Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir.
Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi bəyanatı Cənubi Qafqazda geoiqtisadi sistemin yenidən qurulduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər” sözləri layihənin artıq nəzəri deyil, praktik mərhələyə keçdiyini göstərir. Bu həm də regionun gələcək nəqliyyat və iqtisadi dinamikasına yön verən strateji mesaj kimi dəyərləndirilir. Zəngəzur dəhlizi ideyası ilk gündən Azərbaycanın və Türkiyənin ortaq təşəbbüsü kimi formalaşıb. Bu layihə təkcə iki qardaş ölkəni birləşdirən infrastruktur xətti deyil, həm də Türk dünyasının inteqrasiyasını təmin edən real körpü rolunu oynayır. Dəhliz Azərbaycanla Naxçıvan arasında quru əlaqəsini bərpa etməklə yanaşı, Mərkəzi Asiyadan Türkiyəyə, oradan isə Avropaya qədər uzanan çoxşaxəli nəqliyyat marşrutunun strateji hissəsinə çevriləcək. Bu mənada, Zəngəzur dəhlizi XXI əsrin yeni “İpək Yolu” kimi çıxış edir və regionun logistika xəritəsini tamamilə dəyişir. Azərbaycan artıq öz ərazisində bu layihənin texniki və infrastruktur hissəsini sürətlə həyata keçirir. Yol və dəmir yolu xətləri inşa olunur, kommunikasiya infrastrukturu yenilənir, dəmir yolu stansiyaları və logistik mərkəzlər yaradılır. Bu, ölkəmizin sülh və əməkdaşlıq istiqamətində ardıcıl və məsuliyyətli mövqeyinin bariz göstəricisidir. Azərbaycan regionda sabitlik və inteqrasiyanın aparıcı qüvvəsi kimi çıxış edir, sülhü yalnız diplomatik ritorika deyil, konkret layihələr vasitəsilə reallaşdırır. Bununla yanaşı, dəhliz ideyasına müxtəlif dövlətlərin münasibəti fərqli olub. Bəzi regiondankənar güclər bu layihəni öz maraqlarına təhdid kimi qəbul edərək onun qarşısını almağa cəhd göstəriblər. Bu xüsusilə İranın əvvəlki siyasi rəhbərliyi dövründə daha açıq şəkildə hiss edilirdi. Tehran bəzi hallarda bu layihənin “regionun geosiyasi balansını dəyişəcəyi” iddiası ilə çıxış edirdi. Lakin İranın yeni Prezidenti Məsud Pezeşkianın “Zəngəzur məsələsini şişirtməyə ehtiyac yoxdur” bəyanatı bu ritorikanın yumşalması istiqamətində dönüş yaratdı. Pezeşkianın bu mövqeyi, əslində, İran siyasətində daha realist baxışların formalaşdığını göstərdi. Çünki Zəngəzur dəhlizi əslində heç bir ölkəyə qarşı yönəlməyib – əksinə, bütün region üçün yeni iqtisadi fürsətlər açır.Bu layihənin əhəmiyyəti yalnız nəqliyyat və logistika ilə məhdudlaşmır. Zəngəzur dəhlizi Türk Dövlətləri Təşkilatının strateji prioritetlərinə də tam uyğundur. Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışını asanlaşdırmaqla yanaşı, Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzi kimi rolunu daha da möhkəmləndirir. Bakı-Tbilisi-Qars xəttinin, Şimal–Cənub və Transxəzər dəhlizlərinin kəsişdiyi nöqtəyə Zəngəzur istiqamətinin əlavə olunması regionu qlobal nəqliyyat sisteminin əsas həlqəsinə çevirəcək. Bu, həmçinin Avrasiya məkanında ticarət və enerji axınlarının daha balanslı şəkildə yönləndirilməsinə imkan verəcək. Layihəyə qarşı çıxan bəzi dairələr üçün əsas narahatlıq məhz bu geoiqtisadi dəyişikliklərdir. Çünki Zəngəzur dəhlizi Azərbaycan və Türkiyənin regional nüfuzunu artırmaqla yanaşı, Cənubi Qafqazda yeni güc balansı yaradır. Bu reallığı artıq region ölkələri və beynəlxalq tərəfdaşlar da qəbul etməyə başlayıblar. Qazaxıstan, Özbəkistan və digər türk respublikaları bu marşrutun açılmasını strateji prioritet hesab edir, Avropa İttifaqı isə onu enerji və ticarət təhlükəsizliyinin bir elementi kimi dəyərləndirir.
Zərdab Rayon ağsaqqalı-Rasim Hüseynov.
























