image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img-20260312-wa0095

AZƏRBAYCAN İLƏ AVROPA İTTİFAQI ARASINDA SƏMİMİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR!

image-legitimaz-810x90

AZƏRBAYCAN İLƏ AVROPA İTTİFAQI ARASINDA SƏMİMİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR!

11 mart 2026-cı ildə Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilmiş görüş Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin yeni siyasi və strateji mərhələyə daxil olduğunu nümayiş etdirən mühüm diplomatik hadisə kimi qiymətləndirilə bilər. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi balansın yenidən formalaşdığı, enerji təhlükəsizliyi, regional sabitlik və strateji kommunikasiyaların qlobal siyasətin əsas gündəm istiqamətlərinə çevrildiyi bir dövrdə bu görüş yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Avropa ilə Cənubi Qafqaz arasında formalaşan yeni əməkdaşlıq arxitekturasının siyasi məzmununu və perspektivlərini anlamaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan sözügedən görüşü yalnız protokol xarakterli diplomatik təmas kimi deyil, həm də tərəflər arasında strateji dialoqun növbəti mərhələsi kimi dəyərləndirmək mümkündür. Cənab Prezident İlham Əliyevin görüş zamanı səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər artıq klassik diplomatik əlaqələr çərçivəsindən çıxaraq çoxşaxəli strateji tərəfdaşlıq modelinə transformasiya olunmaqdadır. Bu əməkdaşlığın siyasi fəlsəfəsinin əsasını qarşılıqlı etimad, bərabərhüquqlu tərəfdaşlıq, suverenlik prinsipinə hörmət və beynəlxalq hüququn fundamental normalarına sadiqlik təşkil edir. Azərbaycanın həyata keçirdiyi balanslı və çoxvektorlu xarici siyasət kursu ölkənin həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi qəbul edilməsini təmin etmişdir. Bu isə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin institusional əsaslarının möhkəmlənməsinə və siyasi dialoqun daha sistemli xarakter almasına şərait yaradır.
İqtisadi əməkdaşlıq kontekstində aparılan təhlil göstərir ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalmaqdadır. Azərbaycanın xarici ticarət strukturunda Avropa İttifaqının yüksək paya malik olması tərəflər arasında iqtisadi inteqrasiyanın dərinləşdiyini göstərir. 2026-cı ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən yarısının Avropa İttifaqı ilə bağlı olması tərəflər arasında iqtisadi qarşılıqlı asılılığın formalaşdığını və bu əməkdaşlığın strateji iqtisadi tərəfdaşlıq səviyyəsinə yüksəldiyini nümayiş etdirir. Bu həm də onu göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq yalnız enerji sektoru ilə məhdudlaşmır, ticarət, investisiya əməkdaşlığı, nəqliyyat-logistika əlaqələri və texnoloji tərəfdaşlıq kimi müxtəlif sahələri əhatə edən geniş iqtisadi gündəliyə malikdir. Enerji əməkdaşlığı bu münasibətlərin strateji komponentlərindən biri olaraq qalmaqdadır. Avropada enerji təhlükəsizliyi məsələsinin qlobal geosiyasi proseslərin təsiri ilə daha da aktuallaşması Azərbaycanın bu sahədə rolunu əhəmiyyətli dərəcədə artırmışdır. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi sistemində mühüm aktorlardan biri kimi çıxış edir. Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələr və Avropa bazarlarına təbii qaz ixracının artması Azərbaycanın enerji diplomatiyasının uğurlu nəticələri kimi qiymətləndirilə bilər. Hazırda Avropa İttifaqının bir sıra üzv dövlətləri Azərbaycandan qaz alır və ümumilikdə Azərbaycan qazını idxal edən ölkələrin sayı on altıya çatmışdır. Bu fakt Azərbaycanın enerji təchizatının şaxələndirilməsi siyasətində mühüm tərəfdaş kimi qəbul olunduğunun bariz nümunəsidir. Dövlət başçımızın qeyd etdiyi kimi, yaxın illərdə yeni qaz yataqlarının istismara verilməsi və hasilatın artırılması planlaşdırılır. Bu perspektiv Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığın daha da dərinləşəcəyini göstərir.Eyni zamanda, Azərbaycanın regional diplomatiyası və sülh təşəbbüsləri ölkənin yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də Cənubi Qafqaz və geniş Avrasiya məkanında formalaşan yeni geosiyasi əməkdaşlıq arxitekturasının mühüm elementlərindən biri kimi mövqeyini gücləndirir.
Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən sülh prosesləri, xüsusən də Ermənistanla normallaşma səyləri, regional nəqliyyat və enerji dəhlizlərinin açılması, həmçinin qarşılıqlı iqtisadi inteqrasiyanın təşviqi, Azərbaycanın diplomatik çevikliyini və strateji idarəetmə qabiliyyətini nümayiş etdirir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri təkcə iqtisadi və enerji əməkdaşlığından ibarət deyil, həm də dərin siyasi dialoq, geosiyasi koordinasiya və regionda davamlı sabitliyin təmin olunması baxımından mühüm strateji platforma rolunu oynayır. Bu əməkdaşlıq, cənab Prezident İlham Əliyevin praqmatik siyasəti və milli maraqlara uyğun yönəlmiş strateji qərarları sayəsində, Azərbaycanı həm regional, həm də qlobal səviyyədə etibarlı və balanslı tərəfdaş kimi möhkəmləndirir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədri
Elşən Əzizov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki