Ən son xəbərlər:

25.04.2023/ 17: 35/ Türkiyə Suriya üzrə Moskvada keçirilən dördtərəfli görüşü konstruktiv adlandırıb

Türkiyə Suriya üzrə Moskvada keçirilən dördtərəfli görüşü konstruktiv adlandırıb.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi Rusiya, İran, Suriya və Türkiyənin hərbi idarə rəhbərlərinin Moskvada keçirilən görüşünü konstruktiv adlandırıb.

“Konstruktiv atmosferdə keçən görüşdən sonra Suriyada və bütövlükdə regionda sabitliyin təmin edilməsi və qorunub saxlanılması üçün dördtərəfli formatda görüşlərin davam etdirilməsinin vacibliyi vurğulanıb”, – məlumatda belə bildirilir.

Danışıqlar zamanı həmçinin Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması, Suriya ərazisində terror və ekstremizmlə mübarizə istiqamətində atılacaq addımlar müzakirə olunub.

Aprelin 25-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada keçirilən danışıqlarda Türkiyə, Suriya və İrandan olan həmkarları ilə qlobal və regional təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə edib.