“İrandakı vəziyyətin qeyri-sabitliyi Qərb kəşfiyyat orqanlarının, əsasən MOSSAD, Mərkəzi Kəşfiyyat İdarəsi, Mİ6 casuslarının və NATO ölkələrinin kiber əməliyyat mərkəzlərinin fəal iştirakı ilə həyata keçirilir”.
Bunu rusiyalı politoloq İqor Korotçenko deyib.
Onun sözlərinə görə, məqsəd Rusiyanı regiondakı əsas hərbi-siyasi müttəfiqindən məhrum etmək, Tehranla Moskva arasında hərbi-texniki əməkdaşlığı pozmaq və ən əsası,
Qərbin genişmiqyaslı sanksiyaları şəraitində Rusiya iqtisadiyyatının sabit fəaliyyəti üçün çox vacib olan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasının qarşısını almaq məqsədilə İranda çevriliş və hakimiyyət dəyişikliyinə təhrik etməkdir (Axar.az).

Korotçenko haqlımı? Hədəf gerçəkdənmi Azərbaycanın mərkəzi rol oynadığı Şimal-Cənub dəhlizini əngəlləməklə Rusiya iqtisadiyyatını daha da zəiflətməkdirmi? Əgər ölkəmizin Moskvadan ötrü logistik (tranzit) önəmi artırsa, Bakı ilə münasibətlərində bu, niyə özünü göstərmir? Hər halda vurulan təyyarəmizlə bağlı Rusiyanın davam edən ədalətsiz mövqeyi bu qənaəti yaradır…
Professor Qabil Hüseynli Musavat.com-a deyib ki, prioritet hədəf İranda rejim dəyişikliyidir. Onun fikrincə, sinxron hərəkət edən məqsəd isə əlbəttə ki, Rusiya ilə İran arasında koordinasiyanı aradan qaldırmaqdır.
Mütəxəssisin sözlərinə görə, İranla Rusiyanın müttəfiqliyi situativ xarakter daşıyır və daha çox Qərbə qarşı birgə immunitet formalaşdırmağa hesablanıb:
“Bu da istənilən vaxt müttəfiqliyin pozula biləcəyini göstərir. Çünki münasibətlər kövrəkdir və Rusiya İranı hər an qurban verməyə hazırdır. Necə ki Suriya, Venesuela və digər regionlarda Rusiya tərəfdaşlarını itirib. Burada Moskvanın gücündən asılı olmayan səbəblər də var. Misal üçün Ukrayna müharibəsi elə bir şərait yaradıb ki, Rusiya gücünü itirir və digər coğrafiyalarda baş verənlərə müdaxilə edə bilmir. İndi eyni ssenari İrandakı rejim üçün təkrarlanır. Əgər orada şəriət sistem dağılacaqsa, Tehran-Moskva münasibətlərində böyük bağlar qopacaq. Orada şahın varisi rəhbər olacaqsa, yaxud hansısa Qərbpərəst sistem qurulacaqsa, İran Rusiyadan uzaqlaşacaq. İndiki vəziyyətdə isə Rusiyanın İrandakı rejimi qorumağa heyi qalmayıb”.

Q.Hüseynliyə görə, Şimal-Cənub dəhlizi əhəmiyyətli logtistikadır:
“Rusiya Azərbaycanla münasibətlərin ən gərgin dövründə yükləri ölkəmizdən yan keçməklə daşımaq istədi. Bu da onun xərclərini artırdı. Bu gün cərəyan edən hadisələr Rusiya üçün dərs olmalıdır ki, Azərbaycanın nə dərəcədə əhəmiyyəti var. Məncə, Qərbin burada əsas hədəfi Şimal-Cənub dəhlizini əngəlləmək deyil. Sözsüz ki, İranda rejim dəyişikliyi baş verəndə bu layihəyə də təsirini göstərəcək və Rusiya üçün ciddi iqtisadi problem meydana çıxacaq. Bu hadisələrə qlobal kontekstdə baxanda Çin-Rusiya-İran üçbucağına qarşı bir həmlə olduğu göz qabağındadır. Bu gün Rusiya Donbasda bataqlıqdan çıxa bilmir, İran rejimi isə düşdüyü ağır şəraitdən. Fəqət hər iki tərəf Azərbaycanın mühüm transit əhəmiyyətini anlamalı, xüsusən Rusiya kimi sanksiya altında inildəyən dövlət bizə hava-su qədər ehtiyacı olduğunu görməlidir. Əslində bunu çoxdan proqnozlaşdırırdıq ki, Rusiya və İranı sanksiya tələsinə salıb zəiflədəcəklər. Lakin Moskvanın özünəvurğunluğu və Azərbaycana yuxarıdan aşağı münasibəti reallıq hissinin itirməsindən irəli gəlir”.






