Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır.
44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər.
Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi və tarixi torpaqlarımızda üçrəngli bayrağımızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı.
Ordunun böyük qismini təşkil edən Azərbaycan gəncləri xalqın 30 ilə yaxın həsrətində olduğu ən böyük arzusunu reallaşdırdı. Gənclər ön və arxa cəbhədə fədakarlıqlar göstərərək tarixi və əzəli torpaqlarımızın azad olunmasında öz sözünü dedilər.
Həqiqətən də bu illər ərzində vətənpərvərlik ruhunda böyüyüb yetişdirilmiş mətin gənclərimiz bir addım belə geri çəkilməyərək 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərdilər. Əslində gənclərimiz bütün dövrlərdə dövlətə və millətə sahib çıxmış, torpaqlarımız və istiqlalımız uğrunda şəhid olaraq ölkəmizin inkişafına önəmli töhfələr vermişlər. 2020-ci ildə isə bu vətənpərvərlik, qəhrəmanlıq nümunələri özünün ən yüksək həddinə çatdı.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun əsgərlərinin, zabitlərinin, bir sözlə, bütün şəxsi heyətinin qəhrəmanlığı, şücaəti nəticəsində 44 günlük Vətən müharibəsi bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini bir daha nümayiş etdirdi. Ordunun böyük bir qismini təşkil edən gənclərimiz Ali Baş Komandanın rəhbərliyi altında sözün həqiqi mənasında möhtəşəm bir tarix yazdı!
Bu günlərdə Gənclər Gününü qeyd edən Azərbaycan gəncliyinin düşməni diz çökdürməkdə, tarixi ədaləti bərpa etməkdə böyük rolu, xüsusi əməyi oldu. Bir daha ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik.
Gənclər bizim qürur mənbəyimizdir.
Nahidə Əzizli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi

























