image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-634483648_1460849615394812_5678370488631390496_n

Bizim gələcək üçün də açıq-aydın planlarımız var

image-legitimaz-810x90

Bizim gələcək üçün də açıq-aydın planlarımız var.

 

2026-cı il fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasına səfər etmişdir. Səfər zamanı cənab İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər. Cənab Prezidentin bəyanat zamanı səsləndirdiyi fikirlər Azərbaycan dövlətinin strateji inkişaf kursunun mahiyyətini bir daha nümayiş etdirdi. Bu bəyanat təkcə diplomatik nəzakət ifadəsi deyil, həm də uzunmüddətli tərəfdaşlıq, iqtisadi şaxələndirmə və regional əməkdaşlıq baxımından konkret hədəflərə söykənən siyasi iradənin göstəricisidir. Cənab Prezident qeyd etmişdir ki, “Bu gün Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasında bir çox məsələlər müzakirə edildi. Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır”.

Azərbaycan və Serbiya arasında münasibətlər son illər ərzində yüksələn xətt üzrə inkişaf edir. Hər iki ölkə beynəlxalq hüququn prinsiplərinə hörmət, suverenlik və ərazi bütövlüyünə dəstək mövqeyindən çıxış edir. Bu ortaq yanaşma siyasi dialoqun möhkəm təməlini təşkil edir. İqtisadi sahədə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropanın etibarlı tərəfdaşı kimi mövqeyini daha da gücləndirir. Serbiya isə Cənub-Şərqi Avropada mühüm nəqliyyat və logistika qovşağıdır. Bu baxımdan enerji, nəqliyyat, infrastruktur və alternativ enerji mənbələri üzrə birgə layihələrin həyata keçirilməsi gələcək planların əsas istiqamətlərindən biri kimi çıxış edir. Azərbaycanın zəngin enerji resursları və Serbiyanın regional tranzit imkanları qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş perspektivlər açır.

Azərbaycan artıq regionda nəqliyyat dəhlizlərinin inkişafında fəal rol oynayır və bu kontekstdə Balkan regionu ilə əlaqələrin genişləndirilməsi strateji əhəmiyyət daşıyır.

Serbiyaya səfər və səsləndirilən bəyanat Azərbaycan diplomatiyasının çoxşaxəli və uzunmüddətli strateji baxışa əsaslandığını bir daha təsdiqlədi. Qarşılıqlı hörmət və ortaq maraqlara söykənən bu münasibətlər gələcək illərdə daha da dərinləşərək yeni layihələr və təşəbbüslərlə zənginləşəcək. Azərbaycan öz inkişaf prioritetlərini dəqiq müəyyənləşdirərək tərəfdaşları ilə birlikdə sabit, təhlükəsiz və firavan gələcəyin qurulmasına doğru inamla irəliləyir.

 

Ruxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki