image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-_fkh5985and8more_tonemapped

Azərbaycanın regional təhlükəsizlik siyasəti də məhz bu yanaşmaya əsaslanır

image-legitimaz-810x90

Prezident Ilham Aliyev 12 mart 2026-cı ildə keçirilən XIII Global Baku Forum çərçivəsində etdiyi çıxışında müasir dünyanın geosiyasi reallıqlarını, təhlükəsizlik çağırışlarını və Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu geniş şəkildə təhlil etmişdir. Bu çıxış yalnız bir dövlət başçısının siyasi mövqeyinin ifadəsi deyil, həm də qlobal miqyasda dəyişən siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasının analitik izahı kimi qiymətləndirilə bilər. Müasir dövrdə dünya sürətlə transformasiya olunan bir mərhələdən keçir və beynəlxalq münasibətlər sistemi yeni güc balanslarının formalaşması ilə xarakterizə olunur. Bu şəraitdə təhlükəsizlik, sabitlik və müdafiə məsələlərinin hər bir dövlət üçün prioritet istiqamətə çevrildiyi xüsusilə vurğulanmışdır. Qlobal miqyasda baş verən münaqişələr, regional gərginliklər və geosiyasi qarşıdurmalar göstərir ki, sabitlik və təhlükəsizlik təmin olunmadan sosial və iqtisadi inkişafdan danışmaq mümkün deyil. Bu mənada təhlükəsizlik məsələsi artıq yalnız hərbi aspektlə məhdudlaşmır, eyni zamanda iqtisadi sabitlik, enerji təminatı, nəqliyyat-kommunikasiya əlaqələri və siyasi sabitlik kimi kompleks amilləri özündə birləşdirir.

Azərbaycanın regional təhlükəsizlik siyasəti də məhz bu yanaşmaya əsaslanır. Uzun illər ərzində ölkə qarşılaşdığı mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, beynəlxalq hüquqa əsaslanan mövqeyini qoruyub saxlamış və suverenliyinin bərpası istiqamətində ardıcıl siyasət həyata keçirmişdir. Təxminən otuz il ərzində Azərbaycanın ərazilərinin bir hissəsinin işğal altında qalması beynəlxalq hüququn tətbiqində mövcud olan ikili standartların bariz nümunəsi kimi qiymətləndirilə bilər. Buna baxmayaraq, ölkə həm diplomatik müstəvidə, həm də siyasi və hərbi səviyyədə öz mövqeyini qorumağa nail olmuşdur. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası yalnız regional deyil, eyni zamanda beynəlxalq siyasi proseslər kontekstində mühüm hadisə kimi tarixə düşmüşdür. Bu proses beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq həyata keçirilmiş və dövlətlərin özünümüdafiə hüququnun praktik tətbiqinin real nümunəsi olmuşdur.

Müharibədən sonrakı mərhələdə Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri regionda davamlı sülhün təmin edilməsi və sabit təhlükəsizlik mühitinin formalaşdırılması olmuşdur. Bu istiqamətdə əldə edilən nəticələr göstərir ki, sülh yalnız diplomatik bəyanatlarla deyil, real siyasi qərarlarla və qarşılıqlı etimad mühitinin yaradılması ilə mümkündür. Azərbaycan regionda sülh təşəbbüslərinin müəllifi kimi çıxış edərək münaqişədən sonrakı mərhələdə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl addımlar atmışdır. Bu proses nəticəsində regionda yeni siyasi reallıq formalaşmış və sərhədlərdə sabitlik təmin edilmişdir. Bu fakt bir daha göstərir ki, uzunmüddətli münaqişələrin həlli yalnız siyasi iradə və konstruktiv yanaşma mövcud olduğu halda mümkün olur.

Qlobal miqyasda enerji təhlükəsizliyi məsələsi də müasir beynəlxalq münasibətlər sisteminin ən mühüm komponentlərindən biri hesab olunur. Enerji resurslarının istehsalı və ixracı yalnız iqtisadi deyil, həm də siyasi və geostrateji əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan uzun illərdir ki, beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır. Ölkənin neft və qaz sektorunda əldə etdiyi uğurlar, eyni zamanda elektrik enerjisi və digər enerji məhsullarının istehsalı və ixracı sahəsində həyata keçirilən layihələr Azərbaycanın qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini göstərir. Azərbaycanın enerji siyasəti balanslı və proqnozlaşdırıla bilən bazar münasibətlərinin formalaşdırılmasına xidmət edir. Enerji bazarında sabit qiymətlərin qorunması və enerji təchizatının davamlılığı həm istehsalçı, həm də istehlakçı ölkələr üçün strateji əhəmiyyət daşıyır. Bu kontekstdə Azərbaycanın enerji diplomatiyası beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin inkişafına yönəlmişdir.

Eyni zamanda müasir dünyada nəqliyyat və logistika infrastrukturu qlobal iqtisadi sistemin mühüm dayaqlarından birinə çevrilmişdir. Müxtəlif regionlarda baş verən münaqişələr və siyasi gərginliklər beynəlxalq nəqliyyat marşrutlarının fəaliyyətinə ciddi təsir göstərir və qlobal tədarük zəncirlərinin davamlılığını sual altına qoyur. Bu şəraitdə Azərbaycan öz geostrateji mövqeyindən istifadə edərək Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzlərindən birinə çevrilmişdir. Ölkə ərazisindən keçən Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri beynəlxalq ticarətin inkişafına və regionlararası əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Azərbaycan bu dəhlizlərin inkişafına böyük investisiyalar yatırmaqla yalnız öz iqtisadi maraqlarını təmin etmir, həm də qlobal nəqliyyat sisteminin sabit fəaliyyətinə dəstək göstərir. Bu baxımdan ölkə həm Orta Dəhliz, həm də digər beynəlxalq nəqliyyat layihələrində aktiv iştirak edən əsas tərəfdaşlardan biri kimi çıxış edir.

Bütün bu proseslər göstərir ki, müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan yalnız regional aktor kimi deyil, həm də qlobal siyasi və iqtisadi proseslərə təsir göstərən mühüm tərəfdaş kimi çıxış edir. Dövlətin həyata keçirdiyi siyasət sabitlik, təhlükəsizlik və əməkdaşlıq prinsiplərinə əsaslanır. Bu siyasət həm regionda sülhün möhkəmlənməsinə, həm də beynəlxalq əməkdaşlığın inkişafına xidmət edir. Müasir dövrdə qlobal çağırışların artdığı bir şəraitdə Azərbaycanın təqdim etdiyi təcrübə – münaqişənin həlli, sülhün qurulması, enerji təhlükəsizliyinin təmin edilməsi və beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı – bir çox ölkələr üçün nümunə kimi qiymətləndirilə bilər.

Bu baxımdan Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlər yalnız cari siyasi proseslərin şərhi deyil, həm də gələcək beynəlxalq münasibətlər sisteminin inkişaf istiqamətlərinə dair mühüm strateji baxış kimi dəyərləndirilə bilər. Müasir dünyada sabitliyin qorunması, dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsi və beynəlxalq hüququn prinsiplərinə hörmət edilməsi qlobal təhlükəsizliyin təmin olunmasının əsas şərtlərindən biridir. Azərbaycan da məhz bu prinsiplərə əsaslanaraq regionda və dünyada sülh, əməkdaşlıq və davamlı inkişafın möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Dərya Əhmədova
Şıxbağl kənd tam orta ümumtəhsil məktəbin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki