Avropa liderləri yenidən Zelenski ilə bir araya gəldi – ekspertlərin fərqli gözləntisi
Xəbər verildiyi kimi, ABŞ Prezidenti Donald Tramp, Ukrayna lideri Volodimir Zelenskinin iştirakı ilə sentyabrın 4-də Parisdə mühüm görüş keçiriləcəyi gözlənilir. Diplomatik mənbələrin bildirdiyinə görə, Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi edəcəyi toplantıya Almaniya kansleri Fridrix Merts, Böyük Britaniyanın baş naziri Kir Starmer, Niderland lideri Mark Ryutte və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də qatılacaq.
Əldə olunan məlumata görə, Yelisey sarayı bu barədə rəsmi açıqlama verməkdən imtina edib. Məlumatın mənbəyi kimi göstərilən “Financial Times” Böyük Britaniyada nəşr olunan və dünyada ən nüfuzlu maliyyə-iqtisadi, həm də siyasi xəbərlər dərc edən qəzetlərdən biridir. Bu media orqanı Qərb diplomatiyası və beynəlxalq siyasət mövzularında etibarlı mənbə hesab olunur.
Bu arada məlumat yayılıb ki, Rusiya ordusu növbəti genişmiqyaslı payız hücumuna hazırlaşır. Ekspertlərin fikrincə, Moskva komandanlığı əsas səylərini Donetsk vilayətinin qalan hissəsini ələ keçirməyə yönəldib. Bu barədə “RBC-Ukrayna” Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatına istinadla məlumat yayıb.
Zelenski isə bəyan edib ki, Ukrayna qüvvələri Donbasda əhəmiyyətli uğurlar qazanır və Rusiya ordusu üçün “xoşagəlməz sürprizlər” hazırlayır.
Bu sürprizlər nə ola bilər?
Elşən Mustafayev
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev “Yeni Müsavat”a açıqlamasında Ukrayna cəbhəsində vəziyyətin olduqca ağırlaşmasından söz açdı: “Rusiya-Ukrayna müharibəsi gedişatında son günlər baş verənlər, xüsusilə Rusiya tərəfinin verdiyi açıqlamalar onu deməyə əsas verir ki, iki ölkə arasında atəşkəsin əldə olunması, sülh danışıqlarına başlanması gözləntiləri hazırkı durum üçün imkansızdır. Yəni bu o deməkdir ki, Alyaskada keçirilən Putin-Tramp görüşü fiaskoya uğrayıb. Artıq Ağ Ev rəsmiləri də Putinin Trampı aldatdığını, müharibənin davam olunmasında, yeni ərazilərin işğal edilməsində maraqlı olduğunu, o səbəbdən hər hansı sülh danışıqlarına getmək istəmədiyini açıq şəkildə bildirirlər. O səbəbdən bir neçə gündür ki, Avropa İttifaqı liderləri və ABŞ rəsmiləri arasında Rusiyanı dayandıracaq təcili tədbirlərin görülməsi ilə bağlı intensiv danışıqlar gedir. Burada söhbət əsasən Rusiyaya qarşı öldürücü sanksiyalardan və təcili şəkildə Ukraynanın hücum və müdafiə silahları ilə, həmçinin yeni nəsil hava hücumundan müdafiə sistemləri ilə təmin olunmasından gedir. Hesab edirəm ki, Ukraynaya silahların verilməsi əslində aylardır ki, davam edir. Məhz onun nəticəsidir ki, bütün potensialını müharibəyə cəlb etməsinə baxmayaraq Rusiya istədiyini ala bilmir. Eyni zamanda Zelenski yaxın günlərdə Rusiyanın sürpizlərlə qarşılaşacağını deyir. “Financial Times”in ABŞ və Avropa liderlərinin sentyabr ayının 4-də Parisdə görüşəcəkləri barədə məlumatı yuxarıda dediyim intensiv danışıqların tərkib hissəsi kimi qəbul oluna bilər. ABŞ üçün Rusiyaya qarşı planlaşdırılan addımların eynisinin Aİ ölkələri və Böyük Britaniya tərəfindən tətbiq olunması vacibdir. O səbəbdən bu cür planların göz-gözə müzakirə olunub qəbul olunması, həmçinin bu görüşün əks-sədasından Rusiyanın narahat olmaması əsas hədəflərdəndir. Hesab edirəm ki, situasiya hazırda çox gərgin və təhlükəli haldadır. Rusiya təhdidlərlə danışmasına baxmayaraq panik vəziyyətdədir. Dünənə qədər müharibədə ümumi səfərbərlik etməyə ehtiyac olmadığını, həmçinin kənardan gələn hər hansı xarici dövlətin əsgərlərinin döyüşlərdə iştirak etmədiyini israrla deyən rəsmi Kreml artıq dediklərini inkar edən bəyanatlar verməyə başlayıb. Son olaraq, Pekində Şimali Koreya lideri ilə görüşən Putin Kursk vilayəti ərzilərini geri qaytarmaq üçün döyüşən Şimali Koreya əsgərlərinə görə ona təşəkkür etdi. Bilərəkdən və ya bilməyərəkdən Ukrayna ilə döyüşməyə canlı qüvvəsinin yetərli olmamasını etiraf etdi. Ən əsası isə Aİ ölkələrini Ukraynaya əsgər göndərməmələri üçün təhdidlər edən Rusiya özü Şimali Koreyanın müharibəyə cəlb olunmasını açıq şəkildə etiraf etmiş oldu. Hesab edirəm ki, bu faktın etiraf olunması Ukraynaya daha ciddi şəkildə yardımlar olunması üçün qapıları daha geniş açdı. Trampın özünü aldadılmış hesab etməsi, Rusiyaya inanıb yenidən danışıqların davam etdirilməsi fikrini arxa plana atması isə yardımların təcili və intensiv olunmasına gətirib çıxardacaq”.
Səxavət Məmməd
Hərbi ekspert Səxavət Məmmədin fikrincə, Avropanın Ukraynaya konkret dəstəyi olmasa, vəziyyət durmadan Kiyev üçün gərginləşəcək: “Rusiya-Ukrayna müharibəsi daha şiddətli mərhələyə qədəm qoyub. Artıq nə Qərbin, nə də Rusiyanın sanki sürünən müharibə aparmaq niyyəti yoxdur. ABŞ Prezidenti açıq şəkildə bildirdi ki, Ukrayna torpaq istəyirsə, hücum etməlidir. Əslində məntiqli olanı da budur. Azərbaycan da 30 il boş və mənasız danışıqlar apardı, sonda qanla gedəni qanla geri qaytardı. Bu, Ukraynaya da aiddir. Ukrayna əgər öz sərhədlərinə çıxmaq istəyirsə, hücum etməlidir. Məsələ ondadır ki, hücum etmək üçün də güc lazımdır. Ukraynanın buna gücü çatacaq-çatmayacaq, bunu qısa zamanda görəcəyik. Ukrayna ordusu xüsusilə Donetsk istiqamətində hücum əməliyyatları həyata keçirir. Hücumları qismən uğurlu hesab etmək olar. Ancaq bunun davamlı olacağı sual altındadır. Çünki bu hücumlar total yox, yalnız müəyyən istiqamətdə və dar çərçivədə həyata keçirilir. Ukrayna ordusu bir neçə kəndi işğaldan azad edə bilib. Ancaq bunun üçün daha böyük qüvvəyə, daha böyük dəstəyə ehtiyacı var. Rusiya ordusu payız hücumuna hazırlaşır. Payızda hücumlar daha effektiv ola bilər. Bunun əsas səbəblərindən biri dronlarla bağlı olacaq. Havanın dumanlı və yağışlı keçməsi dronların fəaliyyətini çətinləşdirir. Misal üçün, Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı zamanı PUA-lardan istifadə etmək mümkün olmadı. Rusiya payızda genişmiqyaslı hücumlar edərək Donbasın işğalını yekunlaşdırmaq istəyir. Rusiyanın bunu bacaracağı da sual altındadır. Çünki cəbhə xətti həddindən artıq genişdir. Rusiyanın isə məqsədi tam şəkildə aydın deyil. Ukrayna birbaşa cəbhədə deyil, daha çox Rusiyanın dərinliklərində hansısa əməliyyatlar keçirərək ruslara zərbə vurmaq taktikası seçib. Ancaq bu, ruslara zərər versə də, işğal faktını dəyişmir. Ukrayna tərəfini də anlamaq olar. Hücuma keçmək üçün qüvvələr nisbətini dəyişməlidir. Hazırda Ukraynanın insan resursu qüvvələr nisbətini dəyişməyə imkan vermir. ABŞ faktiki olaraq silah ticarəti ilə məşğuldur. Ukrayna yalnız Avropa dövlətlərinin ümidinə qalıb. Açığı, Avropa İttifaqı da demək mümkün deyil. Çünki Avropa İttifaqı ölkələrinin xeyli hissəsi bu müharibədə tərəf olmaq istəmir. Ona görə də, Fransa, İngiltərə və Almaniyanın alacağı qərarlardan çox şey asılı olacaq. Qərar yardımla bağlı yox, konkret dəstəklə bağlı olmalıdır. Əgər bu baş verməsə, sahədə vəziyyəti dəyişmək çox çətin olacaq”.