2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər bu siyasətin ən parlaq təzahürü oldu
Müstəqil Azərbaycanın inkişaf yoluna nəzər saldıqda, ölkəmizin əldə etdiyi uğurların əsas səbəblərindən birinin məqsədyönlü və prinsipial dövlət siyasəti olduğunu aydın görürük. Bu siyasətin memarı, uzaqgörən dövlət başçısı Prezident İlham Əliyev, xalqın rifahı, ölkənin təhlükəsizliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl və qətiyyətli addımlar atmışdır.
Ordu quruculuğu bu siyasətin əsas prioritet istiqamətlərindən biri olmuşdur. Prezident İlham Əliyev hər zaman bəyan etmişdir ki, güclü dövlətin əsas dayağı güclü ordudur. Məhz bu prinsipə əsaslanaraq, son illərdə Azərbaycan Ordusu maddi-texniki təminat, müasir silah-sursatla təchizat, şəxsi heyətin hazırlığı və sosial təminat baxımından misilsiz dərəcədə güclənmişdir.
Uzun illər ərzində Azərbaycan danışıqlar masasında prinsipial mövqe sərgiləmiş, beynəlxalq hüquq çərçivəsində sülhün bərpasına çalışmışdır. Lakin ölkəmiz eyni zamanda başa düşürdü ki, ədalət yalnız güc amili ilə təmin edilə bilər. Bu səbəbdən Prezident İlham Əliyevin rəhbərliyi ilə həm diplomatik, həm də hərbi sahədə paralel və məqsədyönlü strategiya həyata keçirilmişdir.
2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər bu siyasətin ən parlaq təzahürü oldu. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad etdi, dövlətin suverenliyi və xalqın qüruru bərpa olundu. Bu Zəfər illərlə aparılan məqsədyönlü, prinsipial və uzaqgörən siyasətin nəticəsi idi.
Bu gün Azərbaycan təkcə güclü ordusu ilə deyil, həm də siyasi sabitliyi, iqtisadi inkişafı və beynəlxalq nüfuzu ilə regionun aparıcı dövlətinə çevrilib. Bütün bu nailiyyətlərin əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, prinsipial və milli maraqlara söykənən siyasət dayanır.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru






















