image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-_fkh2988_89_90_tonemapped

Yeni geoiqtisadi şəraitdə əhalinin su problemi də enerji təhlükəsizliyi qədər strateji sahəyə çevriləcək

image-legitimaz-810x90

Yeni geoiqtisadi şəraitdə əhalinin su problemi də enerji təhlükəsizliyi qədər strateji sahəyə çevriləcək

30 il ərzində hərbi təcavüzlə yanaşı, siyasi və iqtisadi təzyiqlərə məruz qalan Azərbaycan bu gün daxili imkanları hesabına Qarabağda və Şərqi Zəngəzurda bənzəri olmayan bərpa-quruculuq işlərini aparır, eyni zamanda, regionların inkişaf proqramlarını da uğurla həyata keçirir. Ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın iqtisadi və siyasi müstəqilliyi, təəssüf ki, bəzilərini hələ də qıcıqlandırır, bir başqalarını isə açıq-aşkar narahat edir. Ölkəmizə qarşı zaman-zaman aparılan çirkin qarayaxma kampaniyasının əsas səbəblərindən biri də elə bununla bağlıdır. Belələri Azərbaycana təsir etmək, onu hədəflərindən yayındırmaq üçün öz ənənələrinə uyğun olaraq ən iyrənc üsullara əl atır, ölkəmizin siyasi nüfuzunu zədələməyə çalışırlar. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində konkret faktlar əsasında onlara bu mesajı göndərdi: ”ÜDM-ə baxın və Rusiya ilə ticarət dövriyyəsinə baxın. Rusiya-Ukrayna müharibəsi başlayanda Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi təxminən 2 milyard ABŞ dolları idi. İki il sonra isə bu rəqəm 12 milyard dollara çatdı. Bu, artıq hər şeyi açıq şəkildə göstərir. Bu, sanksiyalardan yayınma mexanizmidir-onların dediyi kimi, paralel idxal və ya “boz zona” idxalıdır. Lakin nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası Parlament Assambleyasında heç kim bu barədə bir söz belə demədi, nə Ermənistanı qınadı, nə də ümumiyyətlə, sanksiyalar mövzusuna toxundu. Çünki onlar üçün sanksiyalardan yayınma kanalı olmaq qəbulediləndir. Bizim ÜDM-in artması isə kiməsə sanksiyalardan yayınmağa kömək etdiyimizə görə deyil,-biz bunu etmirik,- o, iqtisadi fəaliyyətimizin real nəticələri hesabına artır”.

Prezidentin faktoloji ismarıcı bir daha sübut edir ki, ölkəmizin işğal dövründə üzləşdiyi ayrı-seçkilik siyasəti və qərəzli yanaşma tarixi Qələbəmizdən beş il sonra da səngimir. Geosiyasi qarşıdurmanın doğurduğu yeni çağırışlar həm də onu göstərir ki, bu proses böyük dövlətlər tərəfindən öz maraqlarına uyğun şəkildə, selektiv qaydada bundan sonra da davam etdiriləcək,  yeni çağırışlardan təzyiq aləti kimi istifadə siyasətindən imtina olunmayacaq.

Yeni geoiqtisadi şəraitdə əhalinin su problemi də enerji təhlükəsizliyi qədər strateji sahəyə çevriləcək. Bu, əksər ölkələrə aiddir və söhbət yalnız içməli su qıtlığının aradan qaldırılmasından getmir. Digər vacib məsələ istifadə olunan suyun hansı mənbələr hesabına formalaşması və bu mənbələrin suveren yurisdiksiyaya aid olub-olmaması ilə bağlıdır. Prezident İlham Əliyevin yanvarın 12-də keçirilən müşavirədə səsləndirdiyi növbəti açıqlama bu baxımdan xüsusi diqqət çəkir: “Su mənbələri hər bir ölkə üçün çox önəmlidir. Bizim su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. Bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır. Yəni başqa ölkələrdən asılılıq ərazilərimizin qaytarılması nəticəsində böyük dərəcədə azalıb. Bizim digər əsas su mənbələrimiz xaricdə formalaşır -Kür çayı, Araz çayı, Samur çayı. Əlbəttə ki, bu sahəyə olan diqqət bu həssas məsələni də nəzərə almalıdır”.

İşğalçı Ermənistanın vaxtilə ölkəmizə qarşı terror aləti kimi istifadə etdiyi “Sərsəng” və “Suqovuşan” su anbarlarının ölkəmizin yurisdiksiyasına qaytarılmasının əhəmiyyəti həm də ondadır ki, işğalçının su terroru imkanına son qoyuldu. Son 20 il ərzində inşa olunan dörd böyük su anbarı, ilk növbədə “Taxtakörpü” və “Şəmkirçay” su anbarları Bakı şəhəri ilə yanaşı, qərb zonasının su təchizatında mühüm rol oynayır. Füzuli, Ağdam və Laçın rayonlarında yenidən qurulan “Köndələnçay”, “Xaçınçay” və “Zabuxçay” su anbarları əhalinin tələbatı üçün yeni imkanlar yaradır. “Həkəriçay” və “Bərgüşadçay” kimi iki böyük su anbarının tikintisi isə bu imkanların daha da genişlənməsinə xidmət edəcək.

 

Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki