanizmlər işlənib hazırlansın, praktikada həyata keçirilsin.

Məlumdur ki, özəlləşdirmə payları vətəndaşlara dövlət tərəfindən verilib. Bir müddət sonra müəyyən illər ərzində özəlləşdirmə paylarının istifadəsi üçün şərait yaradıldı, amma vətəndaşlardan bir qismi bundan yararlana bilməyib. Düşünürəm ki, çeklərindən istifadə edə bilməyən vətəndaşlar üçün şərait yaradılmalıdır. Özəlləşdirmə çeklərinin yenidən istifadəsinin mümkünlüyü ilə bağlı qanunverici bazaya baxılması mümkündür. Zaman-zaman bu məsələni aidiyyəti orqanlar qarşısında həm iqtisadçılar, həm də hüquqşünaslar qaldırıblar. Milli Məclisdə mən də, həmkarlarım da problemə toxunublar. Sizin saytınız vasitəsilə yenə də çağırış edirəm ki, problemə biganə yanaşılmasın. Gələn ilin dövlət büdcəsi müzakirələrində fürsət yaranarsa, problemi bir daha gündəmə gətirməyə çalışacam. Ümid edirəm ki, hüququ pozulan insanların haqqı özlərinə qaytarılacaq”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev:

“Vətəndaşın haqları özlərinə qaytarılmalıdır. Bu məsələ ilə bağlı bir neçə il əvvəl hökumətə çağırış etmişəm. Təəssüf ki, bu müddət ərzində çeklərlə bağlı məsələ həllini tapmayıb. Yenə də o fikirdəyəm ki, vətəndaşların hüquqları pozulub. Məlumdur ki, özəlləşdirmə çekləri 1996-cı ildə mərhum Prezident Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına əmlak payı olaraq verilib. Hazırda milyon yarımdan çox özəlləşdirmə çekləri vətəndaşlarda qalmaqdadır. Uzun illərdir ki, vətəndaşlar bu çeklərin nə vaxtsa yenidən istifadə edə biləcəklərinə ümid edirlər. Bu fikirlərində haqlıdırlar, çünki özəlləşdirmə paylarının üzərində istifadə müddəti yoxdur. Əgər vətəndaş ondan istifadə edə bilməyibsə, o zaman bundan istifadə hüququ var.

Özəlləşmənin məqsədi vətəndaşları mülkiyyət, müxtəlif müəssisələrdə payçı etmək idi. Proses çox gözəl başladı və verilən fərman da vətəndaşların xeyrinə idi. Lakin proses həyata keçirilən zaman vətəndaşlar heç bir xeyrini görmədi. Özəlləşmə prosesi tam olaraq ayrı-ayrı şəxslərin müxtəlif maxinasiyalarla birdən-birə varlanmasına səbəb oldu. Dövlət özəlləşdirmə çekləri sahəsində vətəndaşlar qarşısında olan borcunu yerinə yetirə bilməyib və biz bunu boynumuza almalıyıq.

Vətəndaşlarımız dəfələrlə müxtəlif dövlət orqanlarına müraciət edirlər, lakin onların səsinə səs verən yoxdur. Mən bir deputat olaraq dəfələrlə müraciətlər etmişəm, amma hələlik müsbət cavab yoxdur. Hesab edirəm ki, məsələni Milli Məclis müstəvisində geniş müzakirə etmək, hökumətə təkliflər vermək lazımdır. Məsələn, Milli Məclisin Hüquq siyasəti və dövlət qurucluluğu ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası ola bilər, məsələyə baxıla bilər. Müzakirənin keçirilməsi və maraqlı tərəflərin dinlənilməsi ən əlverişli çıxış yoludur. Media vasitəsi ilə də müraciət edirəm ki, hökumət problemin həllinə təşəbbüs göstərsin. Qarşıdakı iclaslarda imkan düşdüyü halda özəlləşdirmə çekləri məsələsini yenidən parlament tribunasından səsləndirəcəm. Bilirsiniz, bu məsələ birdəfəlik həll olunmalıdır”.

Millət Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə:

“Çekləri əllərində qalmış vətəndaşların hüquqlarının bərpa olunması lazımdır. 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin imzalanan fərmanda bildirilirdi ki, vauçerlər hər bir Azərbaycan vətəndaşına əvəzsiz olaraq verilir. Bu fərmanda pay sahiblərinin hüquqlarının qorunması, onların bu prosesdə fəal iştirakının təmin olunması öz əksini tapırdı və kifayət qədər mütərəqqi məqamlar var idi.

Tədavül müddətinin ləğv olunması ilə minlərlə insan hüquqsuz duruma düşüb, qiymətli kağızları da qiymətsiz kağız parçasına çevrilib. Düşünürəm ki, bu məsələyə yenidən qayıtmaq, problemi kökündən həll etmək mümkündür. Dövlət qurumlarının bununla bağlı qərar verməsi vacibdir. Vətəndaşın hüququnun bərpa olunması istiqamətində addım atılmasına çağırıram”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev:

“Çek məsələsində vətəndaşların pozulan hüquqlarının bərpası mütləqdir. Özəlləşdirmə prosesində çox ciddi nöqsanlar yaşanıb, korrupsiya halları olub. Nəticədə bir çox vətəndaş öz qiymətli kağızından lazımınca istifadə edə bilmədi. Reallıq ondan ibarətdir ki, minlərlə vətəndaş qiymətli kağızlarından istifadə edə bilməyib və hüquqları pozulub. Bu hüquqların bərpası da dövlətin üzərinə düşür. Dövlətin ona verdiyi qiymətli kağızı əlində qiymətsiz hala düşən insanlarımızın şikayətinə həssaslıqla yanaşılmalıdır. Onlar haqlı olaraq bu özəlləşdirmə payından istifadə hüququnun bərpasını istəyirlər. Hesab edirəm ki, hökumət insanların hüquqlarını bərpa etməlidir.

