Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir.
“Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bu günə qədər Qaradağ rayonunda açılıb, bu gün Xızı, Abşeron rayonlarında. Yəni Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq. Mən buna şübhə etmirəm. Ona görə xarici investorları həm bu sahəyə, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələrə dəvət edirəm. Xüsusilə süni intellekt, data mərkəzlərinin yaradılması və böyük enerji gücünə tələbat olan digər sahələrə investisiya qoymağa dəvət edirəm. O cümlədən Azərbaycan şirkətlərini də”. Bu fikirləri cənab Prezident İlham Əliyev 8 yanvar 2026-cı ildə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində səsləndirmişdir.
Cənab Prezidentin çıxışı Azərbaycanın enerji siyasətində aparılan məqsədyönlü və sistemli islahatların mahiyyətinin aydın təzahürüdür. Bu siyasət ölkənin enerji balansının şaxələndirilməsinə və uzunmüddətli dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. Son illərdə respublikanın müxtəlif bölgələrində külək, günəş və digər bərpaolunan enerji layihələrinin həyata keçirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Xızı–Abşeron külək enerji zonası ilə yanaşı, digər regionlarda reallaşdırılan layihələr yerli enerji potensialından səmərəli istifadəyə, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və ekoloji tarazlığın qorunmasına mühüm töhfə verir.
Bərpaolunan enerji sahəsinin inkişafı eyni zamanda regionların sosial-iqtisadi tərəqqisinə şərait yaradır. Yeni istehsal güclərinin yaradılması məşğulluğun artırılmasına, infrastrukturun yenilənməsinə və yerli iqtisadi fəallığın yüksəlməsinə imkan verir. Bu proseslər ölkə üzrə balanslı regional inkişaf strategiyasının tərkib hissəsi kimi həyata keçirilir.
Cənab Prezident İlham Əliyevin vurğuladığı bu istiqamət Azərbaycanın beynəlxalq iqlim təşəbbüslərinə sadiqliyini və “yaşıl enerji”yə keçid üzrə strateji məqsədlərini bir daha təsdiqləyir. Beləliklə, ölkənin müxtəlif bölgələrində bərpaolunan enerji növlərinin inkişafı Azərbaycanın müasir enerji modelinin əsas dayaqlarından biri kimi çıxış edir.
Babək Mikayılov – Zərdab Peşə liseyinin direktoru






















