Ulu Öndər Heydər Əliyev Azərbaycanda demokratik cəmiyyətin yaradılması istiqamətində mühüm addımlar atdı
Dahi şəxsiyyətin Azərbaycan dövləti qarşısında xidmətlərindən bəhs edərkən onun müstəqil dövlət kimi beynəlxalq aləmdə yeri və rolunun möhkəmlənməsi istiqamətində gördüyü işləri, böyük səyləri nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasını xüsusi qeyd etməliyik. Ümummilli Liderin hazırda tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atdığı addımlar Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasında mühüm rol oynadı. Bir daha dünyaya sübut edildi ki, Azərbaycan müstəqil dövlətdir, beynəlxalq səviyyədə tanınan ərazilərinin geri qaytarılması, ərazi bütövlüyünün bərpası üçün bütün imkanlardan istifadə edəcək. Ulu Öndər Heydər Əliyev, eyni zamanda, “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır” tezisini önə çəkərək ordu quruculuğu sahəsində önəmli addımlar atdı.
Ulu Öndər Heydər Əliyev Azərbaycanda demokratik cəmiyyətin yaradılması istiqamətində mühüm addımlar atdı. O, mühüm demokratik məzmunlu dəyişiklərin təşəbbüskarı idi. Ümummilli Liderin Fərmanı əsasında mətbuatın üzərindən senzura götürüldü, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Belə ki, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi. 1995-ci il 12 noyabrda ümumxalq səsverməsi yolu ilə qəbul olunan milli Konstitusiyamız dövlətçiliyimizin əsaslarının yaradılmasında əsas rol oynadı.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Ümummilli Lider yeni, müasir Azərbaycanı qurdu. O, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” fikirləri ilə xalqına, dövlətinə bağlılığını ifadə etdi. Onun düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın gələcəyi üçün möhkəm baza formalaşdı ki, son 22 ildə bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan uğurlarının zirvəsində dayanan tarixi Zəfərimizə, suverenliyimizin tam bərpa edilməsinə nail olduq. 30 illik torpaq həsrətinə son qoyuldu, soydaşlarımızın Böyük Qayıdışı sürətlə reallaşır.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru