Ən son xəbərlər:

11.10.2023/22:20/ Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından üç il ötür

Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından üç il ötür.

xeberaz.info xəbər verir ki, Bu gün Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə  raket hücumuna məruz qalmasından üç il ötür. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkili Pərvin Kərimzadə, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin rektorları, Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi, YAP Gəncə şəhər təşkilatının sədri, SHXÇDX Gəncə şəhər Nizami və Kəpəz rayonları şöbələrinin rəisləri, QMİ-nin Qazılar Şurasının üzvü, Aparatın məsul əməkdaşları, bələdiyyə sədrləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və şəhid ailələri Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazini ziyarət ediblər.

Mərasim iştirakçıları terror zamanı şəhid olan mülki vətəndaşların adlarının əks olunduğu lövhənin, o cümlədən dağılan ərazinin önünə tər çiçəklər düzüb, şəhidlərin ruhuna dərin ehtiramlarını ifadə ediblər. Din xadimi tərəfindən şəhidlərimizin ruhlarına dualar oxunub.

Xatırladaq ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb. Belə ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib. Ermənistan silahlı qüvvələri qədim şəhər olan Gəncədə dinc sakinləri növbəti dəfə hədəf alıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib. Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Gəncənin raket atəşinə tutulması anı Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerası tərəfindən qeydə alınıb.

Qeyd edək ki, Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.