image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq

image-legitimaz-810x90

Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq.

Müasir dövrdə dünya sürətlə dəyişən geosiyasi və iqtisadi proseslərlə üz-üzədir. Münaqişələr, regional gərginliklər və ticarət marşrutlarının pozulması qlobal iqtisadiyyatın sabitliyinə ciddi təsir göstərir. Belə bir şəraitdə ölkələr arasında bağlılığın, yəni nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan son illərdə həyata keçirdiyi iri infrastruktur layihələri ilə regionun mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmişdir.

2026-cı il martın 12-də Bakıda keçirilən XIII Qlobal Bakı Forumu çərçivəsində cənab Prezident İlham Əliyev “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxış edərək məhz bu məsələlərə diqqət çəkmişdir. Dövlət başçısı qlobal miqyasda nəqliyyat marşrutlarının təhlükəsizliyinin və davamlılığının iqtisadi sabitlik üçün mühüm amil olduğunu vurğulamışdır. Forumda dünyanın müxtəlif ölkələrindən siyasətçilər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edərək qlobal əməkdaşlıq, təhlükəsizlik və inkişaf mövzularını müzakirə etmişlər.

Azərbaycanın coğrafi mövqeyi ölkəni Avropa ilə Asiya arasında strateji körpüyə çevirir. Son illərdə həyata keçirilən genişmiqyaslı nəqliyyat və logistika layihələri, o cümlədən dəmir yollarının, avtomobil magistrallarının, liman və logistika mərkəzlərinin tikintisi ölkənin tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırmışdır. Bu infrastruktur həm regional, həm də qlobal ticarət axınlarının daha səmərəli təşkilinə xidmət edir.

Cənab Prezident İlham Əliyev çıxışında bu istiqamətdə görülən işlər barədə belə qeyd etmişdir: “Mövcud çağırışlar kontekstində bu gün əhatə etmək istədiyim üçüncü mövzu isə bağlılıqdır. Biz görürük ki, münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu, həm insanlar, həm ölkələr, həm iqtisadiyyat, həm də tədarük zəncirləri üçün böyük çətinliklər yaradır. Bağlılıq və nəqliyyat marşrutları pozulduqda dünya ölkələrinin əksəriyyəti çox çətin vəziyyətlə üzləşir. Azərbaycan qazıntı yanacağı növlərinin satışından əldə etdiyi gəlirlər sayəsində nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırıb. Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq və əslində, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkəyik. Azərbaycan ərazisində hər iki dəhliz üzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır.”

Bu fikirlər Azərbaycanın qlobal nəqliyyat sistemində artan rolunu aydın şəkildə göstərir. Xüsusilə Orta Dəhliz, Şərq‑Qərb nəqliyyat dəhlizi və Şimal‑Cənub nəqliyyat dəhlizi kimi beynəlxalq layihələr ölkənin tranzit potensialını daha da gücləndirir. Bu marşrutlar vasitəsilə Asiya ilə Avropa arasında yükdaşımaların daha qısa və təhlükəsiz yollarla həyata keçirilməsi mümkün olur. Azərbaycan həyata keçirdiyi infrastruktur layihələri və beynəlxalq əməkdaşlıq təşəbbüsləri ilə qlobal ticarətin və logistikanın mühüm iştirakçısına çevrilmişdir. Müasir çağırışlar fonunda nəqliyyat bağlılığının gücləndirilməsi yalnız iqtisadi inkişaf üçün deyil, həm də regionlar arasında əməkdaşlıq və sabitliyin təmin olunması üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın bu sahədə atdığı addımlar ölkənin beynəlxalq arenadakı rolunu daha da möhkəmləndirir.

 

Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki