Bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlər Avropa məkanı ilə münasibətlərin inkişafında diqqətçəkən hadisələrdən biri kimi dəyərləndirilir. Prezident cənab İlham Əliyevin birgə mətbuat bəyanatında səsləndirdiyi fikirlər göstərir ki, tərəflər arasında formalaşmış əməkdaşlıq artıq strateji məzmun daşıyır və yeni inkişaf mərhələsinə qədəm qoyur. Hazırda müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsi müşahidə olunur və bu dinamika siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat və regional sabitlik kimi mühüm istiqamətləri əhatə edən geniş gündəliyin formalaşdığını nümayiş etdirir. Avropa məkanı ilə iqtisadi əməkdaşlıq ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biridir. Prezident cənab İlham Əliyev çıxışında vurğulayıb ki, bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Bu fakt Avropa İttifaqının əsas ticarət tərəfdaşlarından biri kimi xüsusi mövqeyə malik olduğunu göstərir. Son illərdə ticarət dövriyyəsində müəyyən dəyişikliklər müşahidə olunsa da, ümumi dinamika artım meyillərini nümayiş etdirir. Yeni layihələrin həyata keçirilməsi və investisiya imkanlarının genişlənməsi nəticəsində qarşılıqlı sərmayələrin həcmi daha da artacaq. Hazırda Avropa şirkətlərinin iqtisadi layihələrdə iştirakı ilə yanaşı, Avropa bazarlarına yönələn investisiyalar da genişlənir. Bu isə iqtisadi əlaqələrin qarşılıqlı və balanslı inkişafını təmin edən mühüm amildir.
Enerji sahəsində əməkdaşlıq Avropa məkanı ilə münasibətlərin ən mühüm istiqamətlərindən biri hesab olunur. 2022-ci ildə Avropa Komissiyası ilə imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənəd bu sahədə əməkdaşlığın yeni mərhələyə daxil olmasına təkan verib. Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Həmin göstərici ölkənin beynəlxalq enerji bazarında mövqeyinin möhkəmləndiyini və enerji təhlükəsizliyində mühüm rol oynadığını nümayiş etdirir. Eyni zamanda, qaz hasilatının artırılması istiqamətində planlar da enerji əməkdaşlığının gələcək perspektivlərini genişləndirir. Yeni yataqlardan hasilatın başlanması nəticəsində yaxın iki-üç il ərzində əlavə olaraq minimum 10 milyard kubmetr qazın əldə olunması planlaşdırılır. Bu amillər isə Avropa bazarının enerji təminatında daha böyük rol oynamaq üçün geniş imkanlar yaradır. Müasir dövrdə enerji siyasətində əsas prioritetlərdən biri də bərpaolunan enerji mənbələrinin inkişafıdır. Prezident İlham Əliyev çıxışında bu sahənin böyük potensiala malik olduğunu vurğulayıb. Günəş, külək və su elektrik enerjisi layihələrinə qoyulan investisiyalar enerji sektorunun diversifikasiyasına xidmət edir. Qarşıdakı beş-altı il ərzində ixraca hazır olan 6–8 giqavatlıq bərpaolunan enerji potensialının formalaşdırılması planlaşdırılır. Bu məqsədlə Avropa tərəfdaşları ilə yeni enerji infrastrukturu layihələri üzərində iş aparılır. Xüsusilə dəniz dibi kabelləri, ötürülmə xətləri və digər enerji infrastrukturu layihələri Avropa enerji bazarı ilə daha sıx inteqrasiyanı təmin edə bilər. İl ərzində 300-dən çox günəşli günün müşahidə olunması və güclü külək potensialı yaşıl enerji layihələrinin həyata keçirilməsi üçün əlverişli imkanlar yaradır.
Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri






















