Xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişlər.
1980-ci illərin sonlarında Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları edərək, etnik təxribatlar və terror törətməyə başladı. Onlar SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi üçün hərəkətə keçdilər. Nəticədə XX əsrin ən faciəli münaqişələrindən biri başladı. 1987-ci ilin sonlarında Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz tarixi torpaqlarından qəddarlıqla deportasiya prosesi başladı. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb. Onlar erməni zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınmaq məcburiyyətində qalıblar. SSRİ-nin ümumi dövlət strukturu zəiflədikcə bölgədə vəziyyət daha da pisləşirdi. Qarabağda pozuculuq fəaliyyəti ilə məşğul olan, əsasən Ermənistandan göndərilən silahlı qruplar və terrorçular peyda olmuşdu. Ermənistan SSR Ali Sovetinin qərarları Ermənistanın təcavüzkar mahiyyətini açıq-aydın ortaya qoyurdu. Azərbaycana qarşı ərazi iddiaları təkcə millətçi qruplar tərəfindən deyil, həm də Ermənistanın hakimiyyət strukturları tərəfindən irəli sürülürdü. Ermənistan nəyin bahasına olursa-olsun Azərbaycan ərazisinin bir hissəsini zəbt etmək istəyirdi. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının Bakıya yeridilməsi və Qanlı Yanvar faciəsinin törədilməsindən sonra Kreml hakimiyyəti tam nüfuzdan düşdü. Azərbaycanın kommunist rəhbərləri xalqın milli şüurunda baş verən köklü dəyişiklikləri görmədiyi halda, Ümummilli Lider Heydər Əliyev yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü qərəzli siyasətə kəskin etirazını bildirib, sovet ordusunun dinc əhaliyə divan tutmasını qətiyyətlə pisləyib və daha sonra Kommunist Partiyasının üzvlüyündən imtina edib. 1991-ci il sentyabrın 2-də tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikası” elan edildi, dekabrın 10-da isə “referendum” keçirildi. Aydın görünürdü ki, Ermənistan SSRİ-nin dağılması perspektivini nəzərə alaraq, guya özünü münaqişə tərəfi olmadığını göstərmək və bununla da beynəlxalq rəyi çaşdırmaq üçün fəaliyyətini xüsusi plan üzrə reallaşdırmağa çalışır. Hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan işğal etdikləri rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirib. Azərbaycanlılar etnik təmizləməyə və soyqırımına məruz qalıblar. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan azərbaycanlı əhaliyə qarşı Xocalı soyqırımını törədib. Nəticədə 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 nəfər dinc sakin qətlə yetirilib. I Qarabağ müharibəsi nəticəsində aralarında 71 uşaq, 267 qadın, 326 qoca olmaqla, itkin düşmüş 3890 azərbaycanlının, o cümlədən əsir və girov götürüldüyü müəyyən edilmiş 872 nəfərin (2020-ci il dekabrın 1-nə olan məlumata əsasən) sonrakı taleyi məlum deyil. 1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb.
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb şərait hökm sürürdü. Ulu Öndər ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən formalaşdırılması və onların səmərəli fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın bərpası və köklü idarəçilik islahatları həyata keçirilməsi və millətin bir amal – azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsinə başlanıldı. Ulu Öndər siyasi kursunun layiqli davamşısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində və 24 saatlıq antiterror tədbirlərində əldə etdiyi Zəfərlə torpaqlarımızı işğaldan azad etməklə yanaşı, iki əsr ərzində xalqımıza qarşı törədilmiş qətliamların da qısasını aldı.
Şəhla Eminova – Zərdab şəhər sakini, 1 saylı məktəb liseyn direktor müavini