image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-607a1890cf0500c1b40e8263e6d32c87

Ukraynanın döyüş təcrübəsi – Azərbaycan da izləyir

image-legitimaz-810x90

Hərbi ekspert: “Biz də ondan faydalana bilərik, bir şərtlə…”

“Kiyev artıq öz hərbi qulluqçularını təlim üçün xaricə göndərmir, əksinə, xarici zabit və əsgərləri Ukraynada təlim keçməyə dəvət edir”. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“3,5 il davam edən bu müharibədən sonra biz hərbçilərimizi heç yerə göndərmirik. Əksinə, biz başqa ölkələrin zabitlərini, nümayəndələrini bura təlim keçməyə dəvət edirik”, – o qeyd edib.

Zelenskinin sözlərinə görə, Ukrayna ordusu yüksək texnologiyalı döyüşlərdə, o cümlədən müttəfiqlər üçün faydalı ola biləcək dronlardan istifadədə unikal təcrübə toplayıb. Bundan əvvəl Danimarka və Polşa bu təcrübəni mənimsəmək üçün öz hərbi personalını Ukraynaya göndərmək planlarını açıqlamışdı.

Azərbaycan necə, Ukraynanın hərbi təcrübəsindən faydalana bilərmi? 

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

Rövşən Məhərrəmov 

Hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a deyib ki, Ukrayna hərbçiləri 2022-2025-ci illərdə davam edən döyüşlər nəticəsində yüksək intensivlikli, texnoloji və cəbhəyönümlü təcrübə toplayıb: “Ukrayna 3 ildən artıqdır davam edən böyük miqyaslı müharibə zamanı döyüş meydanında qiymətli, bəzən dönməz dərslər topladı. Bu dərslərin mərkəzində dronların sistemli istifadəsi, sürətli qərarvermə zəncirləri, komanda-idarəetmənin yeni formatları və elektron mübarizə sahəsində əməliyyat təcrübəsi dayanır. Bu baxımdan Zelenski haqlıdır. Kiyev artıq öz əsgərlərini xaricə göndərməklə kifayətlənmir, əksinə, xarici hərbi nümayəndələri Ukraynada təlim almağa dəvət edir. Bu, Ukraynanın döyüş meydanında formalaşmış təlim mərkəzinə çevrildiyini göstərir.

Avropa ölkələrinin reaksiyası təsadüfi deyil. Danimarka və Polşa kimi dövlətlər Ukraynanın dron və antidron taktikalarını öyrənmək üçün şəxsi heyət göndərmək planlarından bəhs edirlər. Bu, Ukraynanın taktiki innovasiyalarının ənənəvi hərbi təlim modellərini dəyişdirməsinin əyani sübutudur. Bu təcrübənin əsas elementləri sürətli döyüş kəşfiyyatı və hədəf təyini, şəbəkələşmiş atəş koordinasiyası və birincili elektron mübarizə tədbirləridir. Ukrayna həmçinin müdafiə tərəfdən dronların necə dayandırılacağı, hava məkanının qorunması və sərhəd insidentlərinə reaksiya üzrə praktik dərslər verir. Bu da yaxın qonşular üçün dərhal tətbiq oluna bilən bilikdir”.

Hərbi ekspertə görə, Azərbaycanın Ukrayna təcrübəsindən faydalanması məqsədəuyğundur: “44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ilk olaraq dronlardan effektiv istifadə etdi. Dron ekosistemini yalnız texnika kimi yox, taktik və əməliyyat “mənzərəsi” kimi öyrənmək lazımdır. PUA-lar yalnız kəşfiyyat aləti deyil, onlar atəş zəncirinin ayrılmaz hissəsinə çevrilib. Buna görə də, dron məlumatlarının artilleriya və qərargahlarla real vaxtda sinxronizasiyası üzrə sınaqlar keçirilməlidir”.

Ekspert həmçinin qeyd edib ki, Ukraynada formalaşmış sürətli qərarvermə mexanizmləri cəbhə komandanlığından bölmələrə qədər yüngül, amma məntiqi səlahiyyət dövrləri göstərir ki, qərarvermə gecikmələri birbaşa itkilərə çevrilir, buna görə də məşq proseslərində kiçik döyüş “hüceyrələri” və sərt vaxt limitli qərar qəbul etmə ssenariləri tətbiq olunmalıdır: “Dronların geniş istifadəsi ilə elektron  mübarizə sistemlərinin əhəmiyyətini bir qədər də artırdı, siqnal pozulmaları, spektral müdafiə və yerli antidron sistemlərinin aktivliyi həyati önəm kəsb edir. Ukraynanın sahə təcrübəsi göstərir ki, effektiv elektron mübarizə strategiyası olmadan dron üstünlüyü tezliklə neytrallaşır”.

O hesab edir ki, ən praktik təlim Ukrayna təcrübəsini yerində müşahidə edən ekspedisiyaların təşkili, həm də ukraynalı instruktorların ölkəmizə dəvət edilməsidir: “1-2 həftəlik qısa sahə kursları, ardınca isə milli əməliyyat standartlarına inteqrasiya praktiki və sürətli effekt verə bilər. Bu, artıq bir sıra Avropa ölkələrinin seçdiyi modeldir. Ukrayna təcrübəsini götürərkən onun tam köçürülməsi isə məntiqsizdir. Çünki hərbi prosedurlar ölkənin coğrafiyası, hüquqi çərçivəsi və strateji siyasəti ilə uyğunlaşdırılmalıdır. Xarici instruktorlarla əməkdaşlıq zamanı kəşfiyyat təhlükəsizliyi, əməliyyat sirləri və qanuni məhdudiyyətlər diqqətlə qorunmalıdır. Həmçinin regional və qlobal siyasi reaksiya gözlənilməli, çünki bəzi addımlar geosiyasi gərginliyi artırmaq riski daşıyır. Ukraynanın döyüş meydanında qazandığı təcrübə həm texniki, həm taktiki, həm də təşkilati baxımdan əhəmiyyətli dərslər verir. Ən qısa və effektiv yol  konkret modullar üzrə yerlərdə təlim və həmçinin ukraynalı instruktorların cəlb olunmasıdır. Lakin bu dərslərin milli şərtlərə adaptasiyası, əməliyyat qaydaları, hüquqi baza və strateji baxışla sinxronizasiya mütləqdir”

E.MƏMMƏDƏLIYEV,
“Yeni Müsavat” 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki