Xalq gördü ki, YAP təkcə sabitliyin qarantı deyil, həm də yenilənməyə açıq, çağdaş idarəçilik modelini tətbiq edən siyasi qüvvədir
Son illər ölkəmizin ictimai-siyasi həyatında baş verən dəyişikliklər, dövlət idarəçiliyində aparılan islahatlar və ölkənin strateji inkişaf kursu cəmiyyətin siyasi seçiminə bilavasitə təsir göstərir. Son seçkilərin nəticələri isə bu reallığın ən parlaq təzahürüdür. Xalqın Yeni Azərbaycan Partiyasına (YAP) göstərdiyi böyük etimad təkcə siyasi rəqabətin yekunu deyil, həm də genişmiqyaslı inamın, sabitliyə və inkişaf strategiyasına sadiqliyin təcəssümüdür.
Seçkilərdə əldə olunan nəticələr göstərdi ki, Azərbaycan cəmiyyəti ölkənin gələcəyini uzunmüddətli inkişaf strategiyası ilə bağlı görür. Bu strategiyanın mərkəzində isə YAP-ın müəyyən etdiyi dövlətçilik xətti dayanır. Vətəndaşlar seçim edərkən yalnız bugünkü reallığa deyil, həm də sabahın inkişaf modelinə, dövlətin güclənməsinə və ictimai rifahın artmasına səs veriblər.
YAP-a verilən güclü ictimai mandat bir daha sübut etdi ki, sabitlik və təhlükəsizliyin qorunması, iqtisadi yüksəlişin davamlılığı və sosial rifahın gücləndirilməsi xalq üçün prioritetdir. Bu kursun müəllifi olan siyasi komandanın seçilməsi isə cəmiyyətin bu hədəflərə inandığını göstərir.
Son seçkilər Azərbaycanda siyasi şüurun daha da yetkinləşdiyini ortaya qoydu. Vətəndaşlar populist çağırışlara deyil, real nəticələrə, konkret proqrama və əməli fəaliyyətə üstünlük verdilər. YAP-ın illər ərzində formalaşdırdığı məsuliyyətli idarəçilik modeli, dövlət maraqlarını hər şeydən üstün tutan siyasəti seçicilərin qərarında həlledici rol oynadı.
Bu, həm də seçicilərin siyasi proseslərə daha obyektiv yanaşdığını, ölkənin milli maraqlarını şəxsi simpatiyalardan üstün tutduğunu göstərən mühüm göstəricidir.
Partiyanın seçkilərdə uğur qazanmasının əsas səbəblərindən biri də onun yenilənmə və modernləşmə xəttidir. Son illər YAP öz daxili strukturunu daha çevik, daha funksional və daha effektiv idarəetmə mexanizmlərinə uyğunlaşdırıb. Gənclərin, ziyalıların, müxtəlif sahələrdə tanınmış mütəxəssislərin partiya sıralarına qoşulması siyasi proseslərə yeni dinamizm gətirib.
Bu dəyişikliklər seçicinin gözündən yayınmayıb və səsvermədə öz əksini tapıb. Xalq gördü ki, YAP təkcə sabitliyin qarantı deyil, həm də yenilənməyə açıq, çağdaş idarəçilik modelini tətbiq edən siyasi qüvvədir.
Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər, bölgələrin inkişafı, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində görülən işlər seçicilərin siyasi seçimində mühüm rol oynayıb.
İnsanlar praktiki nəticələri qiymətləndirir və həyata keçirilən layihələrin ölkəyə real fayda verdiyinin şahidi olurlar. YAP-a göstərilən etimadın təməlində də məhz bu əməli fəaliyyət dayanır.
Son seçkilər bir daha sübut etdi ki, Azərbaycanda xalq və hakimiyyət arasında güclü siyasi həmrəylik mövcuddur. Bu birlik dövlətin xarici təhdidlərə qarşı daha dayanıqlı olmasını, iqtisadi inkişafın daha sürətli və məqsədyönlü həyata keçirilməsini təmin edir.
YAP-ın seçkilərdə qazandığı qələbə yalnız partiyanın deyil, xalqın öz seçimidir — təhlükəsiz, güclü və sabit dövlət modeli naminə verilmiş səsdir.
YAP-a güclü ictimai dəstək Azərbaycanın qarşıdakı illərdə daha da güclənəcəyinə, sosial-iqtisadi islahatların genişlənəcəyinə və milli hədəflərin ardıcıllıqla həyata keçiriləcəyinə dair cəmiyyətin qəti mövqeyini nümayiş etdirir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc




















