1992-ci ilin 21 noyabrı müasir Azərbaycan siyasi tarixinin dönüş nöqtələrindən biri kimi yadda qalıb. Məhz həmin gün Naxçıvan şəhərində ölkənin ən çətin və taleyüklü dövründə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bu tarixi addım dövlətin gələcək inkişaf modelinin formalaşmasında, siyasi sabitliyin bərqərar olmasında və milli həmrəyliyin təmin edilməsində əvəzsiz rol oynadı. 1990-cı illərin əvvəllərində Azərbaycan ağır siyasi böhran, dərin idarəetmə boşluğu və təhlükəli separatizm meylləri ilə üz-üzə qalmışdı. Dövlətçiliyin taleyi sual altında olduğu bir vaxtda ölkənin tanınmış ziyalıları, ictimai-siyasi xadimləri Azərbaycanı daha böyük fəlakətlərdən xilas etmək üçün bir araya gəldilər. Xalqın etimadına və müdrik liderliyinə güvəndikləri şəxs – Ulu Öndər Heydər Əliyev ətrafında birləşmək tarixi zərurətə çevrildi.
1992-ci il 16 oktyabr tarixində məşhur “91-lər”in Ulu Öndər Heydər Əliyevə ünvanladığı müraciət Azərbaycanın siyasi tarixində xüsusi yer tutur. Bu sənəd yalnız bir qrup ziyalının deyil, bütöv xalqın arzu və istəklərinin ifadəsi idi. Onların cəsarətli addımı dağıdıcı proseslərin qarşısının alınmasına, yeni siyasi liderliyin formalaşmasına və milli həmrəyliyin təmin olunmasına xidmət etdi. Ulu Öndər Heydər Əliyev həmin müraciətə verdiyi cavabda Yeni Azərbaycan Partiyasının yaradılmasını “obyektiv zərurət” kimi dəyərləndirərək bildirdi ki, yeni siyasi təşkilat müstəqil dövlətin möhkəmlənməsində tarixi rol oynaya bilər. Tarixi konfrans Naxçıvanda ölkənin bütün bölgələrindən olan 550 nümayəndənin iştirakı ilə keçirildi. Konfransda Yeni Azərbaycan Partiyasının yaradılması, Nizamnamə və Proqramın təsdiqi barədə qərarlar qəbul edildi və Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bununla da Azərbaycan tarixinə milli dövlətçilik maraqlarını və vətənpərvərlik ideallarını rəhbər tutan güclü siyasi qüvvə daxil oldu. Ulu Öndər Heydər Əliyev rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin aparıcı siyasi təşkilatına çevrildi. YAP cəmiyyətin bütün təbəqələrini dövlətçilik ətrafında səfərbər edən xalq partiyası statusu qazandı. Partiyanın səmərəli fəaliyyəti nəticəsində ölkədə siyasi sabitlik bərqərar olmağa, iqtisadiyyat dirçəlməyə və dövlət idarəçiliyi modernləşməyə başladı.
Dərya Əhmədova – Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru




















