Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir
Son illər dövlət başçısı İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri davamlı xarakter alıb. Bu isə öz növbəsində ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Prezident İlham Əliyevin oktyabrın 20-də Qazaxıstana reallaşdırdığı dövlət səfəri çərçivəsində keçirilən görüşlərdə münasibətlərimizin dünəninə baxış əsasında perspektivlər açıqlandı. Hər bir səfərin əhəmiyyətini təsdiqləyən mühüm məqamlardan biri ölkələr arasında əlaqələrin inkişafında hüquqi baza olan sənədlərin imzalanmasıdır. Sözügedən səfər zamanı imzalanan çoxsaylı sənədlər əlaqələrin gələcək inkişafına böyük stimul olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirildi. Cənab İlham Əliyev çıxışında qeyd etdi ki, torpaqlarımız uzun illər ərzində işğal altında olanda Qazaxıstan həm ikitərəfli formatda, həm imzalanmış sənədlər, həm də Qazaxıstanın beynəlxalq təşkilatlarda mövqeyi çərçivəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini ifadə edib. Biz həmişə bu dəstəyi hiss etmişik. Bu gün Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayır. Sonuncu hərbi toqquşmalardan ötən cəmi iki ildən az bir müddətdə sülh sazişinin paraflanması ondan xəbər verir ki, hər iki ölkə kifayət qədər yüksək siyasi iradə nümayiş etdirib. Əlbəttə, ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında rolu ən yüksək qiymətə layiqdir. Avqustun 8-də Vaşinqtonda keçirilən Sammit mahiyyətcə çoxillik münaqişəyə son qoydu, inkişaf, o cümlədən geniş regional kontekstdə – Avrasiya qitəsində tərəqqi üçün böyük perspektivlər açır.
Onu da qeyd edək ki, Azərbaycan ilə Qazaxıstan arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.
Bu günədək Azərbaycanla Qazaxıstan arasında 170 sənəd imzalanıb. Siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Artıq 20 ildir ki, Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə mövcuddur. Bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub və ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.
Müntəzəm təmaslar gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir. Cənab İlham Əliyev onu da vurğuladı ki, Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır.
Göründüyü kimi, səfər ölkələrimiz arasında qarşılıqlı münasibətlərin, əməkdaşlığın inkişaf etdirilməsinin uğurlu davamı üçün çox böyük əhəmiyyət kəsb edir. Hər iki tərəf əməkdaşlığı konkret məzmunla, razılaşmalarla zənginləşdirmək üçün səylərini daha da artırır.
Gülnaz Məmmədova – Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin məsul işçisi

























