Bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir
Azərbaycan-Serbiya iqtisadi əlaqələrində enerji əməkdaşlığı xüsusi yer tutur. Təsadüfi deyil ki, Prezident cənab İlham Əliyevin bu ölkəyə rəsmi səfəri çərçivəsində imzalanan sənədlərdən biri də məhz bu sektora aiddir. Belə ki, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş” imzalanıb. Artıq Serbiya Azərbaycandan qaz alan 16 ölkədən biridir və bu sırada səkkizinci olub. 2023-cü il dekabrın 10-da Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi ilə tərəfdaşlıq münasibətləri daha da möhkəmlənib. Məlum olduğu kimi, bu interkonnektor “Cənub qaz dəhlizi”nə inteqrasiya edilib. Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru ixrac infrastrukturunun zənginləşməsi üçün atılan növbəti uğurlu addım idi. Açılış mərasimində Prezident cənab İlham Əliyev də iştirak edirdi.
Bu il fevralın 15-də dövlətimizin başçısının Serbiyaya rəsmi səfəri çərçivəsində hər iki dövlət rəhbəri mətbuata bəyanatla çıxış edib. Aleksandar Vuçiç qarşımızda elektrik enerjisi dövrü başlandığını vurğulayaraq Prezident Əliyevdən bununla bağlı olan layihədə onlara yardım göstərilməsini xahiş etdiyini bildirib: “Belə olarsa, biz işləri daha sürətlə bitirə bilərik. Bizə elektrik enerjisinin çox sayda mənbələri lazımdır. Daha çox elektrik enerjisi istehsal etməliyik. Azərbaycanın giqavatlarla ölçülən elektrik enerjisi olacaq. Lakin məsələ belədir ki, onun idxalı üçün lazımi ötürücü xətlər olacaqmı?! Biz Azərbaycan tərəfi ilə mühüm məsələlər üzərində razılığa gəldik. Bu gün Serbiyanın qaz şirkəti və SOCAR bu mövzuda söhbət aparıblar və əməkdaşlıq sazişi imzalanıb. Çalışacağıq hər bir məsələni iki və ya üç ay ərzində həll edək ki, dərhal sonra layihə sənədləri hazırlansın və tikinti başlanılsın. Tikinti iki ildən artıq çəkəcək. İnanırıq ki, biz 2029-cu ilə qədər qazla işləyən elektrik enerjisi stansiyasını açacağıq”. Bu elektrik stansiyasının yaradılması prosesi Serbiyada mövcud olan sərmayə imkanlarına söykənir. Təbii ki, əgər investisiya iqlimi müsbət olmasaydı, Serbiya xarici investorlar üçün o qədər də cəlbedici olmazdı. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkə, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır. Prezident cənab İlham Əliyev öz bəyanatında elektrik stansiyalarının tikintisinin və yenidən qurulmasının, onların reabilitasiyasının hər bir ölkənin gələcək inkişafını təmin etdiyini bildirib. Çünki daxili enerji, istehsalat gücünün mövcudluğu hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir.
Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc





















