Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə müharibənin gələcəyi barədə gizli planları üzə çıxıb.
Xeberaz.info xəbər verir ki, “The Wall Street Journal” (WSJ) nəşrinin jurnalisti Boyan Pançevski Kiyevdəki mənbələrinə istinadən bildirib ki, dövlət başçısı yaxın üç il üçün yeni hərbi əməliyyat planının hazırlanması barədə tapşırıq verib.
Danışıqlara inam yoxdur
Məlumata görə, Zelenskinin bu addımı onun Rusiya ilə aparılan və ya aparılması planlaşdırılan danışıqların effektivliyinə qətiyyən inanmaması ilə bağlıdır. Kiyev rəhbərliyi hesab edir ki, diplomatik yollarla nəticə əldə etmək hazırkı şəraitdə qeyri-mümkündür.
Kiyev uzunmüddətli savaşa hazırlaşır
Jurnalist “Ronzheimer” podkastında qeyd edib ki, 3 illik hərbi planın hazırlanması Ukraynanın müdafiə strategiyasında ciddi dönüş nöqtəsidir. Bu, rəsmi Kiyevin qısa müddətdə sülh əldə olunacağı ilə bağlı optimist proqnozları kənara qoyaraq, uzunmüddətli və tükəndirici bir müharibəyə hazırlaşdığını göstərir.
Ekspertlər bildirirlər ki, Zelenskinin bu mövqeyi Qərb müttəfiqlərindən daha uzunmüddətli və kəsintisiz hərbi yardım tələbi kimi də qiymətləndirilə bilər.


























