Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyəti
Prezident cənab İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın son illərdə yalnız siyasi və iqtisadi deyil, eyni zamanda, mənəvi və humanitar müstəvidə də qəbul olunan bir aktora çevrildiyini nümayiş etdirir. Təbii ki, burada Prezident cənab İlham Əliyevin apardığı siyasətin məzmunu, beynəlxalq səviyyədə formalaşmış şəxsi nüfuzu və mürəkkəb proseslərdə sülhə əsaslanan yanaşmasını xüsusilə qeyd etmək lazımdır. Dövlətimizin başçısının bu mükafat kontekstində dəyərləndirilməsi onun rəhbərliyi ilə formalaşan siyasi xəttin beynəlxalq miqyasda məhz bu dəyərlərlə uzlaşdığını göstərir. Azərbaycan mürəkkəb regional şəraitdə belə, qarşıdurmanı dərinləşdirməyən, əksinə məsuliyyətli davranış modeli ortaya qoyan ölkə kimi tanınır. Bu baxımdan Prezident cənab İlham Əliyevin Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Sülh Şurasının Nizamnaməsi”nin imzalanma mərasimində iştirakı və Azərbaycanın Sülh Şurasına qoşulması ölkəmizin irəli sürdüyü sülh gündəliyinin qlobal səviyyədə qəbul olunduğunu mühüm fakt kimi təsdiqləyir.
Ötən il BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyanın Qarabağa rəsmi səfəri və keçirdiyi yüksəksəviyyəli görüşlər ikitərəfli münasibətlərin adi diplomatik çərçivədən çıxaraq daha dərin siyasi məzmun qazandığını göstərdi. Onun Qarabağa səfəri Azərbaycanın postmünaqişə dövründə yaratdığı yeni regional reallıqların beynəlxalq səviyyədə, xüsusilə Ərəb dünyasında qəbul olunduğunu təsdiqləyən mühüm siyasi hadisə idi. Bu kontekstdə Prezident cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri əvvəlki siyasi dialoqun və formalaşmış etimad mühitinin məntiqi davamı kimi çıxış edir. Prezident İlham Əliyevin mükafatlandırma mərasimindəki çıxışı bu təltifin mahiyyətini daha aydın ortaya qoydu. Xüsusilə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, məhdudiyyətlərin aradan qaldırılması, iqtisadi və humanitar əməkdaşlığa başlanması cənab Prezidentin çıxışında sülhün artıq praktik mərhələyə keçdiyini göstərən faktlar kimi səsləndirildi.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc




















