Nazim bəy elə bir insandır ki, işini görərkən onu səhnənin arxasında zənn edərsən, amma əslində o, səhnənin tam ortasında dayanır – görünməsə də, hər notda, hər nəfəsdə, hər emosional titrəyişdə onun izi var. Səsi yalnız eşitdirmir, hiss etdirir. Bəzən səssizliyi belə danışdırır, tamaşaçının qəlbinə toxunmağı bacarır.
Bu gün onun doğum günüdür… və mənim üçün bu, sadəcə bir tarix deyil. Çünki söhbət təkcə bir sənətkarın dünyaya gəlişindən yox, illərdir səhnənin ruhunu yaşadan bir insanın varlığından gedir. Hər xatirəsi bir tamaşa qədər təsirli, hər sözü bir səhnə qədər doludur. Və elə buna görə də, onunla söhbətimiz təkcə peşəsi haqqında olmadı. Uşaqlığından tutmuş ən çətin günlərinə, səhnə arxasından səhnənin mərkəzinə qədər uzanan bu müsahibədə biz həm səsin, həm də səssizliyin hekayəsini danışdıq və elə söhbətimizə də bu tarixdən başladıq.
– 15 avqust sizin üçün nə ifadə edir – sadəcə doğum günü, yoxsa daha dərin mənası olan bir tarix?
– 15 Avqust… (bir qədər fikrə gedir və gülümsəyir)
Doğrusu əvvələr əhəmiyyət vermirdim, amma indi artıq fərqindəyəm. Yəqin ki, yaşlanıram ona görə… Amma inanın mən hələ də uşaq ağlımdayam. Düşüncələrimdə heç böyümədim. Ona görə də mənim üçün adi bir gün – yəni, yaşımın dəyişdiyini hiss etmədiyim üçün adi bir gün.
– Uşaqlığınızın Sumqayıtı necə idi? Hələ də o, küçələrin qoxusu, səsləri yadınızdadırmı?
– Uşaqlığımın Sumqayıtı necə idi?!
Ovaxtkı Sumqayıtla bugünkü Sumqayıt çox fərqlidir. Bəli, hamısı yadımdadır, hər küçəsini xatırlayıram. O zamanlar Sumqayıt sadəcə kiçik fəhlə şəhəri idi. Jalə xanım, siz “Həyat bizi sınayır” filminə baxsanız, köhnə Sumqayıt haqqında təəssüratlarınız olar məncə.
Qaldı bu sualın duyğulu tərəfinə, mən ilk sualınızda vurğuladım ki, hələ də özümü o, yaşlarda hiss etdiyim üçün, o, qədər də çox şeyin dəyişmədiyini düşünürəm.
– Hərbi xidmət illəriniz həyatınıza hansı izi qoydu?
Sizi “yetkinləşdirən” hadisə nə oldu?
– Bəli hərbi xidmət mənə bir həyat dərsi, ondan sonrakı yaşamımı bəlirləyən imtahanım oldu. Uzun oldu – hərbi xidmət və cərimə batalyonu. Şərqdən başladı Şimalda qurtardı, O şimal ki, dünyanın sonu olan Maqadan və sonra da Sibir – 60 dərəcə şaxtalı qaranlıq gecələr…
Ona görə qaranlıq ki, orada 6 ay gecə, 6 ay gündüz olur. Qışda da qar təmizləyirsən, yayda da. Bir də şimal ayısına yem olma təhlükəsi. Orada olarkən gözümlə görmüşdüm tikələrə parçalanan insan əti və laxtalanmış insan qanını.
Ağappaq qarın üstündə çox aydın və dəhşətli görünürdü.
– Teatr yoxsa televiziya – hansında daha çox özünüz kimi oldunuz? Niyə?
Məncə televiziya. Düzdür, mən əmək fəaliyyətimə (1981) teatrdan başladım, həmin il də hərbi xidmətə getdim və 1985-ci ildə qayıtdım. Az müddət sonra Azərbaycan televiziyasına (Aztv) işə qəbul oldum. Düz 20 il – 2005 %-ci ilə qədər orada çalışdım. Söz yox ki, AzTV-də çalışdığım müddətdə paralel olaraq bəzi ali qurumların mətbuat xidmətində də qısa fəaliyyətim oldu, amma etiraf etməliyəm ki, Aztv mənim üçün böyük məktəb oldu.
– O, vaxtlar Xankəndində yaşadığınız o, təhlükəli günləri indi necə xatırlayırsınız? Qorxu vardı, yoxsa borc hissi üstün idi?
– Bəli, 1990-cı ilin təqribən may ayında Azərbaycan tərəfindən açıldı o, radio, amma təəssüf ki, ömrü az oldu. Elə ŞuşaTV-nin də ömrü qısa oldu, hansı ki, əvvəl orada çalışmışdım. 1989-cu ildə açıldı 1990-cı ilin yanvar ayının 22-də qanlı yanvar hadisələrini yayımladığın görə bağlandı və biz sovet imperiyası tərəfindən cəzalandırıldıq.
Bəli Jalə xanım, hər şey çox da asan deyildi. Bir türk üçün Ermənilər və Ruslar arasında təhlükə hər an gözlənilən idi. Yeganə ümidim, Fətulla Hüseynovun rəhbərlik etdiyi Azərbaycan xüsusi polis dəstəsinin həmin vaxt Xankəndi vilayət mərkəzində olması idi.
Başda Fətulla Hüseynov olmaqla dünyasını dəyişən həmin Omonçulara Tanrıdan rəhmət, sağ qalanlara isə can sağlığı diləyirəm.
– “Ən çox səsləndirdiyim, amma heç səslənməyən hissim…” – bu cümləni necə tamamlayardınız?
– Niyə gəldik, niyə getdik bu dünyadan?!
Bu Allahın iradəsi idi, yoxsa bəndənin?
Ümumiyyətlə insan daxilində çox suallara cavab axtarır, amma hər zaman da tam ortaq məxrəcə gəlmək olmur.
– Özünüzü ilk dəfə səhnə arxasında yox, səhnənin tam ortasında təsəvvür etdiyiniz an hansı idi?
– Olub elə Anlar…
Əsasən də ən uğurlu tamaşalar vaxtı olub. Məsələn, birini misal olaraq danışım sizə. Bir dəfə elə bir ağır məsuliyyətli tamaşa oynanılırdı ki, orada (səhnədə) cəmi bir aktyorun oyunu var idi, qalan personajlar səhnə arxasından yalnız səs olaraq iştirak edirdilər və o, səslərin tənzimlənməsi, tamaçıya çatdırılması mənim tərəfimdən qüsursuz olmalı idi. Yəni, mən bir azca ləng tərpənib hansısa obrazın səsini gecikdirsəydim, həmin tamaşanın gedişi alt-üst ola bilərdi.
Düşünün!
Səhnədə bir aktyor var, mənim kampyüterimdə isə 5 fərqli obrazların (ayrı-ayrı aktyorların) səsi. Onlar hamısı bir-biri ilə uzlaşmalı idi, yoxsa mizan pozulardı. Bu mənada mən də səhnənin düz ortasındaydım.
– İlk məhəbbətiniz… Səssiz idi, yoxsa gurultulu?
(Gülür…) İlk məhəbbətim cox səssiz idi. Sumqayıtda orta məktəb illərimdə məktəbimizə yeni gələn gənc ingilis dili müəlliməmizi sevirdim. Yaşca məndən cox böyük olsa da mənim ona qarşı hisslərim səmimi idi. Deyəsən özü də bunu hiss etmişdi, ona görə mənimlə digər şagirdlərdən fərqli – pərdəli davranırdı. Çox gözəl müəllimə idi, ruhu şad olsun. Bir neçə il bundan əvvəl onkoloji xəstəlikdən dünyasını dəyişdi.
– Peşəkar uğurlarınız çoxdur, bəs şəxsi həyatınızda hansı “rol” sizi daha çox dəyişdi – ata, dost, yoldaş?
– Dost.
