XIII Qlobal Bakı Forumu – Azərbaycanın qlobal dialoq platforması kimi yüksəlişi
Müasir beynəlxalq münasibətlər sistemi son onilliklərin ən mürəkkəb və ziddiyyətli mərhələsini yaşayır. Qlobal güclər arasında artan qütbləşmə, beynəlxalq hüququn selektiv tətbiqi və geosiyasi gərginliklərin artması dünya siyasətini yeni və qeyri-müəyyən bir keçid dövrünə gətirib çıxarıb. Belə bir mürəkkəb şəraitdə beynəlxalq əməkdaşlıq və dialoq platformalarının əhəmiyyəti daha da artır. Məhz bu baxımdan 12 mart 2026-cı il tarixində Bakıda fəaliyyətə başlayan XIII Qlobal Bakı Forumu beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri kimi yadda qalır.
Qlobal Bakı Forumu artıq uzun illərdir ki, dünyanın müxtəlif ölkələrindən olan dövlət və hökumət başçılarını, nüfuzlu siyasətçiləri, beynəlxalq təşkilatların rəhbərlərini, ekspertləri və ictimai xadimləri bir araya gətirən mühüm müzakirə platformasına çevrilib. Forumun əsas üstünlüklərindən biri müxtəlif baxış və mövqelərə malik siyasətçilərin eyni masa arxasında qlobal problemləri müzakirə etməsi və ortaq həll yolları axtarmasıdır. Bu isə forumu qlobal idarəetmənin intellektual mərkəzlərindən birinə çevirir.
XIII Qlobal Bakı Forumunun “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunması təsadüfi deyil. Müasir dövrdə dünya bir çox çağırışlarla üz-üzədir: regional münaqişələr, enerji təhlükəsizliyi məsələləri, qlobal iqtisadi qeyri-sabitlik və beynəlxalq hüququn pozulması kimi problemlər dövlətlər arasında etimadı zəiflədir. Belə bir şəraitdə dialoq və qarşılıqlı anlaşma mexanizmlərinin gücləndirilməsi böyük əhəmiyyət kəsb edir. Bakı Forumu məhz bu məqsədə xidmət edən vacib platformalardan biridir.
Forumun yüksək səviyyədə keçirilməsi Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun göstəricisidir. Son illərdə ölkəmiz müxtəlif qlobal tədbirlərə uğurla ev sahibliyi edir və beynəlxalq əməkdaşlıq üçün etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanın təşəbbüsü ilə keçirilən forum və konfranslar qlobal problemlərin müzakirə olunduğu mühüm məkan kimi qəbul edilir.
XIII Qlobal Bakı Forumunun Prezident İlham Əliyevin himayəsi altında keçirilməsi isə tədbirin siyasi və strateji əhəmiyyətini daha da artırır. Dövlət başçısının forumun açılış mərasimində etdiyi çıxış müasir qlobal proseslərin dərin təhlilini təqdim etməklə yanaşı, mövcud problemlərin həlli yollarına dair mühüm mesajlar verdi. Prezidentin vurğuladığı kimi, dünya nizamının dayanıqlılığı beynəlxalq hüququn bütün dövlətlər üçün bərabər və qərəzsiz tətbiqindən asılıdır. Bu baxımdan Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi beynəlxalq hüququn və tarixi ədalətin təntənəsi kimi qiymətləndirilir. Azərbaycanın bu təcrübəsi göstərir ki, beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqe sonda öz nəticəsini verir. XIII Qlobal Bakı Forumu qlobal problemlərin müzakirəsi və beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm rol oynayan tədbirlərdən biri kimi tarixə düşəcək. Forum bir daha sübut etdi ki, Azərbaycan təkcə regionda deyil, qlobal miqyasda da dialoq və əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

























