Müasir dövrdə uşaqlar və gənclər, demək olar ki, texnologiya ilə sıx ünsiyyət şəraitində böyüyürlər. Onlar informasiyanı qəbul edir, sosial şəbəkələrdə əlaqələr qurur, onlayn təhsil platformalarında biliklər əldə edir və gündəlik həyatlarında rəqəmsal alətlərdən geniş yararlanırlar. Bu səbəbdən, onlara rəqəmsal savadlılıq bacarıqlarının öyrədilməsi təkcə təhsilin deyil, həm də təhlükəsizliyin təmin olunması baxımından son dərəcə vacibdir.İlk növbədə, uşaqlara İnternetdəki faydalı və ziyanlı məzmunları müəyyən etməyi, tanımadıqları insanlarla şəxsi məlumatları paylaşmamağı və onlayn davranış qaydalarına əməl etməyi öyrətmək lazımdır. Məsələn, kiberzorakılıq halları ilə bağlı yeniyetmələr tez-tez psixoloji gərginlik hallarını yaşaya bilərlər. Belə halların qarşısının alınması üçün onların daxili güvəni artırılmalıdır və müdafiə mexanizmləri gücləndirilməlidir.Gənclər bilməlidirlər ki, ad, soyad, yaş, məktəb, şəkillər və s. kimi şəxsi məlumatların kimə və necə təqdim edilməsi təhlükəli ola bilər. Onlara “Paylaşdığın hər bir şey iz qoyur” prinsipi, informasiya təhlükəsizliyi öyrədilməlidir. Bu, onların şəxsi həyatlarını və gələcək karyeralarını da qoruyacaq.
Azərbaycanda texnologiya ilə ayaqlaşan, yeni cihazları və proqramları sürətlə mənimsəyən, internetdə aktiv olan, əsasən, orta və gənc nəsildən ibarət olan böyük bir əhali təbəqəsi mövcuddur. Onlar üçün rəqəmsal dünya artıq həyat tərzinin ayrılmaz bir parçasıdır. Sosial şəbəkələrdə ünsiyyət qurmaq, onlayn alış-veriş etmək, müxtəlif rəqəmsal xidmətlərdən istifadə etmək onlar üçün adi bir haldır. Əhalinin texnoloji cəhətədən fəal təbəqəsi smartfonlardan təkcə ünsiyyət üçün yox, həm də sənəd göndərmək, ödəniş etmək, xidmət sifariş vermək üçün istifadə edirlər. Bu, böyük irəliləyişdir.Yəni rəqəmsal texnologiyaların inkişaf etdirilməsi nə qədər vacibdirsə, cəmiyyətin bu texnologiyalardan təhlükəsiz, şüurlu və bacarıqlı istifadə etməsi bir o qədər zəruridir. Burada dövlətin əsas məqsədi yalnız internet və avadanlıqları əhaliyə təqdim etmək yox, o texnologiyanı dərk edən və ona uyğunlaşa bilən vətəndaş modeli yaratmaqdır.
Ümumiyyətlə, rəqəmsal savadlılıq məsələsi Azərbaycanda, sadəcə, “tədris proqramı” səviyyəsində deyil – artıq bir ictimai hərəkat səviyyəsinə qalxıb. Dövlət qurumları, gənclər təşkilatları, könüllülər və media əl-ələ verərək bu işə öz töhfələrini verirlər. Bu da onu göstərir ki, biz təhlükəsiz və rəqəbətədavamlı texnoloji cəmiyyət quruculuğu yolundayıq.
Zərdab rayon Əlibəyli kənd sakini, gənc fəal Şükürlü Daşqın




