Şəxsi həyatımda insanlar olub ki, həqiqətən onlardan çox şey öyrənmişəm və öyrəndiklərim məni (daha doğrusu bəzi davranışlarımı) nisbətən dəyişdirdi.
Başda siz olmaqla hamısına təşəkkür edirəm. Siz də mənim üçün uğur dostusunuz həqiqətən. Sizi tanıdığım bu bir neçə il ərzində bəzən mübahisəmiz oldu, fikir ayrılıqlarımız oldu, hətta mən etiraf edim ki, sizə qarşı həddən artıq yanlışım da oldu, yersiz ittihamlarım da oldu, amma sizin susmağınız, cavab verməməyin, səbriniz mənə bir insanlıq dərsi oldu. Bax bu ən gözəl dostluğa çevrildi.
Bunun üçün sizə təşəkkür edirəm.
– Nazim bəy, sizcə səssizlik nə vaxt daha çox danışır?
İnsanların biri birinə laqeydliyini görəndə, çox güvəndiyin birindən zərbə alanda, gözləmədiyin anda gözləmədiyin insan tərəfindən xəyanətə uğrayanda…
(Biraz düşüncəli) Bir də görürsən ki, qoruduğun, nə vaxtsa müdafiə etdiyin biri, sənin ona görə qarşına aldığın insanların yanındadır. Bax o, anda həmin insan sənə çooox yad görünür və bu mənzərəni görmək insana çox ağır gəlir.
Beləcə içindəki səssizlik gördüklərinə susmur, danışmağa başlayır… (dərindən köks ötürür və gözü yol çəkir)
– Səhnənin səssizliyi və tamaşaçının nəfəsi… Sizcə bu ikisi arasında gözəgörünməz bir harmoniya varmı?
– Mən buna tamaşanın uğuru deyərdim. Əgər zalda tamaşaçının nəfəsi duyulursa, deməli burda qarşılıqlı təmas var, bəli. Mən belə anlayıram.
– Səs rejissoru olmaq eşidilməyən hissləri eşitdirməkdirmi sizcə?
– Tamamilə razıyam. Bəli, eşidilməyən hissləri tamaşaçıya çatdırmaqdır.
– Bir tamaşanı uğurlu edən nədir: aktyorların oyunu, rejissor baxışı, yoxsa səssiz arxa planın gücü?
– Fikrimcə əsərdən tutmuş aktyor oyununa qədər hər şey. Teatr kollektiv sənətdir, burda hər şey yerində və dəqiq olmalıdır. Uğur – səhnə arxasında olan, görünməyən, amma əməyi keçən hamının zəhməti bahasına qazanılır.
– Ən çox əziyyət çəkdiyiniz, amma son nəticəyə görə fəxr etdiyiniz layihə hansı olub?
– Açığını deyim belə tədbirlər, festivallar çox olub. Amma daha çox quruluşçu rejissor Nofəl Vəliyevin 2016-cı ildə Elçin Hüseynbəylinin eyni adlı əsəri əsasında səhnəyə qoyduğu “Qacaq Qocalar” tamaşası oldu.
– “Qaçaq Qocalar” tamaşasında sizin toxunuşunuz harada hiss olunurdu? Tamaşaçının xəbəri olmasa da…
Həm də Qarabağ əsilli olduğunuz üçün soruşuram bunu.
– Bilirsiz, əslində bundan əvvəlki sualınızda bu haqda biraz başlıq verdim, icazənizlə indi bu tamaşa haqqında biraz danışmaq istəyirəm, Həqiqətən bu tamaşa məni bilmirəm bir azərbaycanlı kimimi deyim, Qarabağlı kimimi deyim, çox təsirləndirdi. Sanki bütün o faciələri işğalları bu tamaşa ilə yenidən yaşadım.
Mən əvvəl elə bilirdim o, tamaşadan, əslən ağdamlı olaraq gördüyüm, yaşadığım – yəni şahidi olduğum o, dəhşətli hadisələri təkrar gördüyüm üçün bu qədər dərindən təsirləndim. Amma sonralar bu tamaşa ilə dəfələrlə qardaş Türkiyənin bir çox şəhərlərində olduq. İlahi, bütün tamaşaçılar necə təsirlənmişdilər. Hətta tamaşaçılar tamaşadan sonra söhbət etmək, duyğularını bölüşmək üçün bizi gözləyirdilər.
Bunu mən həyatımın ən uğurlu hadisəsi hesab edirəm. Və bütün bu yaşananların fonunda düşünürəm ki, o an mənim iç səsim idarə etdiyim – zala ötürdüyüm bütün səslərdən hayqırırdı.
Yeri gəlmişkən, bu tamaşanın ərsəyə gəlməsində başda Azərbaycan Teatr Xadimləri İttifaqının sədri – Xalq artisti Hacı İsmayılov olmaqla, müəllif Elçin Hüseynbəyliyə, qurluşcu rejissor – əməkdar artist Nofəl Vəliyevə, Akyorlar- Məsumə Babayeva, Kərəm Hadızadə, Bəhruz Vaqifoğlu və bütün heyətə dərin təşəkkür edirəm.
– Səhnədə texnologiyanın artması sizi narahat edir, yoxsa, sənət onunla dostlaşa bilər?
– Mən şəxsən yeni səhnə texnologiyasının əleyhinəyəm. Çünki, yeni texnologiya ilə hər şey çox asan olur. Belə olan halda ortaya qoyulan məhsul artıq insan əməyi deyil, robotun əsəri olur. Yəni, insan əməyi dəyərsizləşir.
– Sizcə teatrın gələcəyi “canlı” qalacaqmı, yoxsa monitorların arasında itib-batacaq?
Təbii ki. Düşünürəm ki, teatr canlı oyun deməkdir və hər zaman var olacaq. Gətirilən yeni texnologiya gec-tez bezdirici olacaq, sünilik insanları yoracaq. Teatr canlı və şərtiliyi sevir, ona görə də əvvəl-axır öz keçmişinə qayıdacaq. Teatr əgər sevdiyi Stanslavski sistemdən kənara çıxarsa, artıq o teatr olmur
– Bir gün səsin susduğu teatr olarmı? O zaman tamaşa necə danışar?
– Məncə bəli, ola bilər. O, zaman insan baxışları da danışa bilər. Sadəcə düşünməyimiz yetər.
– Əgər sizin həyatınızı səhnələşdirsəydilər, hansı səslə açılmalıydı ilk pərdə?
(Biraz qayğılı… gözləri yol çəkir. Dərindən köks ötürür və cavab verir) Anamın Layla Səsi ilə…
– Nazim bəy, bu gün ürəyinizdə bir nəfəri “həyatımın ən sevdiyi insan” olaraq qeyd etməli olsaydınız, o kim olardı? – Və niyə məhz o?
– Həyatımda sevdiyim, hörmət etdiyim insanlar var və sözsüz ki, ən çox sevdiyim insan Anamdır. Ananın sevməyin “niyə”si olmur, onu sevmək üçün kifayət qədər əsaslı səbəblərimiz var.
Ümumiyyətlə, etiraf edim ki, mən Anamdan başqa sevdiyim hər kəsdə yanıldım.
Bəli… Nazim bəy deyir ki, həyatdakı ən böyük sevgi ananın sevgisidir — səbəbi yox, sadəcə varlığı ilə hər şeyi izah edən bir məhəbbət…
Biz də bu söhbətin sonunda anlayırıq ki, gerçək sevgi, həqiqi dəyər sadəcə ürəkdən gəlir və insanı heç vaxt tərk etməz.
Belə bir sevgi ilə dolu insanın səsi isə səhnədə, həyatda, qəlblərdə əbədi səslənəcək.
Müsahibəmizi onun bu dərin duyğularilə bitirmək istəyirəm — ananın Layla səsi kimi saf, sonsuz və qəlbləri silkələyən bir səslə.
Sonda isə kollektivimiz adından Nazim Kərimlini təbrik edir, sağlam can və daha uzun yaradıcılıq ömrü arzulayırıq.
Həmsöhbət oldu: Jalə Asiman