Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq.
Azərbaycan Respublikası uzun illər ərzində beynəlxalq hüquqa əsaslanaraq işğal olunmuş torpaqlarının sülh yolu ilə azad olunmasına çalışmışdır. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi və işğal siyasətini davam etdirməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün güc tətbiq etmək məcburiyyətində qaldı. Nəticədə Azərbaycan Ordusu 2020-ci ildə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını azad etdi və sonrakı mərhələdə regionda sülhün təmin olunması istiqamətində siyasi addımlar atdı. XX əsrin sonlarında Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonları işğal olunmuşdu. 1991–1994-cü illərdə aparılan müharibə nəticəsində Azərbaycanın təxminən 20 faizə yaxın ərazisi işğal altına düşmüş, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü tanısa da, uzun illər ərzində münaqişənin həlli istiqamətində real nəticə əldə olunmadı. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələr Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edirdi. Lakin bu qətnamələr uzun illər icra olunmadı və status-kvo davam etdi. Azərbaycan dövləti isə bu müddətdə iqtisadi, siyasi və hərbi gücünü artıraraq ordusunu müasir standartlara uyğun inkişaf etdirdi. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları nəticəsində Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Bu əməliyyat tarixə 44 günlük Vətən müharibəsi kimi düşdü. Müharibə zamanı Azərbaycan Ordusu müasir hərbi texnologiyalar, peşəkar hərbi strategiya və yüksək vətənpərvərlik ruhu sayəsində bir çox strateji əhəmiyyətli şəhər və rayonları işğaldan azad etdi. Müharibə dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, həmçinin yüzlərlə kənd və strateji yüksəkliklər azad edildi. Müharibənin taleyini həll edən ən mühüm hadisələrdən biri 2020-ci il 8 noyabr tarixində Şuşa şəhərinin azad edilməsi oldu. Şuşanın azad edilməsi Azərbaycanın hərbi qələbəsini daha da möhkəmləndirdi və Ermənistanın məğlubiyyətini qaçılmaz etdi. Nəticədə 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında üçtərəfli bəyanat imzalandı. Bu sənədə əsasən Ermənistan kapitulyasiya edərək müharibəni dayandırdı və Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz şəkildə Azərbaycana qaytardı. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü böyük ölçüdə bərpa etmiş oldu.
Müharibədən sonra Azərbaycan dövləti regionda davamlı sülhün təmin olunması üçün siyasi və diplomatik addımlar atmağa başladı. Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsinin imzalanmasını, sərhədlərin delimitasiya və demarkasiyasını, kommunikasiya xətlərinin açılmasını və regionda əməkdaşlığın qurulmasını təklif etdi. Bu yanaşma göstərir ki, Azərbaycan müharibəni məcburiyyət qarşısında aparsa da, regionda uzunmüddətli sülhün tərəfdarıdır. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində şəhər və kəndlər yenidən qurulur, infrastrukturlar bərpa edilir, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur. Bu proses Azərbaycanın müharibədən sonra sülh və inkişaf strategiyasını nümayiş etdirir. Azərbaycan işğal altında olan torpaqlarını hərbi güc vasitəsilə azad etmiş, lakin regionda sabitlik və sülhün bərqərar olması üçün siyasi və diplomatik yolu seçmişdir. Bu yanaşma beynəlxalq hüququn prinsiplərinə uyğun olmaqla yanaşı, Cənubi Qafqaz regionunda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün mühüm əsas yaradır.
Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov




















