Azərbaycanın yürütdüyü “yaşıl enerji” siyasəti bütün region ölkələrinin birgə enerji həmrəyliyini genişləndirməklə yeni mərhələyə daxil olmaqdadır.
2026-cı ilin ilk günlərində Azərbaycan yeni enerji strategiyasına daha bir qürurverici hadisəni yazdı. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) istifadəyə verilməsi ölkəmizin enerji tarixində yeni əlamətdar hadisə hesab edilə bilər. Stansiyanın rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin bəyan etdi ki, 240 meqavat gücündə olan bu stansiyanın fəaliyyətə başlaması ölkəmizin enerji potensialını gücləndirəcək və ümumi inkişafına töhfə verəcək.
“Xızı-Abşeron” KES Azərbaycanın yaxın tərəfdaşı olan dövlətlərlə – Səudiyyə Ərəbistanı Krallığı və Çin Xalq Respublikası ilə birlikdə ərsəyə gətirdiyi nəhəng enerji layihəsi, “yaşıl enerji” gündəliyinin yeni səhifəsidir. Bu hadisə, dünyanın nüfuzlu investorları olan “ACWA Power” və “Power China” ilə Azərbaycanın yeni enerji həmrəyliyinin nümunəsidir. Yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm də məsuliyyətli bir prosesdir. Xüsusilə də bərpaolunan enerji növlərinin enerji sisteminə inteqrasiyası iritutumlu sərmayə və böyük peşəkarlıq tələb edir. Bu baxımdan, dörd il ərzində qarşılıqlı fəal investisiya əməkdaşlığı sayəsində bu bərpaolunan stansiyanın istismara buraxılması dövlətimizin yürütdüyü iradəli siyasətin növbəti uğuru, yerli energetika korpusumuzun yorulmaz əməyinin bəhrəsidir.
Bərpaolunan enerji stansiyaları təmiz enerji istehsalının mənbəyi kimi həm də sənaye sektorunu sağlamlaşdırır, təbii qazdan istifadəni minimallaşdırır. Məsələn, təkcə, “Xızı-Abşeron” KES Azərbaycanın sənaye sektorunda 220 milyon kubmetr təbii qaza qənaət imkanı yaradacaq. Eyni zamanda, bu stansiya 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısını alacaq ki, bu da Azərbaycan dövlətinin karbon emissiyasının azaldılması hədəflərinə töhfə verən amillərdən biridir. Azərbaycan bu hadisə ilə həm də beynəlxalq iqlim ailəsi qarşısında götürdüyü öhdəliklərə sadiqliyini və məsuliyyətini nümayiş etdirir. Digər məqam ondan ibarətdir ki, stansiyada illik istehsal olunacaq bir milyard kilovat-saat enerji Xızı və Abşeron rayonun yaşayış və qeyri-yaşayış məntəqələrinin ənənəvi enerjidən təmiz enerjiyə keçidini təmin edəcək.
Bundan başqa, bərpaolunan enerji mənbələri rəqəmsal inkişafın, informasiya texnologiyaları sektoru üçün texnoloji infrastrukturun da altbazası deməkdir. Fiber-optik sənayenin, data texnologiyaları infrastrukturlarının əsas gücü məhz bərpaolunan enerjiyə söykənir. Ona görə də Azərbaycanın Səudiyyə Ərəbistanı, Çin və digər ölkələrin texnologiya nəhəngləri ilə tərəfdaşlığı həm də rəqəmsal iqtisadiyyatın və yaşıl inkişafın çoxşaxəliliyini təmin edəcək. Eyni zamanda, “yaşıl enerji” istehsalını generasiya portfelində artıran Azərbaycan təmiz enerjinin ixracını da həyata keçirəcək.
Regional layihələr kontekstində Azərbaycanın Xəzər dənizi və Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının şaxələndirilməsi, Türkiyə və Avropa bazarlarına nəqli istiqamətində marşrutların yaradılması istiqamətində təşəbbüsləri də mühüm yer tutur.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru






















