Zəfərimiz böyük qətiyyətin, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətin təqdimatı oldu
Cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, postmünaqişə dövründə xalqa hər bir müraciətində bu məqamı xüsusi qeyd edirdi ki, tarixçilər baş verənlər barədə daha yaxşı məlumatlıdırlar. Bu çağırışın özü təbii ki, özlüyündə belə bir tələbi ortaya qoyur ki, yeni tariximiz daha dolğun şəkildə yazılmalı, İkinci Qarabağ müharibəsinə gedən yol düzgün təhlil edilməli, Ermənistanın yeni ərazilər uğrunda müharibə planları daha ətraflı şəkildə beynəlxalq ictimaiyyətə çatdırılmalı, bir sözlə, tarixin saxtalaşdırılmasına yol verilməməlidir. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamları əsasında Zəfər Günü ilə yanaşı, Anım Gününün təsis edilməsi, Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması və sair kimi biri-birindən mühüm addımlar həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynayacaq. Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılır. Zəfərimiz böyük qətiyyətin, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətin təqdimatı oldu.
Daim gündəmdə olan Qərbi Azərbaycana qayıdış məsələsi tarixi Zəfərimizdən sonra günümüzün əsas hədəfinə çevrilib. Dövlət başçısı İlham Əliyev 2022-ci il 24 dekabr tarixində Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu çağırışı etdi ki, bizim işimiz tarix üzərində qurulmalıdır. Hüquqi tərəfə gəldikdə, birlikdə fikirləşməliyik, beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Azərbaycan dövləti burada da kömək göstərəcək. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmağın yolunu göstərəcəklər.
Müzəffər Ali Baş Komandan İlham Əliyev, eyni zamanda, belə bir çağırışı da edir ki, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız Böyük Qayıdış Proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar: “Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir.”
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc























