Bizim gələcək üçün də açıq-aydın planlarımız var
Ölkəmizin başçısının Belqradda yüksək səviyyədə qarşılanması, keçirilən görüşlər və liderlərin iştirakı ilə Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının baş tutması münasibətlərin nə qədər möhkəm təməl üzərində qurulduğunu göstərdi. Bu iclas ikitərəfli əlaqələrini daha da gücləndirilməsi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və konkret layihələr üzrə əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.
Cənab Prezident çıxışında vurğuladı ki, əsas məqsəd siyasi, iqtisadi və energetika sahəsində əlaqələri daha da möhkəmləndirmək, beynəlxalq platformalarda və təşkilatlar çərçivəsində qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləməkdir. Bununla yanaşı birgə sərmayə layihələrinin həyata keçirilməsi, energetika və nəqliyyat sahələrində yaranmış yeni imkanlardan səmərəli istifadə etməklə güclü və uzunmüddətli əməkdaşlıq əlaqələri yaratmaq da qarşıya qoyulan əsas hədəflərdəndir. Energetika sahəsində ölkələrimiz arasındakı əməkdaşlığa toxunan Prezident cənab İlham Əliyev qeyd etdi ki, bir müddət əvvəl Azərbaycan Serbiyaya təbii qaz ixracına başlayıb və bu gün qərara gəldik ki, ixracın həcmi artırılacaq. İxrac edilən qaz Serbiya tərəfindən elektrik enerjisinə çevriləcək, bu da artıq təmiz enerji istehsalına imkan yaradacaq. Bunun nəticəsində həm Serbiya daxili bazarı həm də gələcəkdə ixrac üçün əlavə potensial formalaşacaq. Cənab Prezident vurğuladı ki, hazırda Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir və bu rəqəm artmaq üzrədir. Eyni zamanda ölkəmizdə çoxsaylı bərpaolunan enerji stansiyalarının tikintisi davam edir və bu sahədə Serbiya ilə əməkdaşlıq perspektivləri açıqdır, strateji tərəfdaşlıq daha da güclənir. Prezident cənab İlham Əliyevin Serbiyaya səfəri həm də onunla yadda qaldı ki, ölkələrimiz siyasi dialoqdan real iqtisadi və enerji təhlükəsizliyi platformasına keçid edib. Şübhəsiz ki, siyasi əlaqələr fonunda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və milli maraqlarımızın təmin olunması Azərbaycanın xarici siyasətinin mühüm uğurudur. Bu uğurlar Azərbaycan liderinin qətiyyətli siyasəti və tərəfdaşlarla səmərəli dialoqu sayəsində təmin olunur.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc





















