XXI əsrin ən şanlı səhifələrindən biri 2020-ci ilin payızında – Vətən müharibəsi günlərində yazıldı. 27 sentyabrda başlanan və 44 gün davam edən bu mübarizə təkcə hərbi əməliyyat deyildi – bu, Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin gücünün və ordumuzun qəhrəmanlığının təntənəsi idi. Bu 44 gün ərzində Azərbaycan dövləti, xalqı və ordusu bir yumruq kimi birləşərək, tarixə qızıl hərflərlə yazılan bir zəfərə imza atdı. Azərbaycan dövlətinin 30 il ərzində apardığı məqsədyönlü siyasət, ordunun gücləndirilməsi, diplomatik səviyyədə apardığı balanslaşdırılmış siyasət Vətən müharibəsində öz bəhrəsini verdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu yüksək peşəkarlıq, nizam-intizam və müasir döyüş bacarığı nümayiş etdirdi. Dövlətin hər bir qurumu, diplomatik korpus, informasiya cəbhəsi və iqtisadi sahə – hamısı vahid məqsədə – torpaqlarımızın azadlığına xidmət etdi.
Azərbaycan xalqı 44 gün ərzində misilsiz birlik və həmrəylik nümayiş etdirdi. Ön cəbhədə döyüşən əsgərlərimizə arxa cəbhədən dəstək olmaq üçün milyonlarla insan könüllü şəkildə yardımlar etdi, qan verdi, dua etdi, bayrağımızı qürurla dalğalandırdı. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri nəzarətə götürüldü. Azərbaycan dövləti, xalqı və ordusu 44 gün ərzində bir yumruq kimi birləşərək dünyaya sübut etdi ki, ədalət, birlik və Vətən sevgisi qarşısında heç bir güc dayana bilməz. Bu zəfər nəsildən-nəslə ötürüləcək, şəhidlərimizin qəhrəmanlığı, əsgərlərimizin şücaəti, xalqımızın iradəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi əbədi yaşayacaq.
Zərdab rayonu Lələağacı kənd sakini Yolçuyeva Elza Yolçu qızı






















