Ən son xəbərlər:

05.04.2023/14:18/ İrmaşlıda kəhrizlər bərpa olunur

 İrmaşlıda kəhrizlər bərpa olunur.

xeberaz. info Şəmkir Rayon İcra Hakimiyyətinin məlumatına istinadən bildirir ki, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonda səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyevi və nümayəndəliyin əməkdaşlarını qəbul edib.

İcra başçısı qonaqlara Şəmkirin tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında ətraflı məlumat verib.

Görüş zamanı Şəmkir rayonuna səfəri haqqında məlumat verən Vladimir Qyorqiyev Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi həyata keçirildiyini bilidrib.

Nümayəndə qeyd edib ki, yaxın günlərdə layihə çərçivəsində Şəmkir rayonunun İrmaşlı kəndinin ərazisində yerləşən kəhrizlərdə yeni texnologiyaların tətbiqi ilə bərpa işləri aparılması planlaşdırılır. Kəhrizlərin bərpası layihəsi çərçivəsində görülən işlərdən, qarşıya qoyulan məqsədlərdən söz açan Nümayəndəlik rəhbəri həmçinin qeyd edib ki, layihənin əsas məqsədi kəhrizlər olan ərazidə yaşayanların suvarma suyu ilə təmin edilməsi, ekoloji cəhətdən təmiz və dayanıqlı su təchizatı sistemlərinin bərpası, kəhrizlər və təhlükəsiz içməli suya əlçatanlığın gücləndirilməsidir.

Belə bir əhəmiyyətli layihənin Şəmkir rayonunda həyata keçiriləcəyinə görə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinə minnətdarlığını bildirən icra başçısı bu layihənin gələcəkdə rayonun bütün ərazilərində yerləşən kəhrizləri əhatə etməsi üçün təkliflər irəli sürüb və bu layihənin həyata keçirilməsi üçün hər zaman dəstək olacağını qeyd edib.