Bu məsələ ilə bağlı parlamentdə müzakirə açmaq mümkündür. Eyni zamanda, dinləmə də təşkil oluna bilər. Hesab edirəm ki, insanların hüquqlarının bərpası lazımdır. Onların özəlləşdirmədə iştirakına yenidən şərait yaradılması həyata keçirilə bilər. Yaxud da, qiymətli kağızlarının kompensasiyasını təmin etmək mümkündür”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev:

“Bu problemə birdəfəlik nöqtə qoyulması vacibdir. Özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması vətəndaşların mülkiyyət hüququna sahib olmasına imkan yaradırdı. Təbii ki, zamanında çeklərindən faydalanan insanlar oldu. Əksəriyyət isə özəlləşdirmə çeklərini “qara bazar”da satdı və bu çekləri alan şəxslər qiymətləndirmə əsasında müəyyən sexləri, zavodları özəlləşdirdilər.

Lakin bir çox vətəndaş çeklərini qoruyub saxladılar və düşündülər ki, gələcəkdə daha çox faydalana biləcəklər. Təəssüf ki, bu çeklərin yenidən dövriyyəyə buraxılmasına imkan yaradılmadı. Bir neçə il öncə özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması ilə bağlı məlumatlar yayılmışdı, amma heç bir nəticə olmadı. Hesab edirəm ki, sözügedən məsələyə yenidən qayıtmaq lazımdır. Cənab Prezident hər zaman öz çıxışlarında bildirib ki, insanların haqları və tələbləri təmin olunmalıdır. Əllərində çekləri qalan vətəndaşların bundan istifadəsinə şərait yaradılması vacibdir. Bu məsələ hansısa formada həllini tapmalıdır. Ya çeklərdən özəlləşdirmədə istifadəyə şərait yaradılmalıdır, ya da vauçerlər qiymətləndirilməsi müqabilində vətəndaşlara kompensasiya ödənməlidir. Axı, özəlləşdirmə çekləri vətəndaşların haqqıdır, onlar bundan yararlana bilməyiblər. Mən hökumət nümayəndələrinə, aidiyyəti orqanlara səslənirəm ki, bu problemin aradan qaldırılması yollarını tapsınlar və məsələ müsbət həllini tapsın”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev:

“Bu məsələ həllini tapmalıdır. Məsələn, özəlləşdirmədə vaxtilə vətəndaşlara verilmiş qiymətli kağızlardan da istifadə edilə bilər, yaxud da, vətəndaşlara kompensasiya ödənilə bilər. Məncə, ən yaxşısı özəlləşdirmə prosesində bu çeklərdən istifadəyə şərait yaradılması olardı.

Çek sahibləri qanunla haqlıdırlar. Çünki həmin çeklərin üzərində istifadə müddəti göstərilməyib. Belə bir halda, vauçerləri tədavüldən çıxarmaq doğru deyildi. Həmin insanlar da qanunun aliliyinə güvənərək çeklərini saxlayıblar, amma 2011-ci ildən bu yana istifadə edə bilmirlər. Bu mənada, çeklərlə bağlı dövlət yekun qərar verməlidir. Yüzminlərlə vətəndaş əllərində qiymətsiz hala düşmüş çekləri ilə ədalətin bərpasını gözləyir”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Aydın Mirzəzadə:

“Özəlləşdirmə çekləri problemi həllini tapmalıdır. Uzun illərdir vauçerlərindən istifadə edə bilməyən insanların şikayətləri ilə zaman-zaman qarşılaşırıq. Hesab edirəm ki, Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə təsdiqlənən və qanunla vətəndaşa verilmiş çeklərdən səmərəli istifadə edə bilməyən insanlarımızın ondan istifadə edə bilmələrinə şərait yaradılmalıdır.

Belə görünür ki, qanun vətəndaşların tərəfindədir. O zaman qanunda nəzərdə tutulan addım atılması lazımdır. Hesab edirəm ki, əllərində çekləri qalan vətəndaşların bundan səmərəli istifadə etmələrinə şərait yaratmaq olar. Necə deyərlər, dövlətimiz onların qiymətli kağızlarından istifadə etmələri üçün şans yaratsa, yaxşı olar”.

QEYD

Ötən əsrin sonunda – Özəlləşdirmə Pay(çekləri)ları 29 sentyabr 1995-ci il  1120 nömrəli Qanunla qəbul olunmuş Dövlət  Proqramı ilə verilmişdir və Qanunun icrasını təmin etmək ücün  AR Prezidentinin 25 mart 1996-cı il tarixli 450 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə”yə uyğun olaraq (verilmişdir) paylanmışdır. Qanunla vətəndaşlara mülkiyyət sahibi olmaq üçün verilmiş qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Eyni zamanda dövriyyədə Tədiyyə-Özəlləşdirmə vasitəsi kimi istifadəsi də Qanuna və Konstitusiyaya zidd olaraq Fərmanla məhdudlaşdırılıb. Əllərində qiymətli kağız olan çekləri qalmış yüzminlərlə vətəndaş Tədiyyə-Ödəmə müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir. Çünki vətəndaşlar üçün çeklərin dövriyyədə tədavül vasitəsi ( alqı-satqı, banka girov və s.) olması vacib deyil. 100 minlərlə vətəndaş Heydər Əliyevin məsləhətinə uyğun olaraq öz çeklərindən dövriyyədə Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə edərək özəlləşdiriləcək iri müəsisələrdə pay sahibi olmaq və divident almaq ümüdi ilə öz çeklərini satmayıb – saxlayıblar.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 15 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki