O, təkcə ifaçılıqla deyil, həm də sənətə, insanlara və cəmiyyətə qarşı məsuliyyətini qoruyan bir sənətkardır. Səhnəyə çıxarkən yalnız musiqi gətirmir – həm də mənəvi dəyərləri, xalqın ruhunu və sözün gücünü yaşadır. Onun sadəliyi, dürüstlüyü və sənətə sadiqliyi onu həm Azərbaycan musiqi aləmində, həm də dinləyicilərin qəlbində unudulmaz edir.
Bəs görəsən, uşaqlıqdan musiqiyə könül verən bir insanın sənət dünyasında bu gün ən çox narahat olduğu məsələ nədir? Hansı prinsiplər onun həyatına və yaradıcılığına istiqamət verir? Cavabları birbaşa Asif İsaoğlunun öz dilindən eşidək.
– Uşaq yaşınızda toylarda nağara ifa etməyə başlamısınız — sizcə, bu erkən təcrübə sizin musiqi yolunuza necə istiqamət verdi?
– Sənətə gəlişimin qısa tarixçəsini danışım sizə. Mən əslində nağaradan əvvəl, ilk dəfə qarmon ifa etmişəm. Onu da cəmi bircə gün etdim. Qarmonu əlimə götürən kimi ilk dəfədən bir musiqi ifa etdim, halbuki heç bir dərs almamışdım. Qardaşım qarmon ifaçısıdır, alət onun olduğu üçün əlimdən aldı. Ağlayıb, mən də bir alət istədiyimi dedim. Sonra atam gedib Bərdə rayonunda kamança ifaçısı kimi tanınan, lakin bir çox musiqi alətlərinin ustası olan Bulud kişinin yanına getdi. Allah rəhmət eləsin, Bulud kişi atama pulsuz bir nağara vermişdi ki, nə vaxt toya getsə pulunu verər. Ondan təqribən 3 ay sonra ilk toya getdim. O vaxt mənə 130 manat pul vermişdilər toyda. Çox sevinmişdim, bu, 12 yaşda ilk qazancım idi. Tez gedib nağaranın pulunu ödədim. Sonra ardıcıl toylara getməyə başladım. Amma çox balaca idim, əllərim dözmürdü. Özü də o zamankı toylar iki gün olurdu. İki günə əllərim şişirdi. Sonra atamgil məsləhət gördü ki, qoşanağara ifa edim. Bir müddət qoşanağara ilə davam etdim və nəhayət müğənniliyə başladım. Sözümün canı odur ki, nağara ilə musiqini sevdim, bu sahəyə gəlməkdə ilk motivasiyam nağara oldu.
– “Gözəl afət” kimi bir tacik xalq mahnısını aranjiman edərək məşhur etdiniz. Sizcə, bu xarici element Azərbaycana nə qədər inteqrasiya edilə bilər?
– Doğru vurğuladınız, bunu çox adam bilmir ki, “Gözəl afət” bir tacik mahnısıdır, amma tam olaraq deyil, müəyyən hissələri. Onu tam olduğu kimi Ağadadaş Ağayev ifa edib.
– Müsahibələrinizdən birində efir həyatınız və sənətlə bağlı “Sənət bazara çevrilməməlidir” demisiniz. Bu prinsipinizi konkret nümunələrlə necə izah edə bilərsiniz?
– Elə bu sualınızın içində cavab da var — indi efirlərin böyük əksəriyyətində sənəti olan-olmayan çoxlarını görmək mümkündür, çünki pulu var. Yəni gündəmdə olmaq üçün sənət o qədər də rol oynamır, əsas olan şəxsin reklamı üçün xərclədiyi puldur. Halbuki, heç mən özümü demirəm, o qədər səsi, sənəti gözəl sənətçilər var ki, xalq onları tanımır.
– Arzunuz hüquqşünas olmaq idi. Sənətkar kimi formalaşmağınızda daxili ziddiyyətlər olubmu, musiqi niyə üstün gəldi?
– Doğrusu, mən əvvəllər müğənni olmaq istəməmişəm. Bu heç mənim xarakterimlə də uyğun gəlmirdi. Utanırdım oxumağa. Amma musiqini həmişə sevmişəm. Hüquqşünas olsaydım, yenə də hobbi olaraq musiqi ilə məşğul olardım. Bəlkə toylara getməzdim, amma böyük konsert proqramlarında olardım. Əslində o vaxtkı toylarda ifa etmək üçün sənətkar olmaq lazım idi. Rayon toylarının çətinliyi daha çox iki gün olmağında idi, amma Bakı kəndlərində toylar daha çox məsuliyyət tələb edirdi. Qonaqlar indiki kimi gənclərdən, cavanlardan ibarət olmurdu. Orta yaş, yaşlı nəslin nümayəndələri iştirak edirdilər, özü də mahnı istəkləri çox çətin olurdu. Peşəkar ifa tələb edirdilər. Düzdür, mən müğənni fəaliyyətimə 14-15 yaşlarımdan doğulduğum Bərdə rayonunda başladım, sonra başqa rayonlara da dəvətlər aldım. Qarabağ, Laçın toylarında da çox olmuşam. Yadımdadır ki, hər toya gedəndə Allaha yalvarırdım ki, o toyda həmyaşıdlarım, tay-tuşlarım da olsun, mənə dəstək versinlər. Amma bu çox az hallarda mümkün olurdu. Qaldı ki, hüquqşünas olmaq arzum idi, hətta bu arzum üçün ilk addımlarımı atdım da. SSRİ dövrünün məşhur ali təhsil müəssisələrindən biri olan Daşkənd hüquq məktəbinə qəbul olmaq istədim, bəzi sənəd problemlərim yarandı deyə olmadı. Daha heç arxasınca da getmədim. Geri qayıdıb musiqi ilə — yəni müğənni olaraq davam etdim.
– Bizneslə bağlı cəhdləriniz olub, amma alınmayıb. Sizcə, bu uğursuzluqlar sənətdən uzaqlaşmaq istəyi ilə bağlıdırmı, yoxsa sadəcə başqa bacarıqlarınızın olmaması ilə?
– Bəli. Bəzən biganəlikdən, tamaşaçı zövqünün fərqliliyindən, ümumiyyətlə bu sahədəki haqsızlıqdan incidiyim, yorulduğum, sənətdən getmək istədiyim olub. Tamamilə fərqli sahədə özümü sınamaq istədim. Sonra qısa müddət ticarətlə məşğul oldum, ordan da xeyli miqdarda maliyyə itkisi ilə geri döndüm. Bu da mənə bir daha göstərdi ki, musiqidən başqa bacarığım yoxdur. Amma, etiraf edim ki, bir müddət toylara da getmədim, musiqidən uzaq qaldım. Bir dəfə Bərdədə toyda bir ifaçı mənə dedi: “Niyə oxumursan?”. Dedim, istəmirəm, başqa iş axtarıram, sürücü işi filan. Soruşdu: “Niyə?”. Cavab verdim ki, xoşum gəlmir, utanıram. Açığı, öz səsimi, sənətimi bəyənmirdim, həmişə öz sənətimə tənqidi yanaşırdım. Mən düşünürdüm ki, oxuyan Xan Şuşinski, Hacıbaba Hüseynov kimi olar. O ifaçı mənə bir neçə nümunələr göstərdi və dedi: “Onların hansı oxuya bilir? Amma sənin sənətin var”. Elə onun bu sözlərindən sonra düşündüm, haqq verdim və yenidən sənətə qayıtdım.
– Müsahibələrinizdən birində “at izi it izinə qarışıb” demisiniz; bu ifadə ilə müasir sənət dünyasının ən böyük problemi kimi nəyi nəzərdə tutursunuz?
– Bunun cavabını siz də, hər kəs də bilir. İndi çoxları öz yerində deyil. Sənəti olmayıb gündəmdə olan kim, peşəkar sənəti ilə səhnədən, nəzərdən çox-çox uzaqlarda qalan kim… Allah rəhmət eləsin, şair Qabil yaxşı deyib: “Xaric səslənirik biz, səhv düşəndə yerimiz”. İndi gündəmdə də, efirlərdə də, səhnələrdə də, hətta bir çox toylarda da “yeri səhv düşənlər, xaric səslənənlərdir”.
– Sizcə, bunun günahkarı kimdir?
– Cəmiyyətin özü.
– Məncə də haqlısınız.
Allah rəhmət eləsin, mərhum sənətkar Hacıbaba Hüseynovdan “Şur” dəstgahını öyrənmişdiniz. Hansı ki, buna el arasında kənd üslubu da deyirdilər. Kənd üsulu ilə elmi üsulun fərqləri nələrdir və bu fərq sizi necə formalaşdırdı?
– Mən İncəsənət Universitetində Mədəni-maarif oxumuşam, amma dərsdən sonra Hacıbaba Hüseynovdan fərdi təhsil alırdım. Dərslərinin vaxtını öyrənib, gedib Asəf Zeynallı adına Musiqi Kollecindəki dərslərinə qatılırdım. Bu mənə bu gün ən azından sənətdən danışmaq ixtiyarını verir, başqa da nələrsə deyib özümü tərifləmək istəmirəm. “Elin gözü tərzidir”.
– Səhnəyə çıxmaq bugünkü nəsildə fərqli bir məsuliyyət tələb edir. Sizin üçün ideal səhnə təcrübəsi nə deməkdir?
– Öz sənətini mükəmməl bilmək və özgüvən.
– İki oğlunuz da musiqi ilə məşğul olmayıblar. Uşaqlarınıza musiqinin rolunu necə izah edirsiniz və istəkləri olsa, onları necə istiqamətləndirərdiniz?
– İkisi də ali təhsilli, savadlı, istedadlı uşaqlardır. Amma aldıqları təhsilə görə işləmirlər, yəni mövcud duruma görə bu, heç mümkün görünmür də. Bu səbəbdən musiqi sahəsində olmaqlarını istəyərdim, ən azından toylara gedib dolanışıqlarını təmin edərdilər. Bu gün bunu istedadı olmayanlar da edir, mənim övladlarımın istedadı varsa, niyə də olmasın?! Qətiyyən mane olmazdım.
– Siz vaxtilə haqq üçün meydanlarda olmusunuz. O dövrün ruhu ilə indiki cəmiyyətin durumu arasında hansı əsas fərqi görürsünüz?
– O zamanlar insanlar daha aktiv idilər, nə istədiklərini bilirdilər. Elə bizdən, yəni sənət adamlarından da sənət tələb edirdilər. İndiki kimi onlara “sənət” adı ilə sırınan hər şeyi qəbul edən, sönük cəmiyyət yox idi.
– Haqqı demək bəzən sənətdə də, həyatda da baha başa gəlir. Sizə bu cəsarət hansı hallarda zərər, hansı hallarda xeyir gətirdi?
– Haqqı demək heç vaxt xeyir gətirmir, əksinə, çox qapıları insanın üzünə bağlayır. Bu incəsənətdə də, mətbuatda da, digər sahələrdə də belədir — kiməsə nöqsanlarına görə irad bildirirsən, vəssalam, səndən üzü dönür. Bir dəfə qonaq olduğum verilişlərdən birində “qarmon çalan” ifadəsini işlədən aparıcıya “qarmon ifaçısı” sözünün daha doğru və efir üçün uyğun ifadə olduğunu dedim, məndən möhkəm incidi, bir daha məni dəvət etməyəcəyini dedi.
– “Sənət bazara çevrilməməlidir” deyirsiniz. Bəs bugünkü efirlər və şou proqramlar sizcə xalqı maarifləndirirmi, yoxsa azdırır?
– Birmənalı olaraq azdırır, cəmiyyətin zövqünü və düşüncələrini zədələyir.
– İctimai-siyasi proseslərdə mövqeyiniz açıq olub. Sizcə, sənətkar cəmiyyətdə yalnız oxumalıdır, yoxsa həm də danışmalıdır?
– Fikrimcə, ziyalı təkcə bir neçə universitet bitirənlər deyil, xalqın sənətçiləri, sənətkarları da xalqın ziyalısı sayılır. Məhəmməd Hüseyn Şəhriyar deyib: “Ziyalı xoş gündə xalqın səsidir, dar gündə sərkərdəsi”. Əgər bir ziyalı xalqın problemini dilinə gətirmirsə, onun xalqın adından (xalq artisti, xalq şairi, xalq yazıçısı və sair) istifadə etməyə mənəvi haqqı yoxdur.
– Bir zamanlar meydanlarda olan insanların bir qismi bu gün tam başqa mövqedədir. Siz bu dəyişimi xəyanət kimi qiymətləndirirsiniz, yoxsa zamanın gətirdiyi reallıq kimi?
– Bilirsiniz, Jalə xanım, mənim düşüncəmə görə insanın mövqeyi onun iradəsinin ölçü vahididir. Elə xəyanət də çox zaman iradənin zəifliyindən qaynaqlanır. Yəni, mövqeyi dəyişmək zamanla əlaqəli ola bilməz, iradə ilə əlaqəli davranışdır.
– Əgər gənc müğənnilərə bir nəsihət versəydiniz, onların haqq yolundan çəkilməməsi üçün nə deyərdiniz?
– Mən başqalarına məsləhət verməyi o qədər də öz tərəfimdən doğru hesab etmirəm. Amma madam ki, sual verirsiniz, arzu olaraq hər kəsə “tutduğu yolun xəritəsini” mükəmməl bilməyi arzu edirəm. Öyrənmək və bildiklərini bölüşməyi bacarmaq yüksək mənəviyyatın göstəricisidir.
Asif İsaoğlu ilə söhbət etdikcə görürsən ki, sənət yalnız səhnə işığı və alqış deyil. O, zəhmət, uşaqlıq xatirələri, toylarda qazandığı ilk təcrübələr və illərlə formalaşan fədakarlıqla nəfəs alır. Hər bir ifa onun üçün yalnız mahnı deyil, həyatın özüdür – sevgi, çətinlik, həyəcan və ümidin harmoniyasıdır.
Bu müsahibə göstərir ki, həqiqi sənətkarın yolu heç vaxt düz xətlə getmir. Dağlar və dərələrdən keçir, yorğun anlar olur, amma musiqi ona həm sığınacaq, həm də sərhədsiz azadlıq verir. Oxucu isə bu hekayədən öyrənir ki, uğur və ləyaqət yalnız istedadla ölçülmür – dürüstlük, əzmkarlıq və ürəkdən gələn səmimiyyət də bərabər pay sahibidir.
Asif İsaoğlu həm səhnədə, həm də həyatda bunun canlı nümunəsidir: musiqi onun dili, həyat isə onun musiqisidir.
“DogruXeber.az” üçün hazırladı: Jalə Asiman