31 mart hadisələri təkcə keçmişin faciəsi deyil, həm də milli yaddaşın ayrılmaz hissəsidir
31 mart – Azərbaycan tarixində unudulmaz və ağrılı iz buraxmış günlərdən biridir. Bu tarix təkcə keçmişin faciəsini deyil, həm də xalqımızın yaddaşında yaşayan böyük bir həqiqəti əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi, doğma yurdlarından didərgin salınması və milli varlığının hədəfə alınması həmin dövrün ən ağır reallıqlarından biri olmuşdur.
XIX əsrin əvvəllərindən etibarən Cənubi Qafqazda baş verən siyasi proseslər regionun demoqrafik mənzərəsinə ciddi təsir göstərmişdir. Xarici qüvvələrin dəstəyi ilə həyata keçirilən köçürmə siyasəti nəticəsində əhalinin tərkibi süni şəkildə dəyişdirilmiş, bu isə gələcəkdə etnik qarşıdurmalar üçün zəmin yaratmışdır. Azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılması, onların sosial və iqtisadi həyatına ciddi zərbə vurmuşdur. Bu proses təsadüfi deyil, planlı şəkildə həyata keçirilən uzunmüddətli strategiyanın tərkib hissəsi idi.
XX əsrin əvvəllərində vəziyyət daha da gərginləşdi. Xüsusilə 1905–1907-ci illərdə baş verən hadisələr zamanı müxtəlif bölgələrdə qarşıdurmalar artdı, çoxsaylı yaşayış məntəqələri dağıdıldı. Bu hadisələr 1918-ci ildə baş verəcək daha genişmiqyaslı faciələrin bir növ başlanğıcı oldu.
1918-ci ilin mart və aprel aylarında baş verən hadisələr isə tarixə ən qanlı səhifələrdən biri kimi daxil oldu. Bakı şəhərində və ətraf bölgələrdə dinc əhaliyə qarşı kütləvi hücumlar təşkil edildi. Qısa zaman ərzində minlərlə insan yalnız milli və dini mənsubiyyətinə görə həyatını itirdi. Bu qırğınlar təkcə paytaxtla məhdudlaşmadı – Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəran kimi ərazilər də bu faciənin acı nəticələrini yaşadı.
Şamaxıda yüzlərlə kənd yerlə-yeksan edilmiş, dini və tarixi abidələr məhv edilmişdir. Qubada isə sonradan aşkarlanan kütləvi məzarlıqlar həmin hadisələrin miqyasını və qəddarlığını açıq şəkildə sübut etmişdir. Bu faktlar göstərir ki, baş verənlər ani qarşıdurma deyil, əvvəlcədən hazırlanmış və məqsədyönlü şəkildə həyata keçirilmiş bir siyasətin nəticəsi idi.
1918–1920-ci illərdə isə hadisələr daha geniş coğrafiyanı əhatə etdi. İrəvan quberniyasında və Zəngəzur bölgəsində yüzlərlə yaşayış məntəqəsi dağıdıldı, insanlar ya qətlə yetirildi, ya da doğma torpaqlarını tərk etməyə məcbur edildi. Bununla yanaşı, xalqın tarixi və mədəni irsi də məqsədli şəkildə məhv edildi. Bu isə yalnız fiziki yox, həm də mənəvi yaddaşın silinməsinə yönəlmiş bir addım idi.
Bu faciələrə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilməsi isə müstəqillik dövründə mümkün oldu. Heydər Əliyev tərəfindən imzalanmış fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi rəsmiləşdirildi. Bu addım yalnız tarixi həqiqətlərin tanınması deyil, həm də gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.
Bu siyasət bu gün də davam etdirilir. İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılır. Xüsusilə Qubada yaradılmış Soyqırımı Memorial Kompleksi bu faciənin canlı yaddaşı kimi fəaliyyət göstərir və ziyarətçilərə tarixi faktları əyani şəkildə təqdim edir.
Müasir dövrdə əsas vəzifələrdən biri bu hadisələrin dünya miqyasında daha obyektiv şəkildə tanıdılmasıdır. Diaspor təşkilatları, tarixçilər və tədqiqatçılar arxiv sənədlərinə əsaslanaraq bu həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmağa çalışırlar. Tarixin saxtalaşdırılmasına qarşı mübarizə aparmaq və faktlara əsaslanan düzgün informasiya təqdim etmək bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru


















