Ümumilikdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq gündəliyi olduqca geniş və çoxşaxəlidir
Azərbaycanın əlverişli coğrafi mövqeyi və iqlim şəraiti yaşıl enerji layihələrinin inkişafı üçün geniş imkanlar yaradır. İl ərzində günəşli günlərin çoxluğu və külək enerjisi potensialının yüksək olması bu sahədə investisiya layihələrinin sürətlə reallaşdırılmasına şərait yaradır.
Avropa İttifaqı ilə əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır. Nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələr də tərəfdaşlığın mühüm istiqamətlərindən biridir. Xüsusilə Orta Dəhliz layihəsinin inkişafı Avropa ilə Asiya arasında yeni tranzit imkanlarının formalaşmasına xidmət edir. Bu marşrut qlobal ticarət əlaqələrinin şaxələndirilməsinə, eyni zamanda Azərbaycanın regionun mühüm logistika mərkəzlərindən birinə çevrilməsinə töhfə verir.
Tranzit və ticarət əlaqələrinin genişlənməsi yalnız iqtisadi əməkdaşlığı gücləndirmir, həm də regional sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Bu baxımdan regionda sülhün bərqərar olması xüsusi əhəmiyyət daşıyır. Ermənistanla paraflanmış sülh sazişindən sonra regionda yeni reallıqlar formalaşır və bu proses iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlavə imkanlar yaradır.
Ticarət əlaqələrinin bərpası, tranzit məhdudiyyətlərinin aradan qaldırılması və enerji məhsullarının təchizatının genişləndirilməsi kimi addımlar sülhə real töhfə verən praktiki addımlar kimi qiymətləndirilir. Siyasi iradə və sülhə sadiqlik regionun gələcəyi üçün əsas şərtlərdən biri hesab olunur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər tərəflər siyasi iradə və sülhə sadiqlik nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığının ən yaxşı göstəricisi olacaqdır.
Enerji təhlükəsizliyi, yaşıl enerji layihələri, ticarət və investisiya əlaqələri, nəqliyyat marşrutlarının inkişafı və regional təhlükəsizlik məsələləri bu tərəfdaşlığın əsas istiqamətlərini təşkil edir. Qarşıdakı illərdə yeni investisiya layihələrinin həyata keçirilməsi, enerji və nəqliyyat infrastrukturlarının genişləndirilməsi və siyasi dialoqun davamlılığı Azərbaycan–Avropa İttifaqı münasibətlərinin daha da möhkəmlənəcəyini göstərir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

























