Yeni Azərbaycan Partiyasının yaradılması ərəfəsində Azərbaycanda mövcud hakimiyyətin milli maraqlara zidd, yarıtmaz, uğursuz siyasəti və xəyanətkar mövqeyi nəticəsində ölkəmizdə ictimai-siyasi böhran, iqtisadi tənəzzül hökm sürürdü, respublikamız regional və beynəlxalq səviyyədə, demək olar ki, geosiyasi təcrid vəziyyətində idi. Ölkə daxilində siyasi ziddiyyətlərin dərinləşməsi, vətəndaş qarşıdurmasına yol açan gərginliyin artması, Azərbaycana beynəlxalq təzyiqlərin güclənməsi, Ermənistanın ölkəmizə təcavüzünün genişlənməsi torpaqlarımızın işğal edilməsi, digər neqativ hadisə və proseslər Azərbaycanın formal xarakter daşıyan müstəqilliyinin itirilməsi təhlükəsini aktuallaşdırmışdı.
Belə bir şəraitdə yalnız qətiyyətli, təcrübəli siyasi lider uğurlu strateji kurs həyata keçirərək və milli həmrəyliyi təmin edərək Azərbaycanın xilasına nail ola bilərdi. İnam, etibar və etimad ünvanı isə bəlli idi. Azərbaycan xalqı ümidini məhz müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasətçi Heydər Əliyevə bağlamışdı. 1992-ci il oktyabrın 16-da bir qrup Azərbaycan ziyalısının Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etməsi bunun bariz nümunəsi – əyani ifadəsi idi. Ümummilli Lider isə ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”, – deyə Ulu Öndər diqqətə çatdırmışdı. Bu, Ümummilli Lider Heydər Əliyevin növbəti dəfə xalqın və dövlətin gələcəyi, dövlətçiliyimizin xilası naminə siyasi məsuliyyəti öz üzərinə götürməsi, yüksək vətənpərvərlik və milli təəssübkeşlik nümunəsi ortaya qoyması idi.
Beləliklə, Bu gün sıralarında 700 mindən çox yaxın vətəndaşı, cəmiyyətin bütün təbəqələrindən olan fəal, intellektual və vətənpərvər insanları birləşdirən partiyamızın bütün seçkilərdə möhtəşəm qələbə qazanması bu reallığın təsdiqidir.
Prezident, YAP-ın Sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib”.
Öz sıralarında Azərbaycan cəmiyyətinin demək olar ki, bütün təbəqələrindən olan, sağlam düşüncəli və möhkəm əqidəli insanları birləşdirən Yeni Azərbaycan Partiyasının fəaliyyətinin səmərəliliyini təmin edən mühüm strateji amillərdən biri partiyanın mütəmadi olaraq struktur və təşkilati nöqteyi-nəzərdən yenilənməsi, islahatlar çərçivəsində təkmilləşməsidir. Xüsusilə də partiyanın qurultaylarında qəbul edilən qərarlar YAP-ın fəaliyyətində yeni keyfiyyət dəyişikliklərini təmin edən çox mühüm amildir. Xüsusi vurğulamaq gərəkdir ki, cənab İlham Əliyevin 1999-cü ildə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, 2001-ci ildə Sədrin birinci müavini, 2005-ci ildə isə Sədr seçilməsindən sonra partiyanın fəaliyyətində yeni mərhələ başlanmışdır.
Cənab İlham Əliyev xalqın iradəsi əsasında Prezident seçildikdən sonra ölkəmiz və partiyamız yeni tarixi nailiyyətlərə imza atdı və bu proses hazırda uğurla – yüksələn xətt üzrə davam edir. Bunlarla yanaşı, Mehriban xanım Əliyevanın partiyanın 2013-cü ildə keçirilmiş V qurultayında YAP Sədrinin müavini, 2021-ci il mart ayının 5-də baş tutmuş VII qurultayında isə YAP Sədrinin birinci müavini təyin olunması partiya və bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir.
Şübhəsiz ki, Prezident cənab İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan bundan sonra da möhtəşəm zəfərlər qazanacaqdır.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova























