image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-2

1918-ci ilin mart hadisələri adi hərbi qarşıdurma deyil, mülki əhaliyə qarşı sistemli şəkildə həyata keçirilmiş soyqırımıdır

image-legitimaz-810x90

1918-ci ilin mart hadisələri adi hərbi qarşıdurma deyil, mülki əhaliyə qarşı sistemli şəkildə həyata keçirilmiş soyqırımıdır

1918-ci ilin mart hadisələri Azərbaycan tarixinin ən faciəli və qanlı səhifələrindən biridir. Bu hadisələr təkcə lokal qarşıdurma deyil, milli və etnik mənsubiyyətə görə dinc əhaliyə qarşı planlı şəkildə həyata keçirilmiş kütləvi qırğınlar kimi tarixə düşmüşdür. Məhz buna görə də mart hadisələri yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi qiymətləndirilməlidir.

1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində baş verən hadisələr siyasi qeyri-sabitlik və hakimiyyət uğrunda mübarizə fonunda baş vermişdir. Lakin bu proseslər qısa müddətdə silahlı toqquşmalardan çıxaraq dinc azərbaycanlı əhaliyə qarşı genişmiqyaslı zorakılıqlara çevrilmişdir. Bakı Soveti və daşnak silahlı dəstələrinin iştirakı ilə həyata keçirilən bu qırğınlarda əsas hədəf məhz azərbaycanlı mülki əhali olmuşdur. Tarixi mənbələr göstərir ki, qətlə yetirilənlərin böyük əksəriyyəti qadınlar, uşaqlar və qocalar idi. Bu fakt hadisələrin hərbi qarşıdurmadan fərqli olaraq, məqsədli şəkildə mülki əhaliyə yönəldiyini sübut edir. Bakı, Şamaxı, Quba, Zəngəzur və digər bölgələrdə minlərlə insan yalnız etnik və dini mənsubiyyətinə görə amansızlıqla öldürülmüş, yaşayış məntəqələri yerlə-yeksan edilmişdir.

Şamaxıda onlarla kəndin məhv edilməsi, Qubada kütləvi məzarlıqların aşkarlanması və digər faktlar bu hadisələrin təsadüfi deyil, əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirildiyini göstərir. BMT-nin 1948-ci il “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına əsasən, hər hansı milli və ya etnik qrupun tam və ya qismən məhv edilməsinə yönəlmiş hərəkətlər soyqırımı hesab olunur. 1918-ci ilin mart hadisələri bu tərifə tam uyğun gəlir, çünki əsas məqsəd azərbaycanlıların fiziki məhvi və onların yaşadıqları ərazilərdən silinməsi olmuşdur. Azərbaycan Respublikasında bu hadisələrə rəsmi siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bu, hadisələrin dövlət səviyyəsində soyqırımı kimi qəbul edildiyini göstərir. Bununla yanaşı, beynəlxalq miqyasda bu hadisələrə hələ də tam hüquqi qiymətin verilməməsi tarixi ədalətin bərpası baxımından mühüm problemlərdən biridir.

Bütün faktlar, şahid ifadələri və tarixi sənədlər sübut edir ki, 1918-ci ilin mart hadisələri adi hərbi qarşıdurma deyil, mülki əhaliyə qarşı sistemli şəkildə həyata keçirilmiş soyqırımıdır. Qətlə yetirilənlərin böyük əksəriyyətinin silahsız insanlar olması, yaşayış məntəqələrinin məqsədli şəkildə dağıdılması və hadisələrin geniş coğrafiyanı əhatə etməsi bunu açıq şəkildə təsdiqləyir. Bu səbəbdən 1918-ci ilin mart hadisələri tarixdə yalnız və yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmalı, beynəlxalq səviyyədə də bu faciəyə obyektiv hüquqi və siyasi qiymət verilməlidir.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki