3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley mərasimində çıxış edən Prezident İlham Əliyev ölkəmizin son illərdə qazandığı böyük uğurlardan, eləcə də dövlətin elm və təhsilə verdiyi dəyərdən bəhs etdi.
Cənab Prezident, xüsusilə Vətən müharibəsində qazanılan tarixi Qələbəni xatırladaraqqeyd etdi ki, “Mən 10 il bundan əvvəl – Akademiyanın 70 illiyində bax bu salonda alimlər qarşısında çıxış etmişdim və çalışırdım ki, bu 10 il ərzində ölkə qarşısında duran bütün başqa vəzifələrlə yanaşı, elmin inkişafına da öz dəstəyimi göstərim. Bu gün bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Çünki son 10 il ərzində həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş vermişdir. Dünya iqtisadiyyatı tamamilə dəyişmiş, dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir. Azərbaycana gəldikdə, son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə – torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu torpaqlarda qurub-yaradırıq. Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Bunu da alimlər yaxşı bilir. Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır” Bu fikirlə Prezident İlham Əliyev Azərbaycanın 2020-ci ildə əldə etdiyi zəfərin təkcə hərbi deyil, həm də milli iradənin, xalq birliyinin və dövlətçilik əzminin təntənəsi olduğunu diqqətə çatdırdı.
Bu Qələbə Azərbaycan xalqının gücünü, liderinin qətiyyətini və dövlətin müstəqillik yolunda dönməz iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi Qələbə təkcə bir savaşın nəticəsi deyil, həm də xalqın yüzillik arzularının, milli birliyin və elm, təhsil, texnologiya sahəsində atılan uğurlu addımların məntiqi nəticəsidir. Müstəqil Azərbaycanın gələcək inkişafında elmin rolu daha da artır. Elm və bilik üzərində qurulan dövlət həmişə qalib olacaqdır.
Bu çıxış bir daha sübut etdi ki, Azərbaycanın Qələbəsi yalnız döyüş meydanında deyil, həm də elm, təhsil və mədəniyyət sahəsində qazanılan nailiyyətlərdə öz əksini tapır. Prezidentin sözləri xalqda milli qürur hissini daha da gücləndirdi və Azərbaycan elminin gələcək inkişafına yeni ruh verdi.
Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumitəhsil məktəbinin direktoru




















