image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Azərbaycanın XIX–XX əsrlərdə üzləşdiyi bütün bu faciələr ermənilərin planlı şəkildə həyata keçirdikləri soyqırımı siyasətinin mərhələlərini təşkil etmişdir

image-legitimaz-810x90

Azərbaycanın XIX–XX əsrlərdə üzləşdiyi bütün bu faciələr ermənilərin planlı şəkildə həyata keçirdikləri soyqırımı siyasətinin mərhələlərini təşkil etmişdir

 

108 il əvvəl – 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində – Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər bölgələrdə baş verən hadisələr Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Həmin günlərdə Bakı Soveti qoşunlarının və “Daşnaksutyun” partiyasının silahlı dəstələrinin iştirakı ilə 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan doğma torpaqlarından didərgin salınmışdır. Bu hadisələr erməni millətçilərinin “Böyük Ermənistan” xülyasını reallaşdırmaq məqsədilə soydaşlarımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi idi.

Təkcə Şamaxıda 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın amansızcasına qətlə yetirildiyi bildirilir. 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyasının araşdırmalarına görə, Şamaxı qəzasının 120 kəndindən 86-sı erməni silahlı dəstələrinin hücumuna məruz qalmışdır. Sonrakı tədqiqatlar nəticəsində bu bölgədə təxminən 25 min nəfərin öldürüldüyü, 18 mindən çox insanın isə evlərini tərk etməyə məcbur qaldığı müəyyən edilmişdir. Quba qırğınları zamanı isə təkcə şəhərdə 2900 nəfər, ümumilikdə isə Quba qəzasında 4000-dən artıq insan öldürülmüş, 122 kənd tamamilə məhv edilmiş, 2750-dən çox ev yandırılmışdır.

Azərbaycanın XIX–XX əsrlərdə üzləşdiyi bütün bu faciələr ermənilərin planlı şəkildə həyata keçirdikləri soyqırımı siyasətinin mərhələlərini təşkil etmişdir. Təəssüf ki, müstəqilliyin ilk illərində bu hadisələrə hüquqi-siyasi qiymət verilməsi istiqamətində ciddi addımlar atılmamışdır. Lakin Ulu Öndər Heydər Əliyevin qəti mövqeyi nəticəsində bu məsələ dövlət səviyyəsində öz həllini tapmış, onun imzaladığı fərmanla 31 Mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bu qərar həm tarixi ədalətin bərpası, həm də Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev də bu istiqamətdə ardıcıl siyasət apararaq, mart soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını prioritet vəzifə kimi müəyyən etmişdir. Dövlət başçısının 2018-ci il 18 yanvar tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı bu faciə ilə bağlı tarixi faktların beynəlxalq miqyasda daha geniş yayılmasına xidmət edir.

Son illərdə aparılan geniş tədqiqatlar nəticəsində yeni faktlar aşkarlanıb. Quba şəhərində tapılmış kütləvi məzarlıq həmin faciələrin ən tutarlı dəlillərindən biri kimi tarixə düşüb. Burada yaradılmış Quba Soyqırımı Memorial Kompleksi və onun Məlumat Mərkəzi ziyarətçilərə 1918-ci il hadisələrinin miqyasını və dəhşətlərini sənədlərlə, foto və arxiv materialları ilə təqdim edir. Heydər Əliyev Fondu tərəfindən təchiz olunmuş bu mərkəzdə ziyarətçilər üçün zəngin kitabxana, oxu zalı və çoxdilli nəşrlər mövcuddur.

Üzə çıxan sənədlər və tədqiqatlar bir daha sübut edir ki, 1918-ci ilin mart–aprel aylarında və ondan sonrakı dövrlərdə erməni millətçiləri tərəfindən həyata keçirilən qırğınlar planlı və məqsədyönlü şəkildə Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin tərkib hissəsi olmuşdur.

 

Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki