image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-d-ahmadova

Xocalı soyqırımı

image-legitimaz-810x90

Azərbaycan xalqının tarixində dərin və sağalmaz yaralar açmış hadisələrdən biri olan Xocalı soyqırımı təkcə milli yaddaşımızın deyil, bütövlükdə bəşəri vicdanın sınağı kimi qiymətləndirilməlidir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş bu faciə müasir dövrdə mülki əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yadda qalmışdır. Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücumu nəticəsində yüzlərlə günahsız insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, minlərlə ailənin taleyi faciəvi şəkildə dəyişmişdir.

Rəsmi məlumatlara görə, bu soyqırımı nəticəsində 613 nəfər həyatını itirmiş, onların arasında qadınlar, uşaqlar və ahıllar üstünlük təşkil etmişdir. Onlarla ailə tamamilə məhv edilmiş, yüzlərlə insan yaralanmış, minlərlə soydaşımız əsir və girov götürülmüşdür. Bu rəqəmlər sadəcə statistika deyil, hər biri arxasında bir insan taleyi, yarımçıq qalmış ömür və sönmüş ümidlər dayanan ağrılı həqiqətlərdir. Xocalı faciəsi Azərbaycan xalqına qarşı uzun illər aparılan etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri kimi tarixə həkk olunmuşdur.

Ümummilli Lider Heydər Əliyevin bu faciəni bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirməsi hadisənin mahiyyətini tam dolğunluğu ilə ifadə edir. 1994-cü ildə Milli Məclis tərəfindən “Xocalı soyqırımı günü haqqında” qərarın qəbul edilməsi dövlətimizin bu məsələyə hüquqi-siyasi qiymət verməsinin bariz nümunəsidir. Hər il fevralın 26-da saat 17:00-da ölkə üzrə sükut dəqiqəsinin elan olunması isə xalqımızın şəhidlərimizin xatirəsinə göstərdiyi dərin ehtiramın təzahürüdür.

Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər son illərdə daha sistemli xarakter almışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Kampaniya çərçivəsində müxtəlif ölkələrdə keçirilən tədbirlər, konfranslar, sərgilər və informasiya layihələri nəticəsində Xocalı faciəsi haqqında məlumatlılıq xeyli artmışdır. Bu gün artıq bir sıra dövlətlərin parlamentləri və ABŞ-ın bir çox ştatları Xocalı soyqırımını tanıyan qərarlar qəbul etmişdir.

Tarixi ədalətin bərpası istiqamətində ən mühüm dönüş nöqtəsi isə şübhəsiz ki, 2020-ci ildə Müzəffər Azərbaycan Ordusunun qazandığı Zəfər olmuşdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi xalqımızın milli qürurunu bərpa etmiş, şəhidlərimizin qanının yerdə qalmadığını bütün dünyaya göstərmişdir. 2023-cü ildə Xocalı şəhərində Azərbaycan Bayrağının ucaldılması və sonrakı bərpa-quruculuq işləri bu torpaqlarda həyatın yenidən dirçəldiyini nümayiş etdirir. Bu gün Xocalıya ailələrin mərhələli şəkildə qayıdışı, yeni infrastruktur layihələrinin həyata keçirilməsi gələcəyə inamın real təcəssümüdür.

Təhsil ictimaiyyətinin üzərinə düşən ən mühüm vəzifələrdən biri Xocalı həqiqətlərinin gənc nəslə düzgün və dolğun şəkildə çatdırılmasıdır. Məktəblərdə keçirilən anım tədbirləri, açıq dərslər, müzakirələr və vətənpərvərlik yönümlü layihələr yalnız tarixi məlumat vermək məqsədi daşımamalı, eyni zamanda şagirdlərdə milli yaddaş, humanizm və ədalət hissini formalaşdırmalıdır. Unutmaq yeni faciələrə yol açır; xatırlamaq isə milli dirənişin və mənəvi bütövlüyün əsas şərtidir.

Bu gün hər bir azərbaycanlı üçün Xocalı yalnız keçmişin faciəsi deyil, həm də gələcək nəsillərə ötürülməli olan tarixi dərsdir. Biz şəhidlərimizin xatirəsini ehtiramla yad etməklə yanaşı, onların bizə əmanət qoyduğu Vətənə sahib çıxmaq, dövlətimizin güclənməsi və milli həmrəyliyin möhkəmlənməsi naminə səylərimizi davam etdirməliyik. Xocalı həqiqətlərinin dünya miqyasında tanınması istiqamətində aparılan mübarizə isə bundan sonra da ardıcıl və qətiyyətli şəkildə davam etdirilməlidir.

Dərya Əhmədova
Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